Pərviz Həşimlinin üzünə duran şəxs MTN-nin işçisi çıxdı

“Təvəkkül Qurbanovun həyat yoldaşı Gəncədə MTN-nin mühasibi işləyir”

Həbs edilən jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin ailəsi onunla birlikdə saxlanılan Təvəkkül Qurbanovun Gəncədə qeydiyyatda olduğu ünvana gediblər. Qapını heç kim açmasa da onlar T. Qurbanovun qonşuları ilə danışıblar. “Təvəkkül Gəncədə Dadaş Bünyadzadə küçəsində yaşayır. Qonşuları dedilər ki, o Bakıya tez-tez gəlib belə işlərlə məşğul olur. Kiminsə üzünə durub həbs etdirir. Təvəkkülün həyat yoldaşı Gəncədə MTN-nin mühasibi işləyir. Qonşulardan soruşduq ki, Təvəkkülü tutublar? Dedilər ki, yox. O tez-tez Bakıya gedib qayıdır”- P. Həşimlinin xanımı İlahə Həşimova “Azadlıq” a deyib. 

Qonşular deyib ki, Təvəkkül Qurbanov yaşadığı yerdə hamıdan kənar gəzir, heç kimlə ünsiyyət qurmur. Jurnalistin ailə üzvləri Gəncədən qayıdandan sonra bir qadın P. Həşimlinin evinə zəng edib. Ev telefonuna cavab verən jurnalistin anasına “Siz Pərvizə belə tərbiyə verirsiniz?…Silah alveri eləyir” deyib. Dəstəyi İ. Həşimova götürəndə isə onu təhqir edib. “ Mənə dedi ki, siz silah alveri ilə məşğul olursunuz. Belə olmasa siz niyə gedib Türkiyədə dincəlirsiniz? Bu pulu haradan tapırsınız? Mən danışmaq istəyəndə dəstəyi yerə qoydu. Bizim ev telefonu da nömrələri qeyd edir. Mən həmin nömrəyə zəng elədim. O yenə məni təhqir edib telefonu yerə qoydu. Biz şübhələnirik ki, həmin qadın Təvəkkül Qurbanovun həyat yoldaşıdır”.

 Jurnalist Pərviz Həşimli İrandan qaçaq yolla silah gətirməkdə ittiham olunur. Səbail rayon Məhkəməsinin qərarı ilə o və Təvəkkül Qurbanov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. P. Həşimlinin evində və çalışdığı “Bizim Yol”qəzeti , “moderator.az” saytında axtarış aparılıb. Axtarış zamanı ofislərdəki kompyüterlər müsadirə olunub.  Evdən isə makarov tipli tapança və 30 ədəd qumbara götürülüb. P. Həşimlinin həyat yoldaşı deyib ki, həmin silahları MTN əməkdaşları özləri evə yerləşdiriblər. P. Həşimliyə qarşı seçilən həbs-qətimkan tədbirindən Apellyasiya Məhkəməsinə şikayət edilib. 

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Pərviz Həşimlinin həbsini pisləyib və bu həbsi onun peşə fəaliyyəti ilə bağlayıb. 

Sevinc Vaqifqızı