Məhəmməd Talıblı: «Əsrin müqaviləsi” kimi fürsəti imkana çevirə bilmədik»
Mirvari Qəhrəmanlı: «Neft müqaviləsi Qarabağ probleminin həllinə kömək edə bilərdi. Ancaq bu da baş vermədi»
1994-cı ildə imzalanan “Əsrin Müqaviləsi”ndən 19 il ötüb. Böyük ümidlərin bəsləndiyi bu müqavilə Azərbaycana böyük neft pullar gətirsə də, əhalinin həyat səviyyəsində gözlənilən dəyişiklik baş vermədi. Neft pulları isə korrupsiyanın qurbanına çevrildi. Bu müqavilə Azərbaycana nə verdi və əslində nələr verməli idi?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı bu sazişin önəmi və iqtisadiyyata verdiyi tövhələrin danılmaz olduğunu deyir. Amma bu sevincin coğrafiyasının genişlənməsi və onu “ümummilli” sevincə çevrilməsi üçün sadə bir həqiqəti nəzərə almaq lazımdır. Belə ki, Azəbaycanın ucqar bir kəndində qazsız və soyuq divarlar arasında oturub bu “fişəng” bayramını TV-də seyr edənlərin evində gərək qaz yansın, ucuz neft ala bilsin və süfrəsində neft gəlirlərinin təzahür etdiyini görə bilsin ki, həmin bayrama sevinə bilsin. Əks halda, bu xarici ölkə xəbərlərini və onların rifahı haqqında göstərilən süjetlərdəkindən bunun heç bir fərqi olmayacaq.
Ekspertin sözlərinə görə, bu müqavilə xarici investorların ölkə iqtisadiyyatına marağının artmasına gətirib çıxardı. Ənənəvi olaraq kəsirlə üzləşən dövlət büdcəsinə müxtəlif bonuslar və kontraktda nəzərdə tutulan gəlirlərin daxil olması müşahidə olundu. Ölkənin strateji valyuta ehtiyatları sürətlə artdı, böyük investisiya layihələri hesabına ölkənin siması dəyişməyə başladı. Indiyə qədər Neft Fonduna 65 milyard dollardan artıq vəsait yığılıb, bunun 33 milyard dollardan artığı xərclənib. Neft hasilatının pik mərhələsi artıq 2 ildir geridə qalıb, amma hələ də sadə azərbaycanlı neft pullarını həyatında görə bilməyib.
Ekspert “Əsrin kontraktı”nda çoxsaylı boşluqların da olduğunu deyir. Bu nöqsanlardan biri də ondan ibarətdir ki, yerli firmalara veriləcək sifarişlərin nisbəti həmin kontraktda göstərilməyib. Qazaxıstanın analoji kontraktlarında bu rəqəm 50% təşkil edir.
Ekspertin fikrincə, neft pullarının hesabına Azərbaycanı elə cəlbedici ölkəyə çevirmək olardı ki, yüksək səviyyədə təmin olunan insan haqları, demokratik idarəçilik və iqtisadi rifah hesabına Ermənistanın torpaq iddiaları təslimçilik və birgəyaşayış kimi hisslərlə əvəz olunsun. Qarabağ müharibəsi yolunda neft pullarından təsirli bir alət kimi istifadə oluna bilərdi. Ilk növbədə bu kontrakt Qarabağ probleminin həlli istiqamətində əhəmiyyətli bir açar rolunu oynaya bilərdi ki, bu olmadı. Ancaq bu kontrakt siyasi təzyiq rolu oynaya bilmədi. Neft gəlirlərindən səmərəli istifadə orta təbəqə yarada bilərdi və yoxsulluğu əhəmiyyətli dərəcədə aşağı salmağa kömək edə bilərdi. Amma bunun edilməməsi sonucda milyonlarla paytaxt əhalisinin xaricə, əyalətlərin isə Bakıya miqrasiya prosesinə təkan verdi və demoqrafik balans bərpa oluna bilmədi. Neft pulları hesabına ölkədə demokratik idarəçilik yox, avtoritarizm üçün zəmin yarandı. Neft pulları ölkədə söz azadlığı və insan haqları kimi plüralist dəyərlərin məhv edilməsində təsirli bir rol oynadı. Hökumətin hesabatlılığını azaltdı. Ictimai vəsaitlərin idarə edilməsindəki şəffaflıqdan danışmaq mümkün olmadı. Neft pulları hesabına cəmiyyətdə təbəqələşmə sürətləndi. Ifrat varlı və yoxsul xalq arasında hədlər kifayət qədər böyüyüb.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı hesab edir ki, müqavilələr imzalanarkən bütün xam neft ixrac olunmamalı idi. Müəyyən bir hissəsi ölkədə saxlanılmalı idi, neftqayırma zavodlarının inkişafına kömək etsin. Çünki bu, iş yerlərinin açılmasına xidmət edəcəkdi. Neft müqaviləsi Qarabağ probleminin həllinə kömək edə bilərdi. Ancaq bu da baş vermədi. Müqavilə imzalanarkən xalqa yüksək rifah vəd edilsə də, insanlar hələ də gözləyir: “Neft Fonduna milyardlar yığıldı. Iki kəmər tikildi, iri neft layihələri həyata keçirildi. Insanlar bundan xoşbəxtlik gözləyirdi. Artıq 2010-cı ildə hasilat aşağı düşməyə başlayıb. Ancaq gözləntilər özünü doğrultmadı. Büdcəyə neft fondundan milyardlar daxil oldu. Büdcə neftdən asılı vəziyyətə düşdü. Infrastruktur layihələri həyata keçirilməyə başladı. Ancaq işsizlik hələ aradan qaldırılmayıb. Əmək haqları və təqaüdlər olduqca aşağı səviyyədədir”.
Fizzə