«İlham Əliyev 75 milyonluq Dubay mülklərinə, ölkədən çıxarılan 48 milyarda aydınlıq gətirməlidir!»
İctimai Televiziyadakı çıxışlar zamanı bölgələrdə işıqlar söndürülüb
Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində dünən Ictimai Televiziyada üçüncü çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli bu dəfə də Əliyevin korrupsiya əməllərindən tutmuş, ölkədə sosial-iqtisadi durumun acınacaqlı olmasına qədər bir xeyli məsələlərdən danışdı.
Onu da qeyd edək ki, bundan əvvəlki iki debatda Ilham Əliyevi YAP-ın icra katibi Əli Əhmədov təmsil edirdisə, dünənki debatda onun nümayəndəsi Səyavuş Novruzov idi.
Cəmil Həsənli çıxışına xalqı metronun “Inşaatçılar” stansiyasının yaxınlığında yerləşən Idman-Sağlamlıq Kompleksinin stadionunda bu gün saat 16.00-dan 18.00-dək keçiriləcək mitinqə çağırmaqla başladı.
Milli Şuranın vahid namizədi əvvəlki iki debatdan fərqli olaraq, bu dəfə 6 dəqiqəlik vaxtdan bir dəfəyə istifadə etdi:
– Söhbətimin əvvəlində xatırlatmaq istəyirəm ki, sabah (bu gün-red.) “Inşaatçılar” metrostansiyasının yaxınlığında “Məhsul” stadionunda mənim seçicilərlə mitinq xarakterli görüşüm var. Sizin hamınızı – tələbələrimizi, gənclərimizi, təqaüdçülərimizi, bir sözlə, bütün vətəndaşlarımızı bu mitinqə dəvət edirəm. Burada vaxt az olduğundan biz platformamız haqda danışa bilmirik. Ona görə sabah (bu gün-red.) saat 4-də o barədə sizə geniş məlumat verəcəyik.
Görürəm ki, Qüdrət bəy (Həsənquliyevi nəzərdə tutur-red.) mənim əleyhimə kompramat tapmaqda çətinlik çəkir. Qüdrət bəy, mənim bu kitabımda da Heydər Əliyevin adı çəkilir. Bunu sizə verirəm ki, diqqətlə oxuyasınız və gələn verilişdə materialınız olsun.
Əziz seçicilər! Bilirsiniz ki, bundan öncəki iki debatda müəyyən fikirlər səsləndirmişdim. YAP-ın icra katibi Əli Əhmədovdan onlara cavab istəmişdim. Əslində, mənim suallarım respublika prezidenti Ilham Əliyevə yönəlmişdi. Ona görə Ilham Əliyevə yönəlmişdi ki, cənab Əliyev prezident olmaqla yanaşı, həm də namizəddir və biz sivil dünyaya inteqrasiya olunmaq istəyirik. Sivil dünyanın qaydaları belədir ki, haradasa prezident, yüksək vəzifəli şəxs haqqında material gedirsə, onun izahı verilməlidir. Əli müəllim bu izahı verə bilmədi. Ümid edirəm ki, Əli müəllimdən fərqli olaraq, Səyavuş Novruzov hüquqşünasdır və mənim dediklərimi hüquqi baxımdan daha doğru qəbul edəcək.
Mən qanunsuz bir şey deməmişəm ki… Demişəm ki, prezidentin oğlunun 75 milyonluq 11 mülkü var. Dubay hökumətinin bu barədə rəsmi mülk kağızları var. Buna aydınlıq gətirilsin. Mən demişəm ki, beynəlxalq jurnalist təşkilatı Vircin adalarında araşdırmalar aparıb və Azərbaycanın hakim ailəsinə məxsus 48 milyard dollar vəsaitin olduğunu aşkarlayıb. Burada qanunsuz nə var? Biz deyirik ki, 10 il Azərbaycana rəhbərlik etmiş bir şəxs bütün bunlara öz ölkəsinin vətəndaşı qarşısında aydınlıq gətirsin.
Biz demişik ki, Nyu-York məhkəməsi xüsusi qərar qəbul edib. Qərarı Azərbaycan hökuməti qəbul edib. Məlum olub ki, həmin dövrdə Dövlət Neft Şirkətində vitse-prezident işləyən bugünkü prezident şirkətlərin birindən vəsait alıb. Indi həmin vəsaiti Nyu-York məhkəməsinin qərarı ilə Azərbaycanın dövlət büdcəsinin hesabına qaytarmaq istəyir.
Bu yaxınlarda Avstriya prokurorluğu Bəşər Əsədin pullarını axtaranda Azərbaycanın da pulları çıxıb. Yoxlamalar nəticəsində məlum olub ki, Bəşər Əsədin nümayəndəsi Suriya banknotlarını kəsməkdən ötrü 14 faiz müqavilədən artıq, Azərbaycan hakimiyyəti isə 21 faizdən artıq rəqəmlər daxil edib. Sonra həmin rəqəmlər Avstriyadan birbaşa Panamadakı hakim ailəyə məxsus banklara köçürülüb.
Əzizlərim, siz də bu respublikanın vətəndaşlarısınız və mən deyirəm ki, bizim ölkəmizdə sivil münasibətlər olsun. Bir fakt deyilirsə, bunlar açıqlansın və cavab verilsin.
Azərbaycan neft ölkəsidir. Neft gəlirləri artdıqca ölkə avtoritarlaşdı. Məsələn, neft ölkələrində təcrübələr var, bu qədər vəsaitlərdən Azərbaycan vətəndaşlarına ayda 10 manat verilsə, bu heç 1 milyard etmir. Bu nə böyük puldur ki, bunu vətəndaşlara vermirlər?
Biz vətəndaşların əməkhaqlarının artırılmasının əleyhinə deyilik. Ancaq seçki başlayandan sonra namizədlərdən birinin vətəndaşların maaş və təqaüdlərini 10 faiz artırması seçki qanununa kökündən ziddir. Normal bir ölkə olsaydı, həmin adamın namizədliyi o dəqiqə ləğv oluna bilərdi.
Bu ölkə bizimdir. Buranın yaxşısı da, pisi də bizimdir. Dəhşət burasındadır ki, ölkənin sərvətlərinin böyük bir hissəsi hakim ailənin əlinə keçib. Məsələn, ilkin ekspert rəylərinə görə, ölkənin milli sərvətlərinin maliyyə vasitələrinin 75 faizi hakim ailənin əlinə keçib.
Əzizlərim, niyə bank kreditlərinin faizləri bu qədər yüksəkdir? Niyə Azərbaycan vətəndaşı 25-33 faiz arasında kredit ödəməlidir? Bu onunla bağlıdır ki, ölkənin on bankının yeddisi hakim ailənin əlinə keçib və kredit verən banklar da həmin banklardır. Bu hökumət xarici ölkələrə həmin krediti 1,9 faizlə verir, öz vətəndaşına isə 25-33 faizlə. Ona görə də biz bu kreditlərin faizlərinin azalâdılmasını, onların müəyyən hissəsinin dövlət hesabına ödənilməsi barədə müəyyən bir qərara gəlməliyik.
Qalan məsələlər barədə gələn görüşlərimzidə deyəcəyəm. Sağ olun!
***
Cəmil Həsənli çıxışını bitirib studiyanı tərk edərkən özü ilə gətirdiyi kitabı Qüdrət Həsənquliyevin qarşısına qoyub getdi.
***
Onu da əlavə edək ki, ITV-də debat başlayarkən bir neçə rayonun kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Astara rayonunun Ərçivan və bir neçə başqa kəndində işıqlar söndürülüb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, analoji hal Saatlı və Lənkəranın kəndlərində də baş verib. Həmçinin rayonların mərkəzlərində internet klubların bir çoxları işləməyib.