İki azərbaycanlı diplomat qardaş

Azərbaycanın görkəmli diplomatı Mahmud xan…

XIX əsrin sonlarında Cənubi Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynamış şəxslərdən biri də Mahmud xan Mirzə Ələsgər oğlu Əlaülmülk olmuşdur. O, məşhur Azərbaycan alimi Mirzə Məhəmmədrəfi Nizamülüləmanın və siyasi xadim Mirzə Əsədulla xanın qardaşıdır. Onun qardaşı Mirzə Əsədulla xan da özü kimi çox önəmli dövlət işlərində çalışmış, dövrünün məşhur diplomatlarından biri olmuşdur. Mahmud xan gənc yaşlarından mühüm vəzifələrə irəli çəkilmiş, Azərbaycan hökumətinin idarə olunmasında yaxından iştirak etmişdir.

Mahmud xan Mirzə Ələsgər oğlu Əlaülmülkÿ 258-ci ildə (1842) anadan olmuşdur. O, gənclik illərində bir müddət Tiflisdə yaşamış, oradan qayıtdıqdan sonra Təbrizdə hökumət idarəçiliyində çalışmış, Azərbaycan valisi tərəfindən maliyyə işləri üzrə məsul vəzifəyə təyin olunmuşdur. Mahmud xan bu vəzifəyə görə “Vəkili-dəftər” ləqəbini almışdır. O, sonrakı siyasi fəaliyyətilə uzun və zəngin bir yol keçmişdir.

Mahmud xan Azərbaycanda bir qədər işlədikdən sonra Tehrana çağırılıb, oradan London sarayına ezam edilmişdir. Londonda 6 aylıq missiyasını yerinə yetirdikdən sonra geri qayıdan Mahmud xanı Iran hökuməti 1873-cü ildə Həştərxanda Iran səfirliyinə göndərmişdir. Bu zaman Mahmud xanın böyük qardaşı Əsədulla xan Iranın Tiflisdəki baş konsulu vəzifəsində idi. Mahmud xan 4 il Həştərxanda baş konsul kimi çalışmışdır. 1877-ci ildə Mahmud xanın Tiflisdə baş konsul olan qardaşı Mirzə Əsədulla xan Iranın Peterburqda Işlər vəkili vəzifəsinə seçildikdə, həmin il Mahmud xan qardaşının əvəzinə Tiflisdə Iranın baş konsulu təyin olunmuşdur. O, 6 il də bu vəzifədə çalışmışdır.

“Vikipedia”nın Mahmud xanÿ haqqındakı məlumatında deyilir ki, o, 1883-cü ildə Iran dövlətinin Peterburqdakı səfirliyində müstəşar vəzifəsinə göndərilib. Mirzə Əsədulla xan Vəkilülmülk Peterburqda Iranın səlahiyyətli nümayəndəsi vəzifəsini icra edərkən o, müvəqqəti olaraq Tehrana çağırılmışdı. Qardaşı olmadığı müddətdə Mahmud xan səfirlikdə işlər vəkili vəzifəsində çalışmış, bu tarixdən o, Mahmud xan Kardar kimi tanınmışdır. Daha sonra o, 1303-cü ildən (1885/86) Iranın Peterburqdakı səfirliyinin 1-ci katibi seçilmiş, bir il sonraÿ1886-cı ildən vəziri-muxtar (səlahiyyətli nümayəndə) təyin olunmuşdur. O, yaxşı işinə görə Iran dövləti tərəfindən “Əlaülmülk” ləqəbinə layiq görülmüşdür.

Rusiya və Türkiyədə səfir

Mahmud xan Əlaülmülk 9 il Iranın Rusiyada səfiri olmuş (1886-1895) və bundan sonra Istanbulda səfir vəzifəsini bacarıqlı diplomat kimi icra etməyə başlamışdır. 1896-cı ilin may ayındaÿNəsrəddin şahaÿikinci dəfə sui-qəsd edildi və şah aldığı güllə yarasından vəfat etdi. Səfir Mahmud xan Iran dövlətindən Istanbulda gizlənmiş qatillərin tapılıb həbs edilməsi barədə göstəriş aldı. Mirzə Həsən xan Xəbirülmülkün axtarışı ilə əlaqədar Osmanlı dövləti ilə danışıqlar başlandı. Nəhayət, hər üç nəfər Mahmud xanın nəzarəti altında sərhədə gətirilərək, Iran məmurlarına təhvil verildi.

Mahmud xan 7 il Iranın Istanbulda səfiri olmuş, 1901-ci ildə onu Mirzə Rza xan Daneş əvəz etmişdir. O, həmin il Tehrana çağırılaraq Kirman hakimi təyin olunmuşdur.

Araşdırmaçı yazar Ənvər Çingizoğlunun azərbaycanlı diplomat haqqındakı məqaləsində qeyd edilir ki, Mahmud xan uzun müddət xarici ölkələrdə diplomatik missiyasını uğurla yerinə yetirmişdir. O, Kirman hakimi olarkən insanlarla gözəl rəftarı və yaxşı işi ilə tanınmışdır. Qeyd etmək lazımdır ki, zəmanəsinin və Iran dövlətinin qəbul etdiyi sərt qanunlarla işləməyən və son dərəcə sadə olan bu şəxs haqqında maraqlı hekayətlər danışılırdı. Deyilənlərə görə, o, birinin görüşünə gedərkən, digər hakimlərdən fərqli olaraq, özündən əvvəldə və arxada əli çomaqlı yüz nəfər fərraşın yürüməsinə izin verməzmiş. O, özü ulağa minərək bircə nökərlə (o da ulağın və yaxud atın üstündə olardı) lazım olan yerə yola düşərmiş. Bu səbəbdən də xalq arasında sadəliyi ilə məşhurlaşmışdı. Kirman əhalisi Mahmud xana zarafatla “Hakimi-do xəre” (iki uzunqulaqlı hakim) adını vermişdi. Mahmud xan il yarım Kirman hakimi olmuş, 1902-ci ildə oradan azad edildikdən sonra bir müddət işsiz qalmışdır.

Sonra o, 1907-ci ildə Atabəyin (Mirzə Əliəsgər xan Əminussultan) təşkil etdiyi kabinədə 4 ay ədliyyə naziri vəzifəsində çalışmışdır.

Mahmud xan ömrünün axırlarında Tehranda yaşamışdır. O, 1344-cü ildə (1926) 87 yaşında vəfat etmiş, Qum şəhərində, ailə məqbərəsində dəfn olunmuşdur. Mahmud xan da digər qardaşları kimi çox zəngin bir şəxs olmuşdur. Lakin o, çox sadə və təvazökar bir insan idi.

Oğlu Mirzə Möhsün xan tanınmış bir şəxs idi və “Salari-Müəyyəd” ləqəbini daşıyırdı.

Böyük qardaş Mirzə Əsədulla xan

Mahmud xanın böyük qardaşı Mirzə Əsədulla xanÿda Nəsrəddin şahÿ Qacar hakimiyyəti dövrünün ictimai xadimləri içərisində öz bacarığı və nüfuzu ilə seçilən şəxsiyyət olmuşdur. O, Mahmud xandan da irəlidə olan görkəmli bir diplomat kimi tanınırdı. Əsədulla xan ÿXarici Işlər Nazirliyinin əməkdaşı idi vəÿIranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. Bu iki qardaşın fəaliyyət dövrü təxminən eyni vaxtlara düşmüş, yuxarıda qeyd edildiyi kimi, bəzən onlar bir-birinin ardınca eyni vəzifəyə təyin olunmuşdular. O, 1884-1887-ci illərdə Iranın Peterburqda səlahiyyətli nümayəndəsi olmuş və “Vəkilülmülk” ləqəbini almışdır. 1887-ci ildə Peterburqdan geri çağırılaraq, vəfat etmiş Mustafa xanın yerinə Ərdəbil və Xoy hakimi təyin olunmuşdur. O, hələ Peterburqdan əvvəl, yəni,ÿ1877-ci ildə Tiflisdə baş konsul kimi çalışmışdır.

Mirzə Əsədulla xanÿ1890-1892-ci illərdə Iranın Istanbulda səfiri olmuş və “Nizamüddövlə” ləqəbini almışdır. O, sonralar da mühüm dövlət vəzifələrində çalışmışdır. 1895-ci ildə Fars vilayətinin general-qubernatoru olmuş, bu vəzifədə 1895-ci ilədək, yəni, ədliyyə naziri vəzifəsinə təyin edilənədək çalışmışdır. Həmin il Tehranın hakimi vəzifəsi də ona tapşırılmışdı.

Mirzə Əsədulla xan 1899-cu ildə Böyük Dövlət Şurasına başçı təyin olunmuş, ömrünün sonunadək burada çalışmışdır. O, 1901-ci ildə vəfat etmişdir. Oğlu Mirzə Yəhya xan sonralar onun vaxtilə daşıdığı “Nizamüddövlə” ləqəbinə layiq görülmüşdür.

Görkəmli Azərbaycan alimi Mirzə Əbdürrəhim Talıbov Təbrizi ondan bəhs etmiş, onu zəkalı bir şəxsiyyət kimi yüksək qiymətləndirmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir