Bəşər Əsəd kələkbazlıq etsə…

Rusiya Suriya məsələsində mövqeyini dəyişəcək

Obama BMT-ni Suriya ilə bağlı qətnaməyə səs verməyə çağıracaq

ABŞ prezidenti Barak Obama sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcək. Bunu jurnalistlərə Obamanın milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods deyib. Rods bildirib ki, Obama çıxışı zamanı BMT-ni Suriyaya hərbi müdaxiləni nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsini qəbul etməyə çağıracaq.
Bu arada, Rusiya da Suriya ilə bağlı fərqli mövqedən çıxış edib. Rusiya prezident administrasiyasının rəhbəri Sergey Ivanov bildirib ki, prezident Bəşər Əsədin kələkbazlıq etdiyini görsələr, Suriya probleminə dair mövqelərini  dəyişə bilərlər. Rusiyanın yaranmış vəziyyətdə necə hərəkət edəcəyi haqda suala o, belə cavab verib: “Yalnız diplomatik yolla. Başqa nə edə bilərik ki?”(APA).
Suriyada Bəşar Əsədin hökumət qüvvələrinə qarşı vuruşan yüzlərlə döyüşçüsünün yer aldığı bir neçə qrup rəsmən “Əl-Qaidə”yə keçdiyini bəyan edib. Bu barədə dünən jurnalistlərə Suriya müxalifətinin təmsilçiləri bildiriblər. “Əl-Qaidə”yə keçənlər arasında ayrı-ayrı üsyançı qruplar deyil, həm də ölkənin şərqində və şimalında yerləşən tam hərbiləşmiş birləşmələr də var. “Reuters”ə açıqlama verən Rəqqa bölgəsindən olan fəalın dediyinə görə, bu, regionda onsuz da mürəkkəb olan durumu gərginləşdirir: “Bu, radikal qrupların artan nüfuzundan xəbər verir. Nəticədə, bütün region cihad təmsilçilərinin əlinə keçə bilər”.
Dünən Suriyada hökumətə qarşı döyüşən Azad Suriya Ordusu (ASO) ilə Iraq və Şam Islam Dövləti (IŞID) silahlı qrupları arasında qarşıdurma olub. Qarşıdurma Azez şəhərindəki bir xəstəxanada yaralıları müalicə edən 3 alman həkimin yaralıları kameraya çəkməsi nəticəsində yaranıb. IŞID silahlıları həkimləri həbs etmək istəsə də ASO silahlıları buna qarşı çıxıblar. Qarşıdurma zamanı IŞID yaxınlıqdakı bütün qüvvələrini Azez şəhərinə çəkərək şəhərə nəzarəti ələ alıb. Tərəflər arasında baş vermiş döyüşdə 10 nəfər həyatını itirib. Qarşıdurmaya bölgədə Əsəd hökumətinə qarşı döyüşən digər qrupların səyi ilə son qoyulub. Qeyd edək ki, bundan əvvəl ASO və “Nüsra Cəbhəsi” döyüşçüləri arasında da silahlı qarşıdurmalar baş verib.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı isə dünən  bəyan edib ki, Suriyanın kimyəvi silahlarının zərərsizləşdirilməsi ilə bağlı bu günə planlaşdırlan toplantı təxirə salınıb(anspress). Xatırladaq ki, toplantının bazar günü 41 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilməsi planlaşdırılırdı. Iclasda Suriyadakı son vəziyyət və silahların məhvi müzakirə edilməli idi. Belə ki, ABŞ və Rusiya arasında Cenevrədə keçirilən görüşdə Bəşər Əsəd rejiminin bir həftə içərisində kimyəvi silahlar barəsində məlumat verməsi haqqında qərar qəbul edilmişdi.