Elçin Sadıqov Təvəkkül Qurbanovun MTN ilə əməkdaşlıq etməsini belə şərh edir
Həbs edilən jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin ailəsi onunla birlikdə saxlanılan Təvəkkül Qurbanovun Gəncədə qeydiyyatda olduğu ünvana gedən zaman maraqlı faktlar ortaya çıxıb. T.Qurbanovun yaşadığı ünvanda qapını heç kim açmasa da qonşularla söhbətdə məlum olub ki, T. Qurbanov Bakıya tez-tez gedir. P.Həşimlinin xanımı İlahə Həşimovanın qonşularla söhbətində daha sonra məlum olub ki, T.Qurbanovun MTN «xidmətindən» tez-tez istifadə edirmiş: «Qonşuları dedilər ki, o Bakıya tez-tez gəlib belə işlərlə məşğul olur. Kiminsə üzünə durub həbs etdirir. Təvəkkülün həyat yoldaşı Gəncədə MTN-nin mühasibi işləyir. Qonşulardan soruşduq ki, Təvəkkülü tutublar? Dedilər ki, yox. O tez-tez Bakıya gedib qayıdır. Qonşular eyni zamanda deyib ki, T.Qurbanov yaşadığı yerdə hamıdan kənar gəzir, heç kimlə ünsiyyət qurmur”. Bəs ortaya çıxan fakt P.Həşimlinin işiylə bağlı aparılan istintaqa necə təsir göstərəcək? T.Qurbanovun MTN ilə əməkdaşlıq etməsi bir daha P.Həşimliyə qarşı qaldırılan cinayət işinin təsadüfi olmadığını sübut edir.
P.Həşimlinin vəkili E.Sadıqov qəzetimizə açıqlamasında bildirdi ki, MTN-in ortaya çıxan bu faktı nəzərə almayacağı əvvəlcədən bəllidir. Amma vəkil hesab edir ki, T.Qurbanovun MTN ilə uzun müddətdir əməkdaşlıq etməsi hökmən nəzərə alınmalıdır: «Təvəkkül Qurbanovun MTN ilə əməkdaşlıq edən şəxs olması onu təsdiq edir ki, Pərviz Həşimliyə qarşı əməliyyat MTN tərəfindən qurulub və saxta bir cinayət işidir. Bizim Pərviz Həşimlinin işinin detalları ilə bağlı araşdırmalarımız yenə davam edir və yeni maraqlı faktlar əldə etdikcə onları ictimaiyyətə açıqlayacağıq».
Hikmət