Bu həftə tək musiqi və musiqiçilər üçün deyil, elə hamı üçün əziz bir gün oldu. Sentyabrın 18-i Ü.Hacıbəylinin doğum günü idi. Yazılar oldu, anıldı. Amma necə oldusa, bu tarix mənim diqqətimdən qaçdı, bir gün sonra gördüm ki, sən demə, belə bir əlamətdar gün imiş.
Bəstəkarlardan, özü də çox sanballı bəstəkarlardan biri demişdi ki, mən yaşa dolduqca Üzeyir bəyi daha yaxşı başa düşürəm. Bu, elə hamımıza aiddir. Tək bəstəkarlara, musiqiçilərə yox.
Biz də seçkidən yazırıq. Üzeyir bəy də yazıb. Özü də azı bir əsr bundan əvvəl. Bizim yazdıqlarımızı heç kim xatırlamır. Amma onun yazdığını oxuyurlar, elə bil lap dünən yazılıb.
Mən Üzeyir bəy haqqında çox düşünmüşəm. Onu gürcü rəssamı Pirosmani ilə müqayisə edənlər də var. Bəziləri deyir ki, guya Üzeyir bəyin də musiqisi bəzi rəssamların əsərləri kimi bir qədər primitiv janrdadır. Amma mənim üçün o, ilahi bir musiqi yazıb. Mən belə düşünürəm. Nə gizlədək, çox adamlara böyük bəstəkar deyirik, amma onların musiqisi ürəkləri tərpətmir. Amma Üzeyir bəy tamam başqa məsələdir.
Onu xalq musiqisindən çox faydalanmaqda qınayırlar. Ona görə də onu primitivistlər sırasına aid etməyə cəhd edirlər. Amma belədirmi? Əslində biz Üzeyir bəyin sayəsində xalq musiqisini yenidən kəşf etmişik.
Bütün dahi işlər belə olur. Dahinin gördüyü bir çox hallarda hamının gözləri önündə olur. Amma yalnız dahi hamının gözlərin önündə olanda bir qeyri-adilik tapır. Ona görə də onlara dahi deyirlər.
Mənim üçün Üzeyir bəy tək musiqiçi deyil. Mən ona azərbaycanlıların milli pasportu deyərdim. O, azərbaycanlı tiplərini, obrazlarını yaradıb. Çox vaxt millilikdən, milli koloritdən danışırıq. Amma çox az adama əsl milli obraz yaratmaq nəsib olub.
Mirzə Cəlil də böyükdür, Sabir də. Amma Üzeyir bəy başqa aləmdir. Onun haqqında ensiklopediya yazmaq olardı, çünki o, özü bu millətin ensiklopediyası idi. Canlı ensiklopediyası. O, zamanla birgə böyüyəcək. Mənim buna zərrə qədər də şübhəm yoxdur.
Bu yazını mənə yazmağa həm də bu günün məşəqqətləri vadar etdi. Mən indi başa düşürəm ki, niyə bəzi yazıçılar tarixi mövzulara üz tuturlar. Onlar bu gündən, onun ağırsından, acısından qaçmaq istəyirlər.
Üzeyir bəyin seçki haqqında yazdığı felyetonu oxudum. Mən də bu günlərdə seçki haqqında çox yazmışam. Amma ötən gün namizədlərin ikinci debatında baş verənlər məni bu mövzudan heç olmasa bir neçə gün qaçmağa vadar etdi. Adamın əlindən bir şey gəlməyəndə yeganə çarəsi tənhalığa çəkilmək olur.
Tez-tez deyirik ki, gör, Mirzə Cəlil, Sabir, elə Üzeyir bəy necə aktualdır! Buna mənim zərrə qədər iradım yoxdur. Həqiqətən də belədir. Amma bu bədbəxtlikdir, yoxsa xoşbəxtlik? Bilmirəm. Onu bilirəm ki, mən belə aktual olmaq istəməzdim.
Mən istəyirəm ki, millətimiz, insanlarımız dəyişsin, inkişaf etsin, qoy, onlar o qədər irəli getsin ki, geridə qalan biz olaq! Mən millətimi irəlidə, ön cərgədə görmək istəyirəm. Ona görə də “aktual” olmaq istəmirəm. Istəyirəm ki, hər il millət üçün irəliləyiş ili olsun, inkişaf ili olsun.
Istəmirəm ki, on ildən, əlli ildən sonra kimsə mənim yazdığımı təsadüfən oxuyub “Gör, necə yazıb! Elə bil bu gün yazılıb!” – desin. Deyirlər ki, insan çox ləng dəyişir. Bəlkə də belədir. Amma mən sürətli inkişaf istəyirəm. Onu irəlidə, böyük millətlərin cərgəsində görmək istəyirəm.
Düzdür, zamandan irəli qaçmaq olmaz. Amma zamandan geri qalmaq da bir iş deyil. Üzeyir bəyin böyüklüyü ondadır ki, o, millətin tək bugünkü halından yazmayıb, onun böyük çağları üçün də böyük əsərlər qoyub gedib.
Bəlkə də feleytonlar, publisistik yazılar Üzeyir bəyin yaradıcılığında dəryada bir damla kimidir. Onlar öz aktuallığın itirsə belə Üzeyir bəy heç də kiçilməyəcək, çünki onun böyük əsərləri var. Elə böyük əsərlər ki, min il bundan sonra da yaşayacaq, dinləniləcək.
Ona görə də Üzeyir bəyin iki milləti var. Biri onun felyetonlarındakı, publisistik yazılarındakı, qəzet məqalələrindəki millətdir. Biri də onun “Koroğlu”, “Leyli və Məcnun” kimi əsərlərindəki millətdir. Biri millətin bu günüdür, biri də onun gələcəyidir.
Filosoflardan biri deyib ki, bu günün insanı gələcəyin insanına körpüdür. Üzeyir bəyin də feleytonlarındakı millət də elə “Koroğlu”dakı millətə bir körpüdür.