DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi və İçərişəhər “Cümə” məscidinin dini icması son dövrlərdə ölkənin ictimai həyatında baş verənlərlə bağlı narahatlıq məzmunlu bəyanat qəbul edib.
DEVAMM sədri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Son dövrdə ölkənin ictimai-siyasi həyatında baş verənlər bizi ciddi narahat edir. Cəmil Həsənliyə qarşı hücumlar, eləcə də Pərviz Həşimli ilə bağlı hüquq pozuntuları ölkədə onsuz da ağır olan ictimai-siyası durumu kəskin pisləşdirmişdir. Eyni zamanda, seçki mühitinin demək olar ki, tamamilə qeyri-mövcudluğu ilə səciyyələnən bir şəraitdə ədəb-ərkana, milli-mənəvi dəyərlərə daban-dabana zidd olan bir davranışlar sərgilənir. Təhqirlər, söyüşlər, təxribatlar ekranlardan ailələrin içinə girir. Onsuz da son illərdə erroziyaya məruz qalan milli-mənəvi dəyərlərə qarşı yeni bir savaş başlanıb. Sanki dəyərlərin aşınması günün normasına çevrilib. Biz bu vəziyyətdən dərin narahatlığımızı bidirir, insan haqları və azadlıqlarının təmininin alternativsizliyini, milli-mənəvi dəyərlərin qorunub saxlanmasının mühümlüyünü diqqətə çatdırırıq.
Biz bir daha baş verənlərlə bağlı narahatlığımızı ifadə edir və baş verənlərin yolverilməzliyini diqqətə çatdırırıq”.