Britaniyalı nazir Əli İnsanova məktubunda nə yazıb?

Keçmiş nazirin işi Avropa Şurası Nazirlər Komitəsinin nəzarətindədir

Hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyk Azərbaycanın keçmiş səhiyyə naziri Əli Insanova məktub göndərib. Bu barədə “Azadlıq”a Əli Insanovun vəkili Toğrul Babayev məlumat verib.
Britaniyalı nazirin məktubunda bildirilir ki, Avropa Məhkəməsinin bu ilin martında Əli Insanov haqda çıxardığı qərar nəzarətə götürülüb. Qərar tam icra olunana qədər Nazirlər Komitəsi onu diqqətdə saxlayacaq.
Xatırladaq ki, Avropa Məhkəməsi bu il martın 14-də Əli Insanovun işi üzrə qərar qəbul edib. Avropa Məhkəməsi bu qərarla sabiq nazirin Avropa Konvensiyasıyla təminat verilən ədalətli məhkəmə araşdırması, işgəncəyə məruz qalmamaq kimi hüquqlarının pozulduğunu təsdiqləyib, buna görə Azərbaycan hökumətini cərimələyib. Sözügedən qərar iyunun 14-də qüvvəyə minib. Amma hələ də Azərbaycan hökuməti qərarı icra etmir. Bu səbəbdən də Əli Insanov Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə müraciət etmişdi.
Əli Insanov həmçinin Avropa Məhkəməsinin qərarını qəsdən icra etmədiyinə görə Ali Məhkəmənin sədri Ramiz Rzayevi, Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu və Ədliyyə Nazirliyini məhkəməyə verib.ÿArtıq bu iş üzrə məhkəmənin vaxtı bəlli olub. Vəkilin sözlərinə görə, Əli Insanovun şikayətinə oktyabrın 17-də Bakı 1 saylı Inzibati-Iqtisadi Məhkəməsində baxılacaq.
Xatırladaq ki, Əli Insanov 2005-ci ilin oktyabrında dövlət çevrilişi ittihamıyla həbs edilsə də, sonradan ona qarşı vəzifə cinayətlərilə bağlı ittiham irəli sürülüb və 11 il azadlıqdan məhrum edilib.

Aytən