“Azərbaycan” qəzetində gülməli reklam

Prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” Təlimatına əsasən rəsmi mətbu orqanlarında da dərc edilir. “Azərbaycan” qəzetinin 22 sentyabr sayında 4-cü səhifədə əvvəlcədən razılaşdırılmış qaydada I.Əliyevin təşviqat materialı yerləşdirilsə də, onun altında digər namizəd Hafiz Hacıyevin ödənişsiz təşviqat materialının yeri boş saxlanılıb. Və qəzetdəki həmin hissədə yalnız “prezidentliyə namizəd Hafiz Hacıyevin ödənişsiz təşviqat materialının yeri” cümləsi yazılıb.

Qəzetdə təşviqat materialının nədən bu formada getməsini aydınlaşdırmaqdan ötrü “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla əlaqə saxladıq. Materialın namizədin təşviqat materiallarını təqdim etməməsi və ya başqa bir texniki problem üzündən getmədiyini aydınlaşdırmağa çalışdıq. Amma gün ərzində etdiyimiz cəhdlərin heç biri nəticə vermədi.

Ekspertlər hesab edir ki, əslində bu olayın özü bir daha təsdiq edir ki, H.Hacıyev və bir sıra başqa namizədlərin məqsədi tam formada seçki yarışına qatılmaq deyil. Sadəcə olaraq bu namizədlərin qeydiyyatında məqsəd müxalifətin real namizədi olan Milli Şuranın təmsilçisi Cəmil Həsənliyə qarşı kampaniya aparmaqdır. Ictimai Televiziyadakı çıxışlar zamanı baş verən olaylar da bunu bir daha təsdiq edir.

Hikmət