Hakimiyyət yenə də saxta rəqəmlərlə «inkişaf nağılı» danışır
Dövlət başçısının seçkiyə hesablanmış 10 faizlik maaş və pensiya artımı əslində əhalinin rifahına heç bir əhəmiyyətli təsir etmədi. Ölkədə mütəmadi olaraq müşahidə olunan qiymət artımı maaşlara edilən cüzi artımı xeyli üstələyir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, avqust ayına olan vəziyyətə görə ölkədə orta aylıq əməkhaqqı 413 manat təşkil edib. Bu isə nəinki yüksək rəqəm deyil, əksinə, heç bir insanın aylıq ehtiyaclarını ödəmək iqtidarında deyil.
Seçkiyə hazırlaşan Azərbaycan hakimiyyətini isə əhalinin rifahından çox ölkədəki durumu tənqid edən beynəlxalq qurumları hədəfə almaq düşündürür. Məhz bu səbəbdən də iqtidar nümayəndələri, o cümlədən rəsmi mətbuat son dövrlər ölkədəki acınacaqlı durumla bağlı hakimiyyəti tənqid edən Avropa Birliyi ölkələrini qaralamaq yolunu tutub.
Avropa ölkələrində iqtisadi böhranın ağır fəsadlara səbəb olduğunu iddia edən rəsmi mətbuat hətta Azərbaycanı bu ölkələrə nümunə gətirməkdən çəkinmir.
Dəfələrlə Azərbaycandakı iqtisadi durumu və həyat səviyyəsini digər ölkələrlə müqayisə etdikdə nəticə ölkəmizin xeyrinə olmayıb. Iqtidarın seçkiqabağı təbliğatı bir daha belə bir müqayisəni zəruri edir.
Qeyd edək ki, rəsmilər Azərbaycanda yoxsulluq səviyyəsinin ildən-ilə azaldığını desə də, əslində rəsmi rəqəmlər reallığı əks etdirmir. Əhalinin gəlirlərinin, xüsusilə də əmək haqlarının indiki səviyyəsi yoxsulluq səviyyəsinin aşağı düşməsinə imkan vermir. Ekspertlər isə mövcud şəraitdə orta aylıq əmək haqqının çox aşağı olduğunu deyir və bu göstəricinin azı 800 manat olmasını məqsədəuyğun hesab edirlər. Çünki Azərbaycan ailəsinin orta kommunal xərcləri 150 manatdan az deyil, üstəgəl əmək haqqının 60 faizi ərzaq xərclərinə sərf olunur. Dünyada qəbul olunmuş qaydalara əsasən isə ailə büdcəsinin 35 faizi ərzağa xərclənirsə, bu, yoxsulluq həddi sayılır. Rəsmi məlumatlara əsasən, istehlak xərclərinin əsas hissəsi olan yemək xərcləri adambaşına 116 manat təşkil edir. Dörd nəfərlik ailənin yemək xərcləri 464 manat, nəqliyyat xərcləri 120 manat, xırda geyim xərcləri adambaşına 200 manat edir. Bundan əlavə, müalicə, təhsil, kommunikasiya xərcləri də nəzərə alınmalıdır. ÜDM-də əmək haqqının payı 17 faizdən aşağıdır.
Avropa Birliyi ölkələrində 2 min avrodan aşağı maaş yoxdur
Azərbaycan hakimiyyətinin bəyənmədiyi Avropa ölkələrinə nəzər salıb orada orta aylıq əmək haqqının nə qədər olduğuna və nəyə bəs etdiyinə nəzər salaq.
Məsələn, məlumdur ki, Avropa Birliyinə üzv ölkələrdə 2 min avrodan aşağı maaş yoxdur. Ümumiyyətlə, minimum əmək haqqı anlayışı olmayan Avropa ölkələrində illik gəliri təxminən 20 min avrodan az olanlar yoxsul sayılır. Bu kateqoriyaya aid olan insanlarla bağlı xüsusi proqramlar qəbul olunub. Bu ölkələrdə yoxsulluq eyni zamanda maddi rifah səviyyəsi, mənzil şəraiti, hətta istirahət imkanı ilə ölçülür.
Azərbaycanda vətəndaşlar gəlirlərinin 60%-ni təkcə ərzağa xərcləyirsə, avropalılar 450 addan çox məhsula aylıq gəlirin cəmi 12-14%-ni xərcləyir.
ABŞ-da isə illik gəliri 18 min dollardan az olanlar yoxsul təbəqəyə aid edilir. Bu kateqoriyaya aid olanlara dövlət bir çox xidmətlərdən pulsuz istifadə etmək imkanı yaradıb. Bura hətta pulsuz kino, teatr, kafe, çamaşırxanalardan istifadə etmək də daxildir. Azərbaycan yoxsullarından fərqli olaraq amerikalı kasıbların mənzil, hətta avtomobil problemi də yoxdur. Çünki bu ölkədə yoxsul hesab olunmaq üçün sadəcə olaraq əmək haqqın müəyyən məbləğdən az olmalıdır.
ABŞ-da ərzaq və digər zəruri xərclərə aylıq gəlirin cəmi 12%-i sərf olunur. Istehlak səbətinə isə 300 adda məhsul və xidmət daxildir.
***
Bu ölkələrdə müxtəlif sahələrdə çalışanların əmək haqqı, pensiya, uşaq müavinətləri, o cümlədən aztəminatlı hesab olunan insanlara dövlətin göstərdiyi ilə bağlı ayrıca araşdırmalarımız olub və bütün hallarda nəticə Azərbaycanın xeyrinə olmayıb. Nəinki inkişaf etmiş ölkələr, hətta MDB dövlətləri ilə müqayisə Azərbaycan hökumətinin inkişaf yalanının ortaya çıxarıb.
Iqtidarın böhran içində boğulan kimi qələmə vermək istədiyi Avropada isə kasıb təbəqəyə aid olanların rifahı Azərbaycanda nəinki yoxsullarla, heç büdcə təşkilatında çalışıb seçkidən-seçkiyə əmək haqqında 10 faizlik artım olan orta təbəqə ilə də müqayisəyə gəlmir.
Fizzə