Corc Soros üçüncü dəfə evləndi

83 yaşlı milyarderin toyunda Beynəlxalq Valyuta Fondunun rəhbəri, Dünya Bankının prezidenti iştirak edib 

Dünya şöhrətli milyarder Corc Soros üçüncü dəfə evlənib. 83 yaşlı Soros bundan sonrakı həyatını 42 yaşlı Tamiko Boltonla davam etdirəcək. Toy mərasimi ötən şənbə Sorosun Nyu-Yorkdakı evində baş tutub və dəvətlilər ancaq bəylə gəlinin yaxınları olub. Bundan sonra təmtəraqlı mərasib başlayıb və cütlük 500-dək qonağın müşayiəti ilə “Keramur” musiqi və incəsənət mərkəzini ziyarət edib.

Burada yeni evlənənlərin şərəfinə qəbul təşkil olunub. Təbrikə gələnlər arasında dünya maliyyə elitasının  məşhur simaları, o cümlədən Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard, Dünya Bankının prezidenti Cim Yon Kim də olub.  

Cütlük 2008-ci ilin yazında tanış olub. Bu, Boltonun da ilk evliliyi deyil. O, bundan əvvəl bir dəfə ailəli olub. Əvvəllər qida qatqılarının onlayn ticarəti ilə məşğul olan xanım Bolton hazırda Yoqa təlimini təklif edən şirkətə rəhbərlik edir. 

Məlumatlara görə, Sorosun əsl ad-soyadı Derd Şoroş olub. O, 1930-cu ildə Budapeştdə yerli yəhudi icmasının lideri Tivard Şvartsın ailəsində anadan olub. 1936-cı ildə Şvarts soyadını dəyişərək Şoroş edib. 47-ci ildə ailə saxta pasportlarla Britaniyaya yerləşib. Orada gənc Corc London maliyyə məktəbinə qəbul olunub. Sorosun karyerası 1956-cı ildə başlayıb. Londondakı dostunun atası ona öz şirkətində iş təklif edib. Gənc maliyyəçinin işi qiytmətli kağızları bir ölkədən başqa ölkəyə satmaq olub. Işlər yaxşı gedib və tezliklə Soros həmin şirkətin vitse-prezidenti vəzifəsinə layiq görülüb. 1967-ci ildə o, öz şefinə yeni layihə təklif edib – offşor zonalardan birində investisiya fondu qurmaq. Iki ildən sonra Soros “Double Eagle” fondunun rəhbəriyinə keçib. Sonradan bu fond Sorosa böyük sərvət və şöhrət gətirən “Quantum Group”a çevrilib. “Forbes” jurnalının yazdığına görə, hazırda Sorosun sərvəti 20 milyard dollardır.

Gültəkin