Ərdoğanın adamı Azərbaycandakı seçkidən danışdı

AKP-li deputat: «Arzu edirik ki, Azərbaycandakı seçimlərdə haqq-ədalət, demokratiya qalib gəlsin»

Elxan Şahinoğlu: «Seçkiyə qədər Türkiyə rəsmilərinin Azərbaycan hakimiyyətinə açıq dəstəyinin şahidi olmayacağıq »

Türkiyə Böyük Millət Məclisinin (TBMM) aparat rəhbəri, hakim AKP-li deputat Mustafa Kabakçı ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı təmsil etdiyi partiyanın mövqeyini bildirib. Modern.az-a açıqlamasında M.Kabakçı prezident seçimlərində Azərbaycana uğurlar arzulayaraq xalqımızın düzgün seçim edəcəyinə inandığını bildirib. AKP rəsmisinin sözlərinə görə, Azərbaycanın növbəti prezidentinin kimliyinindən aslı olmayaraq ölkələrimiz arasında münasibətlər qardaşlıq müstəvisində davam edəcək: “Bizim istədiyimiz tək şey qardaş ölkədə sabitlik bundan sonra da davam etsin. Prezident seçkiləri Azərbaycanın daxili işidir. Biz qardaş ölkə olsaq da, Azərbaycanın daxili işinə qarışa bilmərik. Azərbaycan üçün qarşıdan gələn prezident seçkilərinə xalq kimi seçəcəksə, biz də onu tərbik edib dəstək olacağıq. Seçimlərdə haqq-ədalət, demokratiya qalib gəlsin. Arzu edirik ki, Azərbaycanın növbəti prezidentinin kimliyindən aslı olmayaraq ölkələrimiz arasında münasibətlər bundan sonraqa qardaşlıq müstəvisində davam etsin. Bizim düşüncələrimiz, siyasi istəklərimiz ayrı olsa da, qardaşıq. Bunu kimsə dana bilməz. Türkiyə olaraq biz seçimlərdə arzu edirik ki, Azərbaycana xalq üçün ən layiqli şəxs prezident seçilsin. İnanırıq ki, xalqınız öz seçimini düzgün edəcək”. Bu bəyanatın fonunda hakimiyyət rəsmisi Novruz Məmmədovun Türkiyəyə səfər etməsi maraq doğurur.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahionğl hesab edir ki, Azərbaycanda hazırda qızğın seçki kampaniyası getdiyi bir zamanda ölkəmizdə marağı olan dövlətlər prosesləri diqqətlə izləyirlər. Və aydın məsələdir ki, heç bir dövlət rəsmisi Azərbaycanda gedənlərə birbaşa qarışmaq istəməz. Yəni hər hansı namizədə dəstək verdiyini açıq söyləmirlər: «Hətta bəzən bəyan olunur ki, Azərbaycan hakimiyyəti Rusiya ilə dil tapdı. Rusiyanın politoloqları bəyan edə bilərlər ki, Kreml Azərbaycan hakimiyyətini dəstəkləyir. Amma biz Rusiyanın heç bir rəsmi şəxsindən İlham Əliyevi dəstəklədikləri ilə bağlı açıqlama eşitmərik. O cümlədən Türkiyədəki prosesləri izləsək, görərik ki, hazırda Türkiyənin başı bir çox məsələlərə qarışıb. Suriyada vətəndaş müharibəsi, İsrail və Misirlə münasibətlərin gələcəyi, daxildə PKK məsələsi Türkiyənin məşğul olduğu əsas məsələlərdəndir. Amma Azərbaycan bölgənin açar dövləti olduğundan Türkiyənin siyasi dairələri və cəmiyyəti ölkəmizdəki  prezident seçkilərinə diqqəti artırmaq məcburiyyətindədirlər». Bu üzdən Türkiyə tərəfindən bir sıra açıqlamaların artmasının şahidi olacağımızı deyən E.Şahinoğlu vurğuladı ki, amma bununla belə hansısa Türkiyə rəsmisinin Azərbaycan hakimiyyətinə açıq dəstəyini ifadə edəcəyinin şahidi olacağımız inandırıcı deyil: «Biz Türkiyə dövlət başçısının Qəbələyə səfəri zamanı ölkənin inkişafı ilə bağlı açıqlamasının şahidi olmuşduq. Amma seçki yaxınlaşdıqca bu cür açıqlamaları artıq sezməyəcəyik. Onlar nəticəni gözləyəcəklər. Hər bir halda bu dövlətlər Azərbaycanda davamlı sabitliyin tərəfdarıdırlar. Seçkilərə qədər bu dövlətlər ölkəmizdəki situasiyanı yalnız müşahidə edəcəklər. Yalnız seçkilərdən sonra öz nəticələrini açıqlayacaqlar».

Xəyal