Nyu-Yorkdan jurnalist və hüquq müdafiəçisinə dəstək; MTN-dən rəsmi açıqlama gəldi
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən qondarma ittihamlarla həbs edilən jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimliyə vəkili ilə görüşməyə imkan verilməyib. Bu barədə “Azadlıq”a Pərviz Həşimlinin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, görüşə icazə verilməməsinə əsas kimi istintanqın MTN-in təcridxanasına məktub göndərmədiyi əsas gətirilib:
“Bu tam qanunsuzdur. Çünki mənim Pərviz Həşimlinin vəkili olmağım barədə məhkəmə qərarı var. Pərviz Həşimli barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarda mən onun vəkili göstərilmişəm”.
Elçin Sadıqov bildirib ki, Pərviz Həşimliyə görüş üçün bazar ertəsi növbəti dəfə cəhd edəcək.
MTN-nin rəsmi məlumatı
Bu arada MTN-nin Ictimai Əlaqələr Mərkəzi Pərviz Həşimli ilə bağlı məlumat yayıb. Məlumatda iddia olunur ki, Pərviz Həşimli və Gəncə şəhəri, Nizami rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 120 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonunda yaşayan Qurbanov Təvəkkül Zəkəriyyə hazırda şəxsiyyətləri istintaqla araşdırılan Iranın Rza və Hüseyn adlı vətəndaşları ilə qabaqcadan əlbir olaraq satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə Irandan Azərbaycana gətirib:
“Məlum olmuşdur ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov ilə Rza adlı Iran vətəndaşı arasında qabaqcadan əldə edilmiş razılığa əsasən, sonuncu həmin odlu silahları və döyüş sursatını satış məqsədilə Iranda qanunsuz olaraq əldə etmişdir. Rzanın tapşırığı ilə Hüseyn adlı digər Iran vətəndaşı odlu silahları və döyüş sursatını 2013-cü il sentyabrın 17-də qaçaq yolla Irandan Azərbaycana keçirmiş və Biləsuvar şəhərindən 14 kilometr aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil vermişdir. Bunun müqabilində Təvəkkül Qurbanov Pərviz Həşimovun ona verdiyi 15 min ABŞ dollarının 12 minini Hüseyn adlı iranlıya çatdırmış, qalan 3 min ABŞ dollarını isə razılaşmaya əsasən göstərdiyi xidmətin əvəzində özünə götürmüşdür.
Təvəkkül Qurbanov həmin odlu silahları və döyüş sursatını idarə etdiyi “Volkswagen Caddy” markalı avtomobildə gizlədərək Bakı şəhərinə gətirmişdir. 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Təvəkkül Qurbanovun idarə etdiyi və Pərviz Həşimovun də içində olduğu “Volkswagen Caddy” markalı avtomobil saxlanılmışdır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, hal şahidlərinin, eləcə də Pərviz Həşimovun və Təvəkkül Qurbanovun iştirakları ilə keçirilmiş baxış zamanı avtomaşının salonunda 6 ədəd “Makarov” tipli tapança, “Makarov” tipli tapançaya aid 6 ədəd sandıqça və 40 ədəd 9 mm çaplı patron aşkar edilərək götürülmüşdür. Həmçinin Pərviz Həşimovun Təvəkkül Qurbanova verdiyi 3 min ABŞ dollarından 2 min 800-ü də aşkar edilərək maddi sübut kimi götürülmüşdür”.
Pərviz Həşimlinin həbsi pislənilir
MTN-nin açıqlamasına münasibət bildirən Elçin Sadıqov deyib ki, adıçəkilən qurum Pərviz Həşimlinin təqsirsizlik prezumpsiyasını pozub: “Məhkəmə hökmü olmadan Pərviz Həşimli ağır cinayətdə ittiham edilir. Bu ittihamlar isə faktiki olaraq əsassızdır”.
Ictimaiyyət də Pərviz Həşimli ilə bağlı ittihamları qondarma sayır. Insan Hüquqları üzrə Maarifləndirmə Ictimai Birliyi (IHM IB) bəyanat yayaraq Pərviz Həşimlinin həbsini pisləyib.
Təşkilat hesab edir ki, jurnalistin məhkəmə zalına başına torba keçirilmiş halda gətirilməsi və yerə uzadılaraq həbs olunması onun ləyaqətinin alçaldılması kimi qiymətləndirilməlidir. “Hansı əməli törətməsindən asılı olmayaraq, heç bir şəxslə qeyri-insani və ləyaqəti alçaldan rəftar edilə bilməz”, – deyə bəyanatda bildirilir.
IHM IB hesab edir ki, tanınmış jurnalistin həbsi onun aktiv jurnalist fəaliyyəti ilə bağlıdır. Bəyan edirik ki, hüquq müdafiəçilərinin və jurnalistlərin peşə və ictimai fəaliyyətləri ilə bağlı zorakılığa, təzyiqlərə və təqiblərə məruz qalmaları yolverilməzdir.
Birliyin rəhbəri Iradə Cavadova “Azadlıq”a bildirib ki, Pərviz Həşimlinin həbsilə bağlı müvafiq qurumlara müraciət edəcək: “Biz hesab edirik ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır və onun həbsi qanunsuzdur. Bununla bağlı müvafiq qurumlara müraciət etməyi düşünürük. Biz bu məsələni diqqətdə saxlayacağıq”.
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva da Pərviz Həşimlinin həbsini pisləyib. O, bunu azad sözə yönəlik addım kimi dəyərləndirib.
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) də rəhbəri Pərviz Həşimlinin həbsini pisləyib. JMK-nın bəyanatında bildirilir ki, jurnalistin mənzilində axtarış məhkəmənin qərarı və vəkilin iştirakı olmadan aparılıb.
Maşınından 6 tapança və patron tapılan hansısa Təvəkkül Qurbanov bildirib ki, silahı P.Həşimliyə onun sifarişi ilə gətirib. Pərviz Həşimli həmin adamı tanımadığını bildirib.
Onun çalışdığı “Bizim Yol” qəzeti və “Moderator.az” saytı korrupsiya probleminin və insan hüquqlarının pozulması faktlarının işıqlandırılması ilə tanınır.
JMK diqqəti prezident seçkisi ərəfəsində jurnalistlərin həbsinə yönəldərək Azərbaycan hakimiyyətini seçkinin legitimliyində maraqlıdırsa, mətbuat azadlığını təmin etməyə çağırıb. “Biz Azərbaycan hakimiyyətini Pərviz Həşimlini azad etməyə və bütün ittihamları onun üzərindən götürməyə, həmçinin müsadirə olunmuş materialları və avadanlıqları ”Bizim yol” qəzetinə və moderator.az saytına qaytarmağa çağırırıq”, – JMK-nın Şərqi Avropa proqramları üzrə koordinatoru Nina Oqnyanova bildirib.
JMK qeyd edir ki, son illər Azərbaycanda mətbuat azadlığının vəziyyəti xeyli pisləşib. CMK tənqidi səsləri boğmaq məqsədilə hakimiyyətin uydurma cinayət işlərindən, o cümlədən terrorizm, qanunsuz narkotik maddənin saxlanması, silah qaçaqmalçılığı kimi ittihamlardan istifadə etməsilə bağlı bir neçə fakt qeydə alıb. Ən azı 8 jurnalist korrupsiya, insan hüquqlarının pozulması kimi həssas problemlərə dair reportajlara görə həbsxanaya salınıb(Turan).
Pərviz Həşimli sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb. Sentyabrın 18-də barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Vidadi