Qurban Məmmədovdan : «Siz bu qanunsuz qərarınızla vətəndaşların vəziyyətini daha da ağırlaşdırmısınız. Niyə?»
«Bu millətə belə nifrət etməyinizin səbəbi nədir, ona pislik etmək arzunuz nədən qaynaqlanır?»
Tanınmış hüquqşünas, siyasi baxışlarına görə hazırda həbsdə olan Qurban Məmmədov Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə məktub ünvanlayıb:
***
Konstitusiya Məhkəməsinin 18 iyun 2013-cü il tarixli qərarı insana, insan həyatına, bu Vətənə nifrətin və düşmənçiliyin açıq nümunəsidir. Bu millətə belə nifrət etməyinizin səbəbi nədir və ona pislik etmək arzunuz nədən qaynaqlanır?
Çox təəssüf ki, Konstitusiya Məhkəməsinin ən mürtəce və qanunsuz qərarları məhz Sizin sədrliyinizlə qəbul edilib. Əmin olun ki, tarix həmin qərarları hazırlayan, sifariş edən, tərtib edənləri yox, Sizi və Sizin imzanızı tanıyacaq, ittiham edəcək, lənətləyəcək. Buna şübhəniz olmasın!
18 iyun 2013-cü il tarixli qərarla yeni norma müəyyənləşdirmisiniz:
“Cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir”.
Əvvəla, bu qanunsuz mövqe Ali Məhkəmənin Plenumunun 28 iyun 2002-ci il tarixli 2 saylı qərarının 2-ci bəndində nəzərdə tutula-tutula Sizi və Konstitusiya Məhkəməsini bu cinayətə (bəli, bu əsl cinayətdir, çünki bu qərarla 11 ildir insan hüquqları ölkəmizdə kütləvi surətdə pozulur) bulaşdırmağa nə ehtiyac olub? Bu kimə lazım idi? Görünür, Ali Məhkəmənin bu qanunsuz qərarına qanunilik donu geyindirməyin vacibliyini dərk ediblər.
Mən bu qərarın mənim həbsimdən sonra qəbul edilməsini tam təsadüf hesab edirəm. Ümid edirəm ki, rejim adamlara görə qanun qəbul eləmək, qanunlara şərh verdirmək təcrübəsindən əl çəkib. Xatırlayarsınız yəqin, mən 1998-ci ildə həbs olunduqdan sonra 1-ci mən azadlığa çıxanadək, yəni 2003-cü ilin 4 fevralınadək mənim o vaxt ittiham edildiyim 178-ci maddə (indiki 296 – bilə-bilə yalan xəbər vermə) amnistiya aktlarına salınmırdı. Inanıram ki, bu dəfə Siz bu çirkin oyunlarda iştirak etmirsiniz.
Ikincisi, Konstitusiya Məhkəməsinin şərh verdiyi CM-nin 66.1 və 66.2-ci maddələri o qədər aydın yazılıb və başqa maddələrlə müqayisədə o qədər aydın başa düşülür ki, bu normaların şərhə, izaha heç bir ehtiyacı yoxdur. Əslində, Şirvan Apelyasiya Məhkəməsinin müraciətində qeyd olunan 66-cı maddənin tətbiqindəki çətinliklər qanunun aydın olmaması ilə bağlı deyil, Ali Məhkəmənin Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 2-ci bəndinin qanunsuzluğu ilə bağlıdır.
Qanunverici çox açıq-aydın şirin ana dilimizdə, “azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi” (CM-nin 56-cı maddəsi) və cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi (CM-nin 66-cı maddəsi) zamanı cəzaçəkmə müəssisəsinin növünün (rejimin) müəyyənləşməsi barədə öz mövqeyini ifadə edib.
Konstitusiya Məhkəməsinin həmin qərarında isə istinad edilən, şərh edilən hüquqi anlayışlar, normalar sadəcə, qərara qanunilik, elmilik və obyektivlik donu geydirmə cəhdindən başqa bir şey deyil. Qərar çox savadsız, kəsərli, əsaslı, mötəbər arqumentlər olmadan tərtib edilib. Tərsi də mümkün deyil. Çünki niyyət çirklidir, obyektiv deyil. Çünki qaranlıq otaqda olmayan qara pişiyi tapmaq cəhdidir. Nəticə belə də olmalı idi.
Qərarınızın qanunsuz və qərəzli olduğunu, əsassız və siyasi tapşırıqla qəbul edildiyini hüquq normaları ilə izah etməmişdən öncə oxuculara aydın olsun deyə, onlara bir misal göstərmək istəyirəm.
Hörmətli oxucu! Hörmətli potensial məhkum olan Azərbaycan vətəndaşı!
Təsəvvür edin ki, Sizlərdən biri CM-nin 169.1-ci maddəsində nəzərdə tutulan (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) cinayəti törətmisiz. Bu əmələ görə maksimum cəza – məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə (CM-nin 56.1.1-ci maddəsi) 2 il azadlıqdan məhrum etmədir. Siz eyni zamanda həm də CM-nin 192.1-ci maddəsində nəzərdə tutulan (qanunsuz sahibkarlıq) cinayəti törətmisiniz. Bu əmələ görə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə maksimum 6 ay azadlıqdan məhrum etmədir. Maksimum hədd 6 ay olsa da, məhkəmə 3 ay da verə bilər.
Indi diqqət edin!
Məhkəmə Sizi hər iki cinayətdə təqsirli bilir və CM-nin 263.1-ci maddəsinə görə 2 il (CM-nin 269.2 və 263.3-cü maddəsinə görə məhkəmə sizi maksimum 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum etsə də, CM-nin 56.1.1-ci maddəsinə əsasən eyni nəticə ola bilər), CM-nin 192.1-ci maddəsinə görə isə 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edir və CM-nin 66.2-ci maddəsinə uyğun olaraq, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir, yəni Sizi qəti olaraq 2 il azadlıqdan məhrum edir. Qalır cəzaçəkmə müəssisəsinin növünün (rejimin) müəyyənləşdirilməsi.
Konstitusiya Məhkəməsinin bu qərarı tələb edir ki, Siz CM-nin 263-cü maddəsi ilə əhatə edilərək aldığınız cəzanı islah əmək müəssisəsində çəkməlisiz.
Aldığınız cəzanın 3 ayı qanunla islah əmək müəssisəsinə, 2 ili isə məntəqə tipliyə aiddir. Ancaq Konstitusiya Məhkəməsi deyir ki, bunlar qarışdırılaraq müddət daha ağırla, rejim isə yüngüllə əhatə edilməlidir.
Hörmətli Fərhad Abdullayev!
CM-nin 263.1 və 192.1-ci maddələri hər ikisi də CM-nin 15.2-ci maddəsinə əsasən (cinayətlərin təsnifatı) “böyük ictimai təhlükə törətməyən cinayətlər” hesab olunur. Yəni, cinayətlərin ağırlığı dərəcələrinə görə, əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcələrindən asılı olaraq hər iki cinayət eyni qrupa daxildir. Bəs eyni qrupa daxil olan, ağırlıq dərəcələri eyni olan bu iki əməli necə, hansı əlamətlərinə görə birini digərindən fərqləndirmək lazımdır? Siz bunların hansını ağır hesab edirsiz? Axı şərh etdiyiniz CM-nin 66.2-ci maddəsində deyilir ki, “cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə … qəti cəza təyin edilir”.
Bu iki maddənin (263.1 və 192.1 və ya … 299.1) daha 2 ciddi cəzalarını ayıran nədir: cəzanın müddəti, yoxsa cəza ilə birlikdə həm də cəzaçəkmə müəssisəsinin növü (rejim)?
Bal ilə şorun qiymətinin eyni olduğu məmləkətdə Bəhlul Danəndənin başına gələn əhvalatı oxumusunuzmu? Bir də oxuyun, həm də diqqətlə…
Aşağıda diqqətinizə çatdıracağım maddi hüquq normalarını və həmin qərarı ona səs vermiş hakim həmkarlarənızla bir yerdə oxuyun və qərarınızı yenidən müzakirə edin.
1. Cinayət Məcəlləsinin 1.3-cü maddəsi:
“Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil edildikdən sonra tətbiq oluna bilər”.
Hələ ki, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, yəni, cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi yolu ilə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilə bilməsi barədə hər hansı qanun bu Məcəlləyə daxil edilməyib. Əksinə, qanunverici, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini, CM-nin 56.4-cü maddəsində nəzərdə tutulan əsaslardan başqa hallarda dəyişdirilməsini “yalnız” sözü ilə qadağan edib.
CM-nin 56.4-cü maddəsi: Cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər:
56.4.1 – Cinayətə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə;
56.4.2 – Qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı.
Bəs Siz nə etmisiniz? Konstitusiya Məhkəməsi norma yaradan orqan deyil. Siz bu qanunsuz qərarınızla Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyim qərarı kimi vətəndaşların vəziyyətini daha da ağırlaşdırmısınız. Niyə? Bu millətin çörəyini yeyib, qanına susamağınızın səbəbi nədir, axı?
2. CM-nin 5-ci maddəsi – Qanunçuluq prinsipi:
5.1 – Əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
Rejim – cəzaçəkmə müəssisəsinin növü təyin edilmiş cəzanın tərkib hissəsidir və ayrılıqda qiymətləndirilə bilməz.
Insan yalnız törətdiyi cinayətə görə və yalnız bu Məcəllədə həmin cinayətə görə nəzərdə tutulan cəza növü ilə cəzalandırıla bilər.
Cəzaçəkmə müəssisəsinin növü (rejim) cəzanın tərkibi, həm də ayrılmaz tərkib hissəsi kimi yalnız Məcəlləilə müəyyən edilir. Konstitusiya Məhkəməsi isə səlahiyyət həddini aşaraq, yeni norma yaradıb.
CM-nin 41-ci maddəsi:
3. 41.1 – Cəza məhkəmə hökmü ilə təyin edilən hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
41.2 – Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.
Rejim – cəzaçəkmə müəssisəsinin növü də cəzanın ayrılmaz tərkib hissəsi kimi, hüquqi xarakterli tədbirdir və məhrumiyyət və məhdudlaşdırmaların həcminə görə bir-birindən kəskin fərqlənir. Ona görə qanunverici, rejimin dəyişdirilməsinin əsasını qanunda (CM-56.4 maddəsi) dəqiq göstərib və Konstitusiya Məhkəməsinin belə bir qərar qəbul etməsini əvvəlcədən “qadağan” edib. Konstitusiya Məhkəməsi şərh verə bilər, norma yarada bilməz.
Hörmətli Fərhad Abdullayev!
Siz necə fikirləşirsiniz, qəsdlə törətdiyi cinayətə görə 3 aylıq cəzasını ehtiyatsızlığa görə cinayətinin hesabına 2 il müddətində ümumi rejimli cəzaçəkmə müəssisəsində az ağır və ağır cinayət törədənlərlə bir yerdə keçirən gəncin islah olunmasına Sizin bu qərar doğrudanmı yardım edəcək?
Hakim kimi cavab verməmişdən əvvəl, normal insan və valideyn, pedaqoq, vətəndaş kimi cavab verməyə çalışın.
4. CM-nin 55-ci maddəsi. Diqqətli olun! Müəyyən müddətə azadlıqdan məhrum etmə.
Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir…
Cənab Fərhad Abdullayev!
Görürsünüzmü, qanunverici azadlıqdan məhrum etməni sadəcə sözlərlə və quru rəqəmlərlə ifadə etməyib. Faktiki azadlıqdan məhrumetmə cəzasının 4 növü (rejimdən asılı olaraq) müəyyənləşdirilib. Çünki Konstitusiya Məhkəməsindən fərqli olaraq, görünür, bu normanı qəbul edən insanlar rejimlərin fərqini və məhkumlara islah təsirlərini yaxşı bilirlər.
Bir sözlə, təyin edilən cəza müddətlə birlikdə həm də rejimi, cəzaçəkmə müəssisəsinin növünü özündə ehtiva edir və qətiyyən bir-birindən ayrıla bilməz.
Yəni, CM-nin 66-cı maddəsi tətbiq edilərkən müddəti bir maddədən rejimi digərindən götürmək olmaz. Hansı cəza daha ciddi cəza hesab edilirsə, hansı cəza ilə əhatə edilirsə, o cəzanın da müddəti və rejimi saxlanılmalıdır. Adım kimi əminəm ki, Siz bütün bunları məndən də yaxşı bilirsiniz, nə baş verdiyini əla başa düşürsünüz.
Sadəcə, etiraz etməyə, istefa verməyə özünüzdə güc tapa bilmirsiniz.
Siz gözəl bilirsiniz ki, Konstitusiyanın 28-ci maddəsinin (Azadlıq hüququ) II hissəsinə əsasən, Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Qanunda isə ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkə biləcəkləri barədə qanunda nəzərdə tutulan heç bir qayda yoxdur. Konstitusiya Məhkəməsi isə belə qaydalar müəyyənləşdirən, norma yaradan orqan deyil.
Bunlar məsələnin hüquqi, qanuni tərəfləridir. Insani, məntiqi, ağlabatan tərəflərinə gəldikdə isə, Ulu Xalqımız bu barədə çoxdan deyib:
Keçini keçi ayağından, qoyunu qoyun ayağından,
Hər dərdin öz dərmanı,
Yağ ilə şora fərq qoymayandan insanlıq gözləmə… və s.
Hörmətli Fərhad Abdullayev!
Sizcə, 2 kq camış əti ilə yarım kilo quzu ətini bir qazanda bişirmək olarmı? Balla kartof necə, bir boşqaba qoyularmı?
300 qram dəmirlə 2 kq qızılı qarışdırıb alınan kütləni (cinayətlərin məcmusunu) ya dəmir, ya da qızıl qiymətinə sata bilərsinizmi?
Sizi həmişə zövqlə səliqəli geyinən görmüşəm. Bahalı kostyum həvəskarı olduğunuzu da eşitmişəm. Siz “Versage”dən olan yun kostyumla Bakı sexlərində tikilən və ya Çin istehsalı olan 80 faizi polietilen kostyumu bir yerdə almalı olsanız, ikisinə də “Versage”nin qiymətini verərsinizmi? Ikisinin də adı kostyumdur (azadlıqdan məhrumetmədir), ikisi də bir yerdə (cinayətlərin məcmusu) alınır, bir nəfərə – sizə alınır. Sizi bilmirəm, ancaq Azərbaycanda elə bir tacir olmaz ki, hər iki kostyumu Sizə Çin qiymətinə versin. Axı eynidir deyə, yunla pambıqdan olan kostyuma eyni qiymət vermək olmaz.
Cavabları bilməyinizə şübhəm yoxdur.
Mən sizin diqqətinizi həqiqətən də Konstitusiya Məhkəməsinin şərhinə ehtiyac olan və bu problemi obyektiv olaraq həll edə biləcək başqa bir məsələyə yönəltmək istəyirəm.
CM-nin 66.2-ci maddəsində deyilir: Cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə, yaxud da qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.
CM-nin 263.1 və 192.1 (eləcə də 299.1)-ci maddələri hər ikisi böyük ictimai təhlükə törətməyən cinayətlərdir.
263.1 – maksimum 2 il azadlıqdan məhrumetmə – məntəqə tipli cəzaçəkmə müəssisəsini nəzərdə tutur.
192.1 – maksimum 6 ay – ümumi rejimli cəzaçəkmə müəssisəsi.
Siz necə fikriləşirsiniz: Bunlardan hansı daha çox ciddi cəza nəzərdə tutur? Bunu ayırmağın meyarı nədir?
Şəxsən Siz hansına üstünlük verərdiniz: 3 ay ümumi rejimlidə qalmağa, yoxsa 1 il məntəqə tiplidə olmağa? Məsələn, Allah göstərməsin, övladınıza hansını rəva bilərdiniz: 6 ay ümumi rejimli; az ağır və ağır cinayət törədənlərlə bir yerdə qalmağı, yoxsa 3 il məntəqə tiplidə olmağı?
Bax, özünüz və övladınızla bağlı bu suala səmimi olaraq cavab versəniz, problemin həlli yolunu dəqiq tapacaqsınız. Çətinlik çəksəniz, mütləq həmin qərarı hazırlayan məruzəçi olmuş hörmətli Isa Nəcəfovdan soruşun. Çünki keçmiş prokuror və bu rejimin əxlaqına yaxından bələd olan biri kimi o bilir ki, bu ölkədə heç kim həbs olunmaqdan sığortalanmayıb və heç kimin nə vaxtsa qanunsuz təqib olunmayacağına təminat yoxdur.
Konstitusiya Məhkəməsinin qərarında qoyulmuş suala düzgün cavab tapmaq üçün əvvəl eyni növdən olan cinayətlər arasında hansının daha ciddi cəzalı olmasını müəyyənləşdirən meyarları tapın, ondan sonra cinayətlərin məcmusu zamanı qəti cəza müəyyən edərkən elə həmin ciddi cəzalı cinayətin də rejiminin tətbiqi heç kimdə şübhə doğurmayacaq.
Misal üçün məhkəmə 263.1-ci maddəni daha ciddi cəzalı hesab edib 192.1-ci maddəni onunla əhatə edəcəksə, 263.1-ci maddə ilə təyin edilmiş müddət və rejim də tətbiq edilməlidir. Yox, əgər məhkəmə (bu məsələ tərəflərin razılığı ilə prosesdə də müəyyənləşdirilə bilər) 192.1-ci maddəni ciddi cəzalı hesab edib 263.1-i onunla əhatə edəcəksə, onda təqsirləndirilən şəxsə maksimum 6 ay azadlıqdan məhrumetmə və ümumi rejim tətbiq edilməlidir.
Bu hallarda maneə tərəflərin ittiham və müdafiə tərəfinin razılığı da rol oynaya bilər.
Çünki adam var ki 3 ay ümumi rejimlidə olmaqdansa, 5 il məntəqə tiplidə və ya əksinə, 3 il məntəqə tiplidə olmaqdansa (ayda 100 manat ödəmək hər adamın imkanı daxilində deyil), 6 ay ümumi rejimlidə olmağa üstünlük verir.
O ki qaldı mənə, mənim üçün Azərbaycanımın hər yeri Vətəndir, əzizdir mənə. Mən burada Sizdən və qanunsuz tapşırıqla qərar qəbul etməyə məhkum edilmiş həmkarlarınızdan çox azadam. Bizi ayıran isə sadəcə, dəmir barmaqlıqlardır. Mən Sizi orada görürəm – barmaqlıqlar arxasında. Sadəcə, gəzinti yeriniz bir qədər genişdir. Mənsə çox gəzməyə vərdiş etməmişəm.
P.S. Nə qədər ki, gec deyil, istefa verin. Axı Siz abırlı adamsınız. Heç olmasa, nəvələriniz Sizin indiki durumunuzdan xəcalət çəkməzlər.