Azərbaycanın demokratik qüvvələrinə Cəmil Həsənli kimi şəxsiyyəti namizəd etmək yaraşırdı və bunu etdilər də…
Rza Talibi
Cəmil Həsənlinin namizəd olması bütün demokratiya sevənləri şad etdi. Özəlliklə Cəmil həsənlini Güneydə aydın kəsim onun dərin yazıları və kitabları ilə tanıyır, keçmiş yazımda bunu açıq şəkildə ortaya qoymuşdum. Bakıda demokratiyanin yaranmasının Təbrizə çox təsiri olacaq. Əlbəttə, oradakı fəza da çox açıq deyil, amma hər halda demokratiya Quzeydən Güneyə aşılanacaq.
Təəssüf ki, Azərbaycan tarixində bu zamana qədər doğru-düzgün demokratiya metodları uyğulanmayıb. Əliyev hakimiyyəti ikili oyunlarla sadəcə, öz varlığını qorumaq istəyir. Rusiya, Iran, Türkiyə və ya Orta Asiya Türk dövlətlərilə bu ziddiyyətli siyasətdə öz xalqını unudub və tamamilə iqtisadiyyatı öz əlinə almışkən, siyasətdə də parçalanma planlaşdırır.
Təəssüf ki, 1918-ci ildən bu tərəfə rəngli siyasətlər Qafqaz bölgəsində radikal rol oynayıb. Bolşeviklər, Azərbaycan hakimiyyətinin içində olan xainlər bu məmləkətin demokratiya və Azadlığa doğru getməsini əngəlləyiblər. Bu maneələri aşmaq üçün xalqın gücü ilə yanaşı, toplumun içində də həmin məsələlər geniş yayılmalıdır.
Təəssüf ki, məhdud demokratiyanı təkcə Azərbaycan deyil, bütün keçmiş sovet ölkələri yaşıyırlar. Paradoksal bir yerli və rus sistemi onları tamamilə avtoritarizmə sürükləndirir. Eyni hal Azərbaycanın cənub qonşusunda, yəni, Iranda da müşahidə olunmaqdadır. Zənn edilir ki, Şimali Azərbaycanda sadəcə, Azadlıq problemi var. Amma milli kimlik problemi həm Şimalda, həm də Cənubda ortaq bir məsələdir.
Niyə Cəmil Həsənli?
Milli Azadlıq Hərəkatı Əbülfəz Elçibəylə bitmədi. Zatən Elçibəylə doğuldu, amma ondan sonra da həm Şimalda, həm də Cənubda böyük təsirlərə şahid olduq. Keçmişdə Cənubi Azərbaycanda çoxlu inqilablar olub. Amma bu inqilabların məqsədi milli məsələ uğrunda deyildi. Xiyabani, Pişəvəri, Məşrutə hərəkatı bir azadlıq, ideologiya uğrunda olsa da, milli məsələyə doğru-düzgün yanaşma yox idi. Yalnız rəhmətlik Pişəvərinin dövründə azərbaycançılıq istiqamətini görürük. Başqa hərəkatlarda milli kimlik əksər hallarda Iran kimliyi olmuşdur.
Əbülfəz Elçibəydən sonra böyük tərpənişlər, Azərbaycanın həm o tayında, həm də bu tayında yaranır. Zatən rəhmətlik bəy bu yolda özünü Təbrizə fəda edir. Onun çıxış və davranışları Güneydə böyük təsir buraxıb və Təbrizin adını yenidən canlandırır. Təəssüf ki, Bəydən sonra bir tərəfdən müxalifətin gücsüz qalması, digər tərəfdən də hakimiyyətin ikili siyasəti nəticəsində Güney məsələsi sadəcə, bir reklam və siyasi projeyə çevrildi. Bu məsələdə hakimiyyətin səhvləri daha çoxdur. Cənubdan gələn qaçqınların vəziyyəti, özlərinə yaxın bir qrup şəxslərlə iş birliyinə gedib digər fəalları kənarda qoymaqla, tamamilə bu məsələni bir oyuna çevirdi. Əlbəttə, bu istiqamətdə xaricdəki qollara bəzən təsir göstərə biliblər.
Milli Şura tərəfindən məhz Cəmil Həsənlinin prezidentliyə namizəd seçilməsi tam bəyəniləsi məsələdir. Sonunda müxalifət, özəlliklə Məhəmməd Əmin Rəsulzadə yolunun davamçıları birləşdilər, ortaq məxrəcə gəldilər. Azərbaycanın demokratik qüvvələrinə elm adamı, təmiz siyasi karyeralı bir şəxsiyyəti namizəd etmək yaraşırdı və bunu etdilər də.
Xüsusən, Cəmil Həsənlinin Güneylə bağlı araşdırmaları göstərir ki, onun üçün Cənubi Azərbaycan mövzusu çox önəmli məsələdir. Eyni zamanda, Güneyə bu mesaj verilməlidir ki, Cənubi Azərbaycan mövzusuna münasibət dəyişəcək. Cəmil Həsənli bir körpü kimi bu iki hissəni bir araya gətirə bilər.
Ümid varmı?
Zatən avtoritar sistemdə ümidin nisbi anlamı var. Yəni, tam olaraq önündəki məsələləri anlaya bilməzsən. Nə qədər ümidsiz olsaq belə, yenə də məncə, müxalifətin bir araya gəlməsi çox mühüm faktordur. Illərdir Güney Azərbaycan hərəkatında fərqli partiya və təşkilatlar bir araya gələ bilmirlər. Ideologiyada çoxlu müştərək yönləri olsa da, konkret şəxslə bağlı ortaq məxrəcə gələ bilmirlər. Zatən bəzilərinin düşündüyü kimi, bu ortaqlıq bir xarizmatik şəxsə bağlı deyil. Prosesin içində təmiz və doğru bir şəxs bu faktorları əldə edə bilər. Liderlik bir toplayıcı kimi, ortadakı fərqli enerjiləri bir araya gətirib iş birliyi qurmaq imkanıdır. Çünki Güney məsələsi xüsusilə Təbrizə bağlıdır. Orada bir hərəkət olursa, Təbriz özü hər zamankı kimi lider ortaya çıxaracaq. Necə ki, çıxarıb və çıxarır.
Siyasi təhlillər göstərir ki, Bakıdagedən hər cür demokratik proses Güneyə təsir göstərir. Təbii ki, bu proses tamamilə Güneyə bağlı olmur. Amma mədəni, elmi və s. çalışmaların hamısı istər-istəməz Təbrizin xeyrinədir. Əlbəttə ki, Təbriz özü öz ayağı üstündə durmalıdır. Təəssüf ki, Şimalda və bəzən də Türkiyədə yürüdülən yanlış siyasətlər, həmçinin milli hərəkata bağlı şəxslərin müəyyən davranışları Təbrizdə sükut yaradıb. Təbriz keçmişdə dünyanın ən çox inqilab baş verən şəhəri olsa da, son vaxtlar məzlum olub.
Əgər Azərbaycanda bu seçkidə Milli Şuranın namizədi qələbə qazansa, bu, Təbriz üçün də böyük bir uğur olacaq. Onun sadəcə, xarici siyasətdə Güney Azərbaycan məsələsindən oyuncaq kimi istifadə etməməsi Milli Hərəkata yararlıdır. Yəni, Güney Milli Hərəkatı Şimaldan başqa-başqa şeylər gözləmir. Çünki özü içindəki qüvvələrə inanır və bölgədəki proseslərə də özünü uyğunlaşdırır. Hər iki qonşusuyla məsafəsini də müəyyən edə biləcək. Məhz bu siyasətin həyata keçirilməsinə Şimaldakı hakimiyyətin kifayət qədər təsiri ola bilər.
Əlbəttə, Türkiyə bu gün Şərqin ən güclü ölkələrindəndir və bu ölkə ilə mədəni əlaqələr mütləq qorunmalıdır. Amma aşırı dərəcədə yaxınlaşma daxildəki milli fəalları təhlükə altına sala bilər. Bu mövzuda ən önəmli məsələ xarici siyasətdə tarazlığı qorumaqdır. Məncə Cəmil bəy və onun kadrları bu işin öhdəsindən gələ bilər. Hətta deyərdim ki, bunu etməyə məcburdur.
Hara gedirik?
Illərdir Əliyev rejiminin yürütdüyü siyasətdə azərbaycançılıq ideologiyası yayılır. Iran da öz növbəsində pan-iranistlər ideologiyasını yayır. Yəni, bu cür yanaşma istər-istəməz Türk kimliyinə zərərlidir. Həm Əliyev, həm də Iran tərəfindən aparılan bu proses Türk əsaslı Milli Hərəkata mənfi təsir göstərir.
Yeri gəlmişkən, Milli Hərəkatın əsas istəyi ana dili, həmçinin başqa etniklərin də farslarla eyni hüquqları sahib olmalarıdır. Əslində, bu istəklər vətəndaşların normal haqqıdır. Amma Iranpərəst adamlar onları radikal düşüncələrə qapılmaqda ittiham edirlər ki, bu da tamamilə yanlışdır.
Cəmil bəy Həsənlinin “Amerikanın Səsi”nə müsahibəsi də sübut edir ki, o, Rəsulzadə yoluna sadiqdir və Cümhuriyyətin Türkçülük düşüncəsi üzərində qurulmasının tərəfdarıdır. Təbii ki, bu yolda Azadlıq ən önəmli məsələdir. Amma əxlaq, korrupsiyaya qarşı mübarizə, müstəqillik, başqa qüvvələrə qulluq etməmək kimi faktorlar da müstəsna əhəmiyyət kəsb edə bilər. Milli ideyaya gedən yol milli dildən keçirsə, o dili qorumaq üçün təmiz, səmimi şəxslərin ortaya çıxması vacibdir. Güneydə zindandakı milli fəalların da seçdiyi məhz bu yoldur.
Buna inanmalıyıq ki, Azadlıq yolunda təkcə siyasi fəaliyyət kifayət etmir. Mədəni, ictimai və elmi fəaliyyətlər də bizə hara getməyi göstərər. Biz mütləq bir gün o Azadlığı dadacağıq! Bu gün zindanda olan adamlarla birgə mən buna əminəm! Bu məsələdə Iranda gedən proseslər də çox önəmlidir. Məsələn, Ruhaninin gəlməsi. Əgər fəzalar açılırsa, QHT-lər fəaliyyətə başlayırsa, Türk dilində bir akademiya yaradılırsa, bu fürsətlərdən də istifadə etmək lazımdır. Bir-birimizi sevməli, hədəfə doğru irəliləməliyik!