Bilənlər bilir, bilməyənlər də bilsin. “Təkamül nəzəriyyəsinin süqutu” kitabını Harun Yəhya yazıb. Bu, bəlkə də dünya tarixində yeganə kitabdır ki, onu oxumadan, sadəcə, müəllifinə baxaraq orada yazılanlarla razılaşmaq olar.
Bəli, əgər təkamül nəzəriyyəsi doğrudursa, XXI əsrdə Harun Yəhya qafasında, Harun Yəhya düşüncəsində olmaq necə mümkündür?!
Lütfən, bir də “bu Harun Yəhya kimdir” deyə soruşmayın. Internet üzərindən axtarıb, araşdırıb bir-iki videosunu tapın, baxın, nə demək istədiyim söhbətə, türklər demiş, hələ də “fransız” qalanlara aydın olacaq.
Əlbəttə, eyni məntiqlə əksini də iddia etmək mümkündür, bəşəriyyət tarixinin zəkaca kifayət qədər parlaq simaları var ki, onların nümunəsində təkamül nəzəriyyəsinə inanmaq da olar. Amma böyük ehtimalla onlar bizim planetdən deyillər, “yadplanetlilər” adlandırdıqlarımız da məhz onlardır.
Elə öz təcrübəmizdən götürək: Üzeyir Hacıbəyovu yetişdirən xalq bir neçə il sonra necə kütləvi şəkildə Üzeyir Mehdizadə fanatı ola bilərdi? Aydın görünmürmü ki, Hacıbəyov böyük mənada bizə YADdır, GƏLMƏdir, “başqa planetli”dir?!
Yaxud Axundov doğrudan da bizə YAD deyildisə, onu yetişdirən xalq necə Şeyx Nəsrullaha inana bilərdi və inandı da?!
Eyni absurdları yaşayan xalqlar az deyil və bu, onların timsalında istər-istəməz təkamül nəzəriyyəsinə şübhələr yaradır. Təkamül varsa, bəs niyə hələ də hafiz hacıyev var? Təkamül yoxdursa, onda bəs niyə Cəmil Həsənli də var? Nə isə, lap adamın ağlı qarışır. Çaş-baş qalırsan. Qəti nəsə demək olmur.
Amma elə nəzəriyyələr var ki, onların doğruluğuna bir azərbaycanlı olaraq, məndə əsla şübhə yoxdur. Məsələn, Hegel dialektikası…
Hegel inkişafın müəyyən mərhələdə dayandığını iddia edirdi. Razılaşmamaq mümkün deyil: bəlkə bir az xırdaçılıq kimi görünəcək sizə, amma yenə də Üzeyir Hacıbəyov nümunəsində davam edək – o, inkişafın başlanğıcı idi və bu inkişaf Üzeyir Mehdizadədə dayandı.
Ancaq yaptokratların məntiqi Hegeli inkar edir, bu məntiqə görə doğru olan Gertsen dialektikasıdır, yəni inkişafın sonu yoxdur, inkişaf sonsuzdur.
Bəli, inkişaf sonsuz və analoqsuzdur, dəhşətli dərəcədə sürətlidir, hətta arada bir az yavaşlamaq lazım gəlir.
Kimlərsə bu sətirlərin müəllifini yüzillərdir tərəqqipərvər, üstünzəkalı insanların dartışdığı məsələlərə belə ironik münasibətə görə qınaya bilər, amma inanın ki, burada heç bir ironiya-filan yoxdur, biz sadəcə, bu vəziyyətdəyik, bizim reallığımız, bizim dərdlərimizin, ağrılarımızın miqyası budur. Biz hər şeyə – həyata, ədəbiyyata, incəsənətə, siyasətə fəlsəfəyə məhz bu miqyasda yanaşmağa məcburuq. Axı nə qədər qalınqabırğalı olasan ki, hansısa kitabına görə bir yazıçının qulağının kəsilməsinə fətva verən, siyasi düşüncəsinə görə bir professora, onlarla kitab müəllifinə milyonların gözü önündə butılka atan mağara təfəkkürlü birindən mədət uman hakim zehniyyətin idarə etdiyi ölkədə yer-göy, insan-zaman-məkan, təkamül nəzəriyyəsi kimi dərinliklərə baş vurasan. Adama deməzlərmi, “sən hələ get çarığını dəyiş, sonra gəl!”
Bəli, nə qədər şablon, təkrarçılıq kimi görünsə də, təəssüf ki, həqiqət budur: aradan yüz il keçib və dəyişən heç nə yoxdur. Bu ölkənin barmaqla sayılacaq qədər az beyinli, zəkalı insanı hələ də bir çox xalqların yüz il, iki yüz il, üç yüz il əvvəl həll etdikləri məsələlərlə uğraşmaqda, əlləşməkdə davam edir. Bataqlıq onları da udacaq. Necə ki, vaxtilə udmuşdu.
Baxın, indi biz tariximizdə Mirzə Cəlilin varlığına görə sevinirik, halbuki, kədərlənməliyik. Niyə? Çünki o, istedadını Şeyx Nəsrullahlarla, Novruzəlilərlə, Xudayar ağalarla bağlı problemin həll edilməsinə xərcləməyə məcbur idi. Halbuki, bunu ondan əvvəlkilər həll etmiş olsalardı, kim bilir, yəqin biz indi onun haqqında daha böyük miqyasın, arealın yazıçısı kimi danışırdıq.
Indi özünüz deyin: Mirzə Cəlil üçün sevinməliyikmi, kədərlənməliyikmi?
Bəs onun bugünkü varisləri, onun yolunun bugünkü yolçuları üçün necə?
***
Söhbətin bu bölümünü toparlayaq artıq:
Bəli, Gertsen Hegel dialektikasını rədd edirdi. O, inkişafın müəyyən mərhələdə dayandığını düşünən Hegeldən fərqli olaraq, hesab edirdi ki, inkişafın sonu yoxdur.
Azərbaycanlıların dialektikası isə onların hər ikisini rədd edir: inkişaf özü yoxdur…