“İlham Əliyevdən soruşdum ki…”

Elmar Brok: “Azərbaycan demokratlarına möhkəmlik və nikbinlik arzu edirəm”

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Brok qətnamənin əsassız olması və bütün Avropanın rəyini əks etdirməməsi ilə bağlı rəsmi Bakının tənqidini rədd edib. Ötən şənbə günü Brüsseldə “Şərq tərəfdaşlığı”  ölkələrindən olan bir qrup jurnalist ilə görüş zamanı Turan-ın müxbiri Azərbaycanda insan hüquqlarının və demokratiyanın pozulması ilə bağlı Avropa Parlamentinin tənqidi qətnamələrinin Azərbaycanın sevməyən kiçik deputat qrupu tərəfindən  qəbul olunması və onların rəyinin bütün Avropanın mövqeyini əks etdirməməsi ilə bağlı Bakının fikirlərini şərh etməyi  Brokdan xahiş edib. “Avropa Parlamentinin qətnamələri və bəyanatları anonim deyil, onları öz ölkələrini təmsil edən deputatlar və deputat qrupları qəbul edirlər.  Odur ki, onların avropalıların rəyini əks etdirmədiyini söyləmək düzgün deyil.  

“Ancaq Qarabağ münaqişəsinə dair qətnamələr qəbul edəndə Bakıda onlar alqışlanır və bir qrup deputatın yox, bütün Avropa Parlamentinin fikri olduğu bildirilir. Bu məntiq mənə aydın deyil”, – Brok deyib. İki həftədən sonra Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı seçkiqabağı vəziyyətin şərhi barədə xahişə cavab olaraq Brok deyib ki, iki ay əvvəl Bakıda prezident İlham Əliyevlə  bu məsələni müzakirə edib. 

“Mən ona bir neçə sual verdim: Müxalifətin namizədinin seçkilərdə qələbəsini gözləmək olarmı? Ölkədə toplaşma azadlığı varmı? Namizədlər seçicilərlə görüşüb mitinq keçirə bilərmi? Onların televiziyadan sərbəst istifadə imkanları varmı? Ölkədə siyasi məhbuslar varmı? Əgər bu suallara müsbət cavablar  vermək mümkün deyilsə, onda demokratik seçkiqabağı durumdan danışmağa dəyməz”, – Brok bildirib.  “Demokratik qüvvələrə və qarşıdakı seçkilərdə onların namizədlərinə nə arzu edərdiniz” sualının cavabında Brok deyib ki, ən mürəkkəb vəziyyətdə belə nikbinliyi itirmək olmaz. “Sizin demokratların vəzifəsi öz vətəndaşlarını demokratik dəyərlərə inandırmaq və təslim olmamaqdır. Sizin vəziyyətin nə dərəcədə mürəkkəb olduğunu yaxşı bilirəm. Rusiyaya baxın. Orada lap yaxşı deyil. Lakin Moskva meri seçkilərində müxalifətin nümayəndəsi rəsmi məlumatlara görə 39%-ə yaxın səs toplayıb. Bu, hər şeyin gözlənilmədən və qəflətən necə dəyişdiyinə bir nümunədir. Möhkəm olun, təslim olmayın”, – o vurğulayıb.