Rəsmi mətbuat ATƏT-i vurdu

«Azərbaycan» qəzeti ənənəvi olaraq hesabatı qərəzli və şübhəli adlandırıb»

Rəsul Cəfərov: «İqtidar nümayəndələri düşünür ki, fərqli mövqeyin nümayiş etdirilməsi hakimiyyətin daha tez əldən verilməsinə gətirib çıxaracaq»

ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun yaydığı və seçki prosesinə mənfi rəyin verildiyi aralıq hesabatı əvvəlkilərdən sərtliyi ilə seçilir. Sənəddə son iki ildə Azərbaycan hakimiyyətinin ifadə və sərbəst toplaşma azadlığını pozduğu, seçki komissiyalarının formalaşdırılmasına dair Avropa qurumlarının tövsiyələrini qulaqardına vurduğu qeyd olunur.
Gözlənildiyi kimi bu hesabatı hakimiyyət və rəsmi mətbuat süngü ilə qarşılayıb. “Azərbaycan” qəzeti ənənəvi olaraq hesabatı qərəzli və şübhəli adlandırıb. Qəzetin yazdığına görə, bəzi beynəlxalq təşkilatların hesabatlarında müəyyən dövlətlərin, transmilli şirkətlərin geosiyasi, iqtisadi və maliyyə maraqları mövcuddur. “Azərbaycan”ın iddiasına görə, ölkəyə səfər edən bu missiyanın üzvləri heç bir araşdırma, müşahidə aparmayıb. Yayılan hesabatın əvvəlcədən hazır olduğunu yazan qəzet bunu Azərbaycana təzyiq kimi qiymətləndirib.
Rəsmi mətbuatın son hesabata belə bir reaksiya nümayiş etdirməsi hakimiyyətin narahatlığını ifadə edir. Hakimiyyət bu tip reaksiyalarla beynəlxalq təşkilatlara təsir edə bilərmi?

Hüquq müdafiəçisi Rəsul Cəfərov hakimiyyətin və rəsmi mətbuatın əlində yalnız bu vasitənin olduğunu deyir. Çünki iqtidar nümayəndələri düşünür ki, fərqli mövqeyin nümayiş etdirilməsi hakimiyyətin daha tez əldən verilməsinə gətirib çıxaracaq. Ancaq belə mövqe hakimiyyətin özünə ziyan gətirir.
Hüquq müdafiəçisinin sözlərinə görə, hakimiyyət var gücü ilə beynəlxalq təşkilatların hesabatlarını pisləməkdədir. Ancaq istər beynəlxalq təşkilatlar, istərsə də yerli hüquq müdafiə təşkilatları burda vəziyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün bütün səylərini ortaya qoyacaq.
Hüquq müdafiəçisinin fikrincə, hakimiyyətin mövqeyini dəyişməsi onun öz xeyrinə ola bilər. Ancaq hazırkı mövqe nəticə verməyəcək. Çünki beynəlxalq təşkilatların hesabatları artan xətlə davam edəcək.

Fizzə