Ziyafət Əsgərovdan təxribatçı bəyanat

Hakimiyyət Qarabağı 1 həftəyə azad edə bilərsə, 20 il nəyi gözləyib?

Nurəddin Məmmədli: «Bu açıqlama hakimiyyətin nə qədər çirkaba batdığını və xalqa xəyanət etdiyini göstərir»

Publika.Az saytının yazdığına görə, Milli Məclisin sədr müavini, parlamentin təhlükəsizlik daimi komitəsinin sədri Ziyafət Əsgərov yerli mediaya açıqlamasında Qarabağı geri qaytarmağın mümükünlüyündən danışıb. Bəli, Ziyafət Əsgərov bildirib ki, müharibə başlasa, Azərbaycan öz torpaqlarını maksimum 1 həftəyə azad edər.

Ziyafət Əsgərovun bu açıqlamasında həm hakimiyyətin ifşası, həm də xalqa qarşı hörmətsizlik var.

Ziyafət Əsgərov etiraf edir ki, siyasi iradə olsa, hakimiyyətin Qarabağı qaytarmağa istəyi olsa, “Lazım” dərhal gələ bilər və torpaqlarımız azad edilər. Digər tərəfdən, bu onun etirafıdır ki, milyonlarla yurd-yuvasından didərgin düşmüş əhalinin həsrətinə son qoymaq, öz torpağına qovuşmaq istəyən insanları arzusuna çatdırmaq 1 həftəlik işdir. 

Bu həm də onun etirafıdır ki, müharibəsiz Qarabağı almaq mümkün deyil, sülh danışıqları “filfilo” söhbətdir. Hakimiyyət 20 illik əsarəti 1 həftəyə qurban verib.

Görünür, seçki hakimiyyəti elə vəziyyətə salıb ki, xalqa hansı mesaj verəcəyini, nəyi vəd edəcəyini bilmir.

Görəsən, Ziyafət Əsgərovu Qarabağı almağa nə məcbur edib?

AXCP Sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, Ziyafət Əsgərovun bu açıqlaması Azərbaycan hakimiyyətinin xalqa xəyanətidir və 20 illik antixalq siyasətinin etirafıdır: “Azərbaycan xalqının bu rejimə və Ilham Əliyevə münasibəti çox pisdir. Buna görə də hakimiyyət əcaib açıqlamalar verməklə özünə imic qazanmaq istəyir. Ancaq bu açıqlama hakimiyyətin nə qədər çirkab içində olduğunu göstərir və xalqa bundan böyük xəyanət yoxdur. Əgər Ziyafət Əsgərovun dedikləri həqiqətdirsə, belə çıxır ki, 20 il ərzində Azərbaycana dəyən 10 milyardlarla maddi və mənəvi zərərin qarşısın almaq mümkün imiş və bunu etməməklə hakimiyyət ən böyük dövlət cinayətinə yol verir.  Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməyə haqqı var və buna qarşı heç bir ölkə ciddi arqument qoya bilməz. Hesab edirəm ki, torpaqlarımızın işğal altında qalması hakimiyyətin ömrünün uzadılması üçün ciddi faktordu və buna görə də hakimiyyət Qarabağı azad etməkdə maraqlı deyil”.

Ilham Hüseyn