Milli Şuranın bu gün Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirdiyi mitinqin nəticələrini siyasi liderlər yüksək qiymətləndirirlər.
Cəmil Həsənli: «İnsanlar öz haqlarına və hüquqlarına qovuşmaq istəyir»
Milli Şuranın vahid namizədi Cəmil Həsənli hesab edir ki, keçirilən mitinq Azərbaycan xalqının dəyişiklik əzmində olduğunu bir daha nümayiş edirdi: «Mitinqin nəticələrini çox yüksək qiymətləndirirəm. Yüksək çoşqulu bir mitinq keçirildi. Bu millətimizin diri olduğunun əyani göstəricisidir. İnsanlar dəyişiklik, demokratik seçki istəyir. İnsanlar öz haqlarına və hüquqlarına qovuşmaq istəyir. Bu baxımdan keçirilən mitinq gözəl seçki mitinqi idi. Adamlarda böyük ruh yüksəkliyi var idi. Xüsusilə mənim diqqətimi cəlb edən ən mühüm məqamlardan biri gənclərin aksiyada iştirakı idi. Mitinqin bazasını gənclər təşkil edirdi».
Əli Kərimli: «Mitinq xalqın özünə inamının, qələbəyə ümidinin bərpa olunduğunu nümayiş etdirdi»
Milli Şuranın vahid namizədinin seçicilərlə ilk mitinq-görüşünün müəyyən maneələrə baxmayaraq çox yaxşı keçdiyini deyən AXCP sədri Əli Kərimli də hesab edir ki, aksiya kifayət qədər kütləvi və çoşqulu alındı: «Təsdiq olundu ki, Cəmil Həsənli yalnız 3 teledebatdakı çıxışı ilə Milli Şuranın namizədindən bütövlükdə etirazçı xalqın namizədinə çevrilə bilib. Hər kəs artıq onu öz namizədi, öz lideri kimi qəbul edir. Cəmil Həsənliyə bu gün meydanda çox böyük bir xalq sevgisi nümayiş olundu. Bu mitinq Milli Şuranın və onun prezidentliyə vahid namizədi Cəmil Həsənlinin böyük uğurudur. Azərbaycan xalqının artıq biganəlik mərhələsini açdığını göstərir. Xalqın özünə inamının, qələbəyə ümidinin bərpa olunduğunu nümayiş etdirir. Hesab edirəm ki, bundan sonrakı aksiyalarda bu tendensiyanı biz müşahidə edəcəyik. İlk mitinq belə uğurlu başladısa, deməli kampaniya müddətində bizi uğurlu aksiyalar gözləyir».
İsa Qəmbər: “Videodebatlardakı uğurundan sonra bu mitinqi də Milli Şuranın növbəti uğuru saymaq olar”
Müsavat başqanı İsa Qəmbərin də fikrincə, keçirilən aksiya C.Həsənlinin Milli Şuranın vahid namizədi kimi xalqla ilk görüşü kimi çox uğurlu alındı: «Keçirilən mitinq müəyyən mənada mənə 2003-cü ildə sentyabrın 7-də «Qələbə» meydanında «Bizim Azərbaycan» blokunun keçirdiyi mitinqi xatırlatdı. Aksiyadan artıq hiss olundu ki, Milli Şuranın gələcək mitinqləri üçün bu stadion azlıq edəcək. Biz on min nəfərin aksiyamızda iştirak edəcəyini proqnozlaşdırmışdıq. Amma düşünürəm ki, aksiyada on minlə iyirmi min arasında insan iştirak edirdi. Ən önəmlisi odur ki, həm mitinqdə iştirak edənlərdə, həm də onu kənardan müşahidə edənlərdə proseslə bağlı böyük maraq var idi. Xüsusən aksiyaya gənclərin çoşqusu diqqətə layq idi. Bu Cəmil Həsənliyə və Cəmil Həsənlinin təmsil etdiyi demokratik düşərgəyə inamdan, etimaddan irəli gəlir. Gənclər, cəmiyyət inanırsa, deməli qələbəyə yaxınıq. Mitinqi uğurlu hadisə hesab edirəm. Cəmil Həsənlinin videodebatlardakı uğurundan sonra bu mitinqi də Milli Şuranın növbəti uğuru saymaq olar».
Xəyal