İlham Əliyevə Türkmənbaşı nümunəsi

Azərbaycanın dövlət başçısı «harın məmurlar»a xəbərdarlıq edir, Qurbanqulu Berdimühəmmədov istefaya göndərir 

Ölkə başçısı Ilham Əliyevin məmurlara xəbərdarlıq etməyi yəqin ki, hər kəsin yadındadır. Son çıxışlarında o, yalnız qüdrətli ordudan, Ümimi Daxili Məhsulun artımından, 1 milyon iş yerinin açılmasından danışmır. Bunların sırasında harın məmurlara xəbərdarlıq da var. Xüsusilə Ismayıllı hadisələrindən sonra Ilham Əliyev bu mövzuya toxunmağa ehtiyac duyub. Ölkə başçısı müşavirələrdə bəzi məmurların harınlıq edən övladlarının həbs ediləcəyini, onların atalarının isə işdən qovula biləcəyini deyib.

Ilham Əliyev bəzi məmurların vətəndaşları saymadığını, onlara yuxarıdan aşağı baxdığını deməklə bunu yolverilməz adlandırıb: “Bəzən təvazokarlıqdan söhbət gedə bilməz. Məmurlar qudurğanlıq edirlər”. 

O, həmçinin vəzifəli şəxslərin ailə üzvlərinin öz valideynlərinin mövqeyindən istifadə edərək xoşagəlməz hərəkətlərə yol verdiyini, qanunları pozduğunu da deyib və bu kimi halların qarşısının qətiyyətlə alınmasına, əks təqdirdə cəza tədbirlərinin sərtləşdiriləcəyini bildirib: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Onların güvəndiyi şəxsləri mən təyin eləmişəm, mən də çıxararam”.

Amma Ilham Əliyevin bu çıxışlarının nəticəsi yoxdur. Məmur özbaşınalığı, harınlıq, qudurğanlıq davam edir. Işdən çıxarılan, həbs edilən isə yoxdur. Ilham Əliyev ən azı Türkmənistanın prezidenti Qurbanqulu Berdimühəmmədovdan nümunə götürsün. O, baş nazirin müavini, prezident aparatının işlər idarəsinin rəisi Hocamühəmməd Mühəmmədovu  istefaya göndərib. Bu qərar Nazirlər Kabinetinin iclasında daxili işlər naziri Isgəndər Mullikovun səsləndirdiyi məlumatdan sonra qəbul olunub. Daxili işlər naziri bildirib ki, Hocamühəmməd Mühəmmədovun iki oğlu və kürəkəni Aşqabadın əyləncə mərkəzlərində, Avaza turizm zonasında və hətta təyyarədə dəfələrlə dava salıb.

Azərbaycan məmurlarının övladları və yaxınları ilə də bağlı belə faktlar kifayət qədərdir. Ilham Əliyev özü də bunu etiraf etməyə başlayıb. Amma nədənsə qəti qərar verə bilmir.

Azad