Xüsusi missiyalı səfər

Novruz Məmmədov ABŞ-a və Türkiyəyə  ölkə rəhbərinin xüsusi tapşırığı ilə gedib

Rahim Hacıyev: «Xoşagəlməz vəziyyətin mövcudluğu hakimiyyəti ABŞ-a elçi göndərməyə vadar etdi»

Sentyabrın 18-də ABŞ-a səfərə gedən Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ordan Türkiyəyə yola düşüb. PA rəsmisinin bu səfərlərinin seçki ərəfəsində baş tutması isə təsadüfi deyil. Görünür, rəsmi Bakı Vaşinqtonun seçki ilə bağlı rəyini yumşaltmağa, Ankaradan isə növbəti dəfə dəstək almağa çalışır. Bu mənada Novruz Məmmədovun hər iki ölkəyə ölkə rəhbərinin xüsusi tapşırığı ilə getdiyini demək mümkündür. 

Rəsmi Bakı Vaşinqton və Ankaradan istədiyi dəstəyi ala bləcəkmi?

Siyasi ekspert Rahim Hacıyev bu ayın əvvəlində Azərbaycan hökumətinin ABŞ-ın yüksək rütbəli rəsmisinin Bakıya gəlməsinə razılıq vermədiyi xatırlatdı. O zaman ABŞ səfirliyinin açıqlamasında bildirilirdi ki, Vaşinqton Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsində israrlıdır. Hakimiyyət ABŞ rəsmisi ilə seçkilər məsələsini müzakirə etməmək üçün onun gəlişinə imkan vermədi. Bundan sonra baş verən iki hadisə Azərbaycan hakimiyyətinə kifayət qədər ciddi zərbə kimi qiymətləndirilməlidir. Birincisi, Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası Azərbaycanda olub vəziyyətlə yerində tanış olduqdan sonra bəyanatla çıxış etdi və seçkiqabağı vəziyyəti mənfi qiymətləndirdi. Daha sonra ATƏT-in müşahidə missiyasının aralıq hesabatı yayıldı. Hesabatda sadalanan faktlar Azərbaycan hakimiyyətinin azad və ədalətli seçkilər keçirmək niyyətində olmadığını göstərdi. Bunlarla yanaşı Avropa Parlamenti Azərbaycandakı seçkiləri müşahidə etməklə bağlı əvvəlki qərarını ləğv edərək proses iştirakla bağlı qərar qəbul etdi. 

Ekspertin sözlərinə görə, bir-birinin ardınca baş verən bu hadisələr göstərdi ki, bu təşkilatlarda seçki ilə bağlı Azərbaycan hökumətinin maraqlarına uyğun olan qərarların verilməsini gözləməyə dəyməz. Nəzərə almaq lazımdır ki, ATƏT-də ABŞ-ın missiyası fəaliyyət göstərir və Vaşinqtonun bu təşkilata kifayət qədər ciddi təsir imkanları var. Xoşagəlməz vəziyyətin mövcudluğu hakimiyyəti ABŞ-a elçi göndərməyə vadar etdi. Novruz Məmmədovun ABŞ-a göndərilməsində məqsəd ABŞ-ın hökuməti ilə təmasa girmək və onların mövqeyini yumşaltmağa çalışmaq idi. Prezident Administrasiyası rəsmisinin ABŞ-dan Türkiyəyə getməsində məqsəd seçki ilə bağlı məsələləri müzakirə etməkdir. Bu isə Azərbaycan hakimiyyətində Türkiyədən ənənəvi dəstək almaqla bağlı ümidlərin olmamasından qaynaqlanır. Seçki prosesi ilə bağlı Azərbaycan hökumətinin bu vaxta qədər nümayiş etdirdiyi bu mövqe Qərblə münasibətləri labüd olaraq gərginləşməsi ilə nəticələnməli idi. Hakimiyyət demokratik dünya birliyinin azad və ədalətli seçki istəyinə qarşı çıxmaqda inadla davam etdikcə münasibətlərin daha da gərginləşəcəyi qaçılmazdır. 

Fizzə