Nadana kitab anlatmaq…

XIX əsrdə yaşamış ingilis filosofu Con Stüart Millin məşhur “Azadlıq haqqında” əsərində belə bir ifadə var: “Əgər bütün insanlar eyni, yalnız biri fərqli düşüncədə isə, fərqli düşüncəli o şəxsin başqalarını susdurmaq haqqı olmadığı kimi, bütün insanların da o şəxsi susdurmaq haqqı yoxdur”.

Mill bir düşüncəyə qarşı olmağın mümkün, amma o düşüncəni yox etmək cəhdlərinin çox zərərli olduğunu qeyd edirdi. Belə düşüncələri yox edərək, bir gün bütün “doğrular”ı yox etmiş olmuruqmu? Ingilis alimi buna nümunə olaraq, Nyutonun kəşfləri ilə özündən öncə isbat olunmuş fizika qanunlarını necə alt-üst etdiyini misal gətirir. Amma məsələ onunla da bitmir axı. Hər kəs bilir ki, üç yüz il sonra da Eynşteyn öz kəşfləri ilə Nyutonun həmin “mütləq doğru”larını yanıltmışdır. Bu günün özündə də Eynşteynin “doğruları” keçərli sayılır.

Bilirəm, deyəcəksiniz, Azərbaycan kimi ölkələrdə fəlsəfə xırdalamaq işə yaramır. Haqsız sayılmazsınız. Bir yerdə ki, alimlə nadanı bir masada oturdub, o nadanı alimin üzünə durdurur, alimə onun hədyanlarını dinləmək, hətta ona cavab vermək işgəncəsi yaşadırlar, fəlsəfənin bir şeyə yaradığı yox demək ki…

Şübhəsiz, nadana söz anlatmaq dəvəyə xəndək atlatmaq qədər  çətin məsələdir. Çünki nadanın içi üfürülmüş şar kimi boşdur, ağzından da boş sözdən başqa bir şey çıxmaz. Beyni qarşısındakının doğru kəlməsini qəbul etməyəcək qədər boşdur və yalnız mənfəəti olan sözün alıcısıdır. Bir nadan öz mənfəəti üçün tərəfkeşlikdən tutmuş böhtana, qaralamaya, yalana, riyakarlığa kimi hər şeyə hazırdır.

Bu gün belə bir nadanlıqla üz-üzə qalmış dəyərli alimimiz Cəmil Həsənli haqqında sadəcə üç-dörd kəlmə demək istəyirəm. Cəmil Həsənli mənim universitet müəllimim olub. Belə böyük bir alimdən dərs almaq, onun qarşısında imtahan vermək həyatın böyük şansından başqa bir şey sayılmaz. O, bizə yalnız kitab anlatmayıb ki… O, bizə əsl müəllim və ləyaqətli insan obrazını tanıdan bir ideal olub. Ömrü yazı-pozu arasında keçmiş, minlərlə tələbəyə dərs öyrətmiş alim kimi, o hər kəsdən yaxşı bilir ki, kitab anlatmaqla insan insan olmaz… Bu həqiqəti aşağıdakı hekayətdən çıxan ibrətamiz nəticə də ortaya qoyur…

Cahilin biri bir alimin qapısını çalmış və ona:

“Mənə kitabı anladarmısınız?” – demiş.

“Kitabımı?” – demiş alim, – “mən ömrümü kitab oxumağa həsr etdim, ona rəğmən hələ bildiklərim bir heçkən sənə bütün qanunları və bunların aralarındakı anlamları necə anlada bilərəm ki?”

Ancaq cahil adam israr etmiş və bunu görən alim onu sınamaq istəmiş:

“O zaman indi məni yaxşı-yaxşı dinlə. Düşün ki, bir evə bacadan iki kişi girdi, birinin üzü qapqara, o birinin üzü tərtəmiz. Bunların hansı üzünü yuyar?”

“Bundan asan nə var?” – demiş adam, “təbii ki, kirli olan!”

Alim gülmüş: “Düşünsənə, kirli üzlü adam o birinin üzünə baxacaq və təmiz üzü görəcək. Beləcə, öz üzünün təmiz olduğunu sanacaq. Təmiz üzlü adam da o birinin üzündəki kiri görüb öz üzünü də kirli sanacaq və üzünü yuyacaq”.

Adam bir az düşünmüş, sonra: “Sizə necə təşəkkür edə bilərəm? Sanıram, sonunda kitabı anladım.”

“Aahh, ah… Daha çooox uzun bir yolun var” – demiş alim üzüntü ilə – “Eyni bacadan sürünərək enən iki adamdan birinin üzünün tərtəmiz, o birinin kirli ola biləcəyinə necə inana bilirsən ki?..”