Rusiyanın Suriyadakı səfirliyində partlayış

Minanın suriyalı üsyançılar tərəfindən atıldığı, üç səfirlik əməkdaşının yaralandığı  bildirilir

 

Dünən Rusiyanın Suriyadakı səfirliyinin ərazisinə mina atılıb. “ITAR-TASS”ın xəbərinə görə, partlayış nəticəsində səfirliyin üç əməkdaşı xəsarət alıb. Maraqlıdır ki, hadisənin baş verdiyi ilk saatlarda Rusiya tərəfi partlayışda xəsarət alanların olması ilə bağlı xəbəri təkidlə təkzib edirdi.

Sonradan Rusiya Xarici Işlər Nazirliyi rəsmi açıqlama yayaraq bildirdi ki, sentyabrın 22-də Dəməşqin Mezze qəsəbəsində döyüşçülərlə atışma zamanı minalardan biri səfirlik ərazisinə düşüb. Nəticədə üç səfirlik əməkdaşı həyati təhlükə yaratmayan xəsarətlər alıb. Hazırda fakt üzrə təhqiqat başladılıb, səfirlik ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib: “Suriya hökuməti ilə birgə bütün lazımi təhlükəsizlik tədbirləri görülür”.

Londonda yerləşən Suriya Insan Haqlarını Müşahidə Şurası isə bildirir ki, minanı atan Suriyadakı üsyançılar olub. 

Dünən Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı Suriya hökumətindən kimyəvi silahla bağlı bütün məlumatları aldığını təsdiqləyib. Hazırda qurumun texniki katibliyi həmin materialları araşdırmaqla və tərcümə ilə məşğuldur.  

Suriya Milli Koalisiyasının lideri Əhməd Carba isə sentyabrın 19-da BMT Təhlükəsizlik Şurasına yazdığı məktubda ABŞ və Rusiyanın dəstək verdiyi Cenevrə konfransına iştirak edəcəklərini bildirib(anspress). Ə.Carba, bunun üçün Rusiya ilə ABŞ qarşısında müəyyən tələblər irəli sürüb. O, bilidirb ki, Suriya böhranının həllinə yol tapmaq məqsədi ilə təşkil edilən konfransa orada Suriyada keçid hökumətinin qurulması üçün təkliflər səsləndiriləcəyi təqdirdə qatılacaqlar.

BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə ABŞ-dakı Suriya icmasının nümayəndələri ilə görüşüb. Görüş Suriya tərəfinin təklifi ilə baş tutub. Suriyalı nümayəndələr Türkiyənin Suriya münaqişəsi başlayandan bəri nümayiş etdirdiyi mövqeyə və Suriya xalqına verdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Əhməd Davudoğlu qonşu Suriya xalqının böyük iztirablara məruz qaldığı bir vaxtda bunlara laqeyd qala bilmədiklərini, başqa mövqe tutmağın qeyri-mümkün olduğunu bildirib və istənilən halda Türkiyənin Suriya xalqının yanında olacağını vurğulayıb.

Görüş zamanı Suriya icmasının nümayəndələri ABŞ rəhbərliyini və Konqresini Suriyadakı vəziyyətlə bağlı məlumatlandırmaq üçün gördükləri işlər barədə türkiyəli nazirə məlumat veriblər.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriyadakı olaylarla bağlı topladıqları faktlar göstərir ki, kimyəvi silahdan məhz bu ölkədəki üsyançəlar istifadə edib. Onun sözlərinə görə, Israil kəşfiyyatı üsyançıların ən azı, iki dəfə kimyəvi silah ehtiyatları olan ərazidə məskunlaşdəqlarını müəyyən edib: “Bizim qitmətləndirmələrimizə görə, Israil tərəfinin bu iddialarının həqiqətə uygunluq ehtimalı yüksəkdir. Üsyançıları maliyyələşdirən qüvvələr onlardan Konvensiya ilə qadağan olunan bu zərərli silahları təhvil verməyi tələb etməlidirlər”. 

Lavrov onu da bildirib ki, bu məsələdə Suriya rejiminin gunahkar olmadığını etiraf edən ən müxtəlif qruplar var – məlum əraziyə yaxın kilsənin rahibləri, üsyançılarla söhbət edən jurnalistlər, Mərkəzi Kəşfiyyat Idarəsinin və Pentaqonun veteranları: “Məhz buna görə də, mən ekspertlərin kimyəvi silahdan konkret kimin istifadə etdiyini göstərməyən hesabatının dərhal amerikalılar, fransızlar və digər ölkələrin nümayəndələri tərəfindən Suriya rejiminin günahının sübutu kimi ələ keçiriməsinə təəccüb etmədim. Bu peşəkar yox, siyasi və ideoloji yanaşmadır.

Gültəkin