Riçard Morninqstar: «Seçkilər azad və ədalətli keçirilsin ki, Azərbaycan xalqı istədiyi namizədi seçsin»
“Biz seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini istəyirik”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncəyə səfəri zamanı mətbuata açıqlamasında bildirib.
Gəncə şəhər Icra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə keçirilən görüşdə amerikalı səfir qarşıdakı prezident seçkiləri barədə fikir mübadiləsinin aparıldığını bildirib. R.Morninqstar qeyd edib ki, səfirliyin müşahidəçilər qrupu Gəncəyə səfər edəcək və seçki prosesini izləyəcək: “Biz istəyirik ki, seçkilər azad, ədalətli və şəffaf şəkildə keçirilsin. Icra Hakimiyyətinin başçısı bildirib ki, onların da belə istəyi var. Səfirlik olaraq yenə bildiririk ki, biz seçkilərin azad və ədalətli keçirilməsinə çağırırıq. Hər hansı bir namizədi dəstəkləmirik, nə də ona qarşı çıxmırıq. Bu, Azərbaycan xalqının etməli olduğu seçimdir. Bir daha çağırırıq ki, seçkilər azad və ədalətli keçirilsin ki, Azərbaycan xalqı istədiyi namizədi seçsin”.
R.Morninqstar Gəncədə 4 dairə seçki komissiyasının rəhbərliyi ilə görüşüb, sonra həyat yoldaşı Faith Morninqstarla birgə Gəncədə keçirilən “Qadın liderliyi” konfransına qatılıb.
Amerikalı diplomat Gəncənin yaxınlığında məcburi köçkünlər üçün salınan qəsəbə ilə də tanış olacaq. Səfirin Gəncədə və ətraf rayonlarda fəaliyyət göstərən sülh korpusu və QHT nümayəndələri ilə görüşəcəyi də gözlənilir.