Sentyabrın 29-da Gəncədə, 30-da Ağdaşda, oktyabrın 4-də Saatlıda, 5-də isə Sumqayıtda mitinqlər planlaşdırılır
Milli Şura növbəti mitinqlə bağlı qərar qəbul edib. Qərar Şuranın mitinq komitəsində verilib. Bu barədə məlumatı Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyevdən almışıq. A.Quliyev mitinqin sentyabrın 29-a təyin olunduğunu bildirdi.
Aksiyanın məkanı kimi yenə də “Məhsul” idman-sağlamlıq kompleksinin stadionu (“Inşaatçılar” metrostansiyasının yanı) seçilib. Bakıdakı növbəti aksiyanın daha izdihamlı keçəcəyinə əmin olan A.Quliyev vurğuladı ki, köhnə şüarlara yenilərinin də əlavə olunması, aksiyanın daha coşqulu keçməsi üçün bir sıra addımların atılması da planlaşdırılır.
A.Quliyev qəzetimizə açıqlamasında eyni zamanda Milli Şuranın regionlarda keçirəcəyi növbəti mitinqlər haqda danışıb: “Bakıda sentyabrın 29-da növbəti bir mitinq keçirilməsi nəzərdə tutulub. Regionlarda isə aksiyalar Gəncə, Sumqayıt, Ağdaş, Saatlı və Masallıda keçiriləcək. Regionlarda artıq mitinqin keçirilmə vaxtı bəllidir. Gəncədə sentyabrın 29-da, Ağdaşda 30-da, oktyabrın 4-də Saatlıda, 5-də isə Sumqayıtda keçiriləcək”.
Regionlardakı mitinqlərdə Milli Şura rəhbərliyinin iştirak edəcəyini deyən A.Quliyev bildirib ki, mitinqlərin bir neçəsində Cəmil Həsənli özü iştirak edəcək: “Əgər o, oktyabrın 3-də Avropaya səfər etsə, həmin ayın 4-ü və 5-dəki aksiyalarda iştirak edə bilməyəcək. Mitinqlərdə vahid namizədi səlahiyyətli nümayəndələri əvəz edəcək”.
Sentyabr ayı üçün nəzərdə tutulan mitinqlərlə bağlı müvafiq strukturlara artıq rəsmi müraciət edildiyini deyən A.Quliyevin sözlərinə görə, Gəncədə şəhər icra hakimiyyətindən artıq qeyri-rəsmi cavab da alınıb. Icra hakimiyyətindən bildiriblər ki, həmin gün şəhərdə “Ümid” Partiyası da aksiya planlaşdırdığından Milli Şuranın müraciəti qəbul oluna bilməz. A.Quliyev onu da qeyd etdi ki, Gəncə Icra Hakimiyyəti, ümumiyyətlə, Milli Şuranın mitinqlə bağlı müraciətini qəbul etmək istəmir.
Xəyal