Dövlət büdcəsinin hesabına formalaşan Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər necə xərclənilir, istiqaməti üzrə işlər görülürmü?
Qəzet səhifələrindən, internetdən əyalətlərin, paytaxt rayonlarının inkişafı məqsədilə dövlət başçısı İlham Əliyevin vəsait ayırması barədə məlumatlar oxuyuruq. Bu pullar dövlət büdcəsinin hesabına formalaşan Prezidentin Ehtiyat Fondundan (PEF) ayrılır. Bəs, ayrılan vəsaitlər necə xərclənilir, istiqaməti üzrə işlər görülürmü?
69 sərəncama 205 milyon 600 min manat
İlham Əliyev PEF-dən bu ilin sentyabrın 10-a kimi ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini əsas gətirərək ayrı-ayrı vaxtlarda 69 dəfə şəhər və rayonlara 205,6 milyon manat vəsait ayırıb. Verilən sərəncama əsasən, Yardımlı rayonuna 2 (7 yanvar), Mingəçevir şəhərinə 2 (8 yanvar), Daşkəsən rayonuna 2 (10 yanvar), Şirvan şəhərinə 2 (11 yanvar), Şamaxı rayonuna 6 (18 yanvar), Quba rayonuna 5 (1 fevral), Qazax rayonuna 6,9 (18 fevral), Zaqatala rayonuna 5,5 (19 fevral), Yardımlı rayonuna 5 (21 fevral), Qax rayonuna 3 (22 fevral), Qəbələ rayonuna 4,9 (1 mart), Naxçıvan MR-in Babək rayonuna 6,3 (5 mart), Xaçmaz rayonuna 3,7 (27 mart), Xəzər rayonuna 2 (29 mart), Bakı Şəhər İcra Hakimiyyətinə 5 (3 aprel), Gəncə şəhərinə 1 (3 aprel), Sumqayıt şəhərinə 1 (3 aprel), Abşeron rayonuna 2 (5 aprel), Xudat şəhərinə 500 min (9 aprel), Sabirabad rayonuna 1 (12 aprel), Hacıqabul rayonuna 2 (17 aprel), Mingəçevir şəhərinə 7 (18 aprel), Binəqədi rayonuna 2 (22 aprel), Quba rayonuna 3 (31 may), Gəncə şəhərinə 4 (5 iyun), Qaradağ rayonuna 2 (13 iyun), Samux rayonuna 1 (14 iyun), Sabunçu rayonuna 2 (18 iyun), Goranboy rayonuna 1 (19 iyun), Suraxanı rayonuna 2 (20 iyun), Horadiz şəhərinə 6 (27 iyun), Şirvan şəhərinə 2 (1 iyul), Tovuz rayonuna 2 (6 iyul), Qazax rayonuna 2 (8 iyul), Ağstafa rayonuna 2 (9 iyul), Oğuz rayonuna 1 (10 iyul), Yevlax şəhərinə 3 (11 iyul), Sabirabad rayonuna 6 (12 iyul), Astara rayonuna 3,3 (15 iyul), Saatlı rayonuna 3,5 (16 iyul), Göyçay rayonuna 2,2 (17 iyul), Siyəzən rayonuna 2 (20 iyul), Xaçmaz rayonuna 2 (23 iyul), Şabran rayonuna 2 (25 iyul), Ağdaş rayonuna 4 (26 iyul), Lənkəran rayonuna 2,5 (29 iyul), Goranboy rayonuna 3 (30 iyul), Tərtər rayonuna 3,2 (31 iyul), Abşeron rayonuna 3 (1 avqust), Gəncə şəhərinə 2,6 (2 avqust), Cəlilabad rayonuna 2 (5 avqust), Kürdəmir rayonuna 2 (8 avqust), Biləsuvar rayonuna 2 (10 avqust), Beyləqan rayonuna 2 (12 avqust), İsmayıllı rayonuna 2 (15 avqust), Qəbələ rayonuna 2 (17 avqust), Oğuz rayonuna 2 (19 avqust), Şəki şəhərinə 4,5 (20 avqust), Qax rayonuna 2 (21 avqust), Balakən rayonuna 4 (22 avqust), Zaqatala rayonuna 2 (23 avqust), Ağdaş rayonuna 2 (24 avqust), Sabirabad rayonuna 2 (30 avqust), Saatlı rayonuna 2 (31 avqust), Ağcabədi rayonuna 7 (2 sentyabr), Salyan rayonuna 3 (6 sentyabr), Biləsuvar 5 (7 sentyabr), Cəlilabad rayonuna 4 (9 sentyabr), Yardımlı rayonuna 4 (10 sentyabr) milyon manat ayrılıb (http://president.az/documents/orders/).
PEF nədir? O, hansı funksiyanı daşıyır?
Büdcə Sistemi haqqında qanunun 6-cı maddəsi “Ehtiyat fondları” adlanır. Bu maddənin 5-ci bəndində Prezidentin Ehtiyat Fondunun yaradılmasının zəruriliyi qeyd edilib: “Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən, lakin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayan tədbirlər üçün dövlət büdcəsində məbləği büdcə xərclərinin 2 faizindən çox olmamaqla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu yaradılır”.
Maddənin 6-cı və 7-ci bəndlərində isə bunlar qeyd olunub:
6.6. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti yalnız müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.
6.7. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.
2013-cü il üzrə dövlət büdcəsi 19 milyard 150 milyon manatdır. Deməli, ölkə başçısı PEF-in adından maksimum 383 milyon manatın ayrılmasına sərəncam verə bilər ki, doqqucuncu ay bitməmiş rayonların sosial-iqtisadi inkişafı adıyla 205 milyon 600 min manatı artıq ayrılıb.
Rayonlardan başqa xəbərlər gəlir
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, icra hakimiyyətlərinin hər biri aldıqları pulların sonrakı taleyini ictimaiyyətdən gizlədir. Yuxarıda PEF-dən ayrılan vəsaitlərin hansı ünvana yönləndirildiyini qeyd etdik. Həmin ərazilərin icra hakimiyyətlərinin internet səhifələrində isə kiçik də olsa məlumat yerləşdirilməyib. Ən işlək internet səhifəsində ən yaxşı halda görülən abadlıq-quruculuq işlərindən söz açılır. Ancaq bu abadlığın hansı vəsaitlə necə edilməsi barədə bilgi verilmir. Üstəlik, işlərin görülməsi üçün neçə tikinti şirkəti tenderdə iştirak edib, qalib hansı meyarla müəyyənləşib, layihənin smeta dəyəri nə qədərdir və bu kimi onlarla sual cavabsız qalır.
Bu halda başqa mövqelər, mülahizələr ortaya çıxır. Necə ki, qəzet və internetdə biz sahibkarların icra hakimiyyətlərinin başçılarından şikayətlərini yazırıq, oxuyuruq. Əksər sahibkarlar icra başçılarının abadlıq-quruculuq adı altında onlara iş gördürdüyünü, ancaq öhdəsinə düşən vəzifəni yerinə yetirəndən sonra ona çatacaq pulu almadığını deyir. İlin əvvəlində imişli rayonunda sahibkarların etirazlarını misal gətirə bilərik. 20-yə yaxın iş adamı icra başçısı Vilyam Hacıyevdən ümumilikdə 4 milyon manatı ala bilmədiyini iddia edirdi və buna görə də fəhlələrə maaş verilmirdi. Nəticədə onlarla fəhlə icra hakimiyyətinin binası önünə toplaşaraq Hacıyevdən pullarını tələb edirdi.
Yaxud Salyanda yaşanan olaylar. Sahibkarlar icra başçısı Tahir Kərimovu rayonun abadlaşdırılmasını onların üzərinə qoyduqlarını söyləyirdilər. Bildirirdilər ki, dövlət büdcəsi hesabına yolun kənarındakı obyektlərin üzlüklərinin dəyişdirilməsi nəzərdə tutulsa da, başçı bunu iş adamlarının hesabına etdirir. Onların fikrincə, yerindən və sahəsindən asılı olaraq obyekt sahiblərindən 50-100 min manat civarında pul alınırdı. Tahir Kərimov deyilənləri təkzib etsə, bunu şəxsinə qarşı yönələn addım kimi dəyərləndirsə də, sahibkarlar Prezident Administrasiyasına qədər şikayətə gəlmişdilər. Özlərinin dediklərinə görə, sonda heç nəyə nail ola bilmədilər.
Bu cür halları Gəncəyə də aid etmək olar. Yevlaxdan Gəncə şəhərinə icra başçısı gələn Elmar Vəliyev ilk gündən mərkəz hissədə yerləşən yaşayış binalarının və obyektlərin xarici görünüşünün dəyişdirilməsi barədə əmr verib. Beləcə bir neçə ay davam edən bu yenilənmə prosesinin hansı vəsaitlə həyata keçirilməsi barədə nə ictimaiyyətə şifahi, nə də icra hakimiyyətinin internet səhifəsində (http://www.ganca-ih.gov.az/) məlumat verilib.
Siyəzən icra hakimiyyətindən: “Rəhbərliklə danışaram, lazım bilsə, qoyarıq”
Rəsmi internet səhifəsi işlək olan Siyəzən rayon İcra Hakimiyyətinin veb səhifəsində də (http://www.siyezen-ih.gov.az/) rayona ayrılan pullarla bağlı dəqiq məlumat yoxdur. Rayonda görülən işlərlə bağlı kiçik xəbərlə yerləşdirilsə də, maliyyənin əsas qaynağı haradandır, işin necə görüldüyünə (yaxud görüləcəyini) rast gəlinmir. Saytda “Siyəzən şəhərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimi olmuşdur” başlıqlı xəbərdən (http://www.siyezen-ih.gov.az/news/61.html) belə anlaşılır ki, Siyəzən şəhər əhalisini 24 saat ərzində içməli su ilə təmin ediləcək.
“Fransanın ”SADE” və Azərbaycanın “RAMKO” şirkətləri arasında imzalanmış tikinti müqaviləsi əsasında Siyəzən şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanılıb” – deyə məlumatda qeyd olunur. Ancaq istər “SADE”nin, istərsə də “RAMKO”nun tenderdə necə qalib, layihənin neçəyə başa gəldiyinə xəbərdə rast gəlinmir.
Sektor müdiri Rəhman Mürvətov deyir ki, Siyəzən rayon Icra Hakimiyyətinin saytının xəbərlər bölümündə hər bir məlumatı yerləşdirirlər: “Rəhbərliklə əlaqə saxlayaram, nə cür məsləhət bilirlərsə, elə də edərik. Bu barədə elə bir şey deyilməyib. Mən özüm də fikirləşməmişəm ki, belə bir şeyi mütləq sayta qoymaq lazımdır. Burada gizli bir şey yoxdur. KIV-lərdə həmin vəsaitlərin xərclənməsi haqqında məlumatlar gedir. Rəhbərliklə danışaram, lazım bilsə, qoyarıq”.
Qanun nəyi tələb edir?
Media Hüquqi İnstitutunun koordinatoru Xalid Ağaliyev deyir ki, ölkə başçısının sərəncamları ilə ayrılan vəsaitlər xüsusi təyinatlı olur, məbləğləri də həmin sərəncamlarda göstərilir: “Belə vəsaitlərin necə xərclənməsinə dair informasiyalara xüsusi ictimai ehtiyac, maraq da var. Bu vəsaitlərin hesabatını ümumi sözlərlə ifadə etmək olmaz, bu, qanunsuzdur. Bütün xərclərlə bağlı detallı hesabat verilməli, bu hesabatlar ictimaiyyətin rahatlıqla tanış ola biləcəyi yerə qoyulmalıdır. Qanun bunu tələb edir”.
Xalid Ağaliyevin fikrincə, hər bir vətəndaşın onların ödədikləri vergilərdən formalaşan büdcə vəsaitlərinin necə xərclənməsinin hesabını sormaq haqqı var: “Vətəndaş nəinki icra qurumlarından, məhkəmə, bələdiyyə, parlamentdən hesabat, informasiya tələb edə bilər, bu onun konstitusion haqqıdır. Hər bir vətəndaş sorğu ilə məlumat istəyə bilər, icra qurumu 7 gün ərzində sorğuya cavab verməlidir. Cavab verilmirsə, yaxud verilən cavab vətəndaşı qane etmirsə, bu, informasiya əldə etmək hüququnun kobud pozuntusudur. Belə hallarda məhkəməyə müraciət oluna, bu yolla pozuntunun aradan qaldırılması tələb oluna bilər”.
İqtisadçı ekspert Zöhrab İsmayılın sözlərinə görə, PEF-dən ayrılan bütün vəsaitlər dövlət büdcəsinin digər xərc istiqamətləri kimi xərclənməlidir: “Əgər bu hansısa investisiya layihəsidirsə, həmin layihənin texniki-iqtisadi əsaslandırılması olmalıdır. Eyni zamanda, onun podratçısı da tender əsasında seçilməlidir. Əgər ayrılan vəsait 50 min manatdan yuxarıdırsa, tender keçirilməli, podratçı şirkət də bu qayda ilə seçilməlidir. Müvafiq icra hakimiyyəti də zəhmət çəkib Satınalmalar Üzrə Dövlət Agentliyi ilə razılaşmaqla açıq tender elan etməlidir. Bu məlumat da agentliyin saytında yerləşdirilməlidir”.
“Bu cür layihələr ictimaiyyət üçün açıq olmalıdır. Açıqlanmayıbsa, media qurumları, vətəndaşlar icra hakimiyyətinə müraciət edib bu məlumatı almalıdırlar”, – deyə Zöhrab İsmayıl qeyd edir.
Goranboy rayon İcra Hakimiyyəti məqsədəuyğun hesab etmir
Goranboy rayonu İcra Hakimiyyətinə 19 iyunda 1, 30 iyulda isə 3 milyon manat vəsait ayrılıb. Bundan bir müddət əvvəl isə rayondan olan sahibkar Müqayis Verdiyev həbs edilib. O, həbs olunandan sonra mətbuata ünvanladığı şikayət məktublarında icra başçısının ona 156 min manat borcunun olduğunu qeyd edib və həbsində rayonun icra başçısı Nizaməddin Quliyevi günahkar sayır. Müqayis Verdiyev deyir ki, icra başçısı oğlu Ramal Quliyevə məxsus “Fəqan-Xidmət” şirkəti rayonda tikinti-quruculuq işlərini görmək üçün keçirilən tenderin qalibi olub: “Ramal Quliyevin rəhbəri olduğu şirkətin heç bir texniki avadanlığı olmadığı üçün görüləcək işin bir qismi mənə həvalə edildi. Mənim görəcəyim işin dəyəri isə 256 min manat oldu ki, onun da 100 min manatı öncədən ödənildi. Qalan 156 min manatın isə iş başa çatandan sonra ödənilməsi barədə razılaşma əldə olundu. Ancaq iş başa çatandan sonra Nizaməddin Quliyev pulu ödəməkdən imtina etdi. Fəhlələr isə məndən maaşlarını istəyəndə pulu icra hakimiyyətindən ala bilmədiyimi söyləyirdim. Mənə çatacaq pulu Nizaməddin Quliyevdən tələb edəndə icra başçısı müavini Baxış Abdullayevə göstəriş verərək onun əli ilə rayonda etiraz aksiyası təşkil etdirdi. Baxış Abdullayev fəhlələri icra hakimiyyətinin binası qarşısına yığaraq onlara maaşlarının veriləcəyini vəd etdi. Heç bir fəhlənin oxumadığı, ancaq imza atdığı bir məktub “yuxarı”lara göndərildi. Guya fəhlələri pullarını almaq üçün icra hakimiyyətinə mən göndərmişəm, iğtişaş yaratmışam”.
“Şəhərdə aparılan tikinti-quruculuq işlərində iştirak edən bir qrup fəhlə gördüyü işin müqabilində əmək haqqının verilməməsi ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət edib. Goranboy şəhərində tikinti-quraşdırma işləri tenderdə qalib gəlmiş “Fəqan-Xidmət” MMC aparır. İşçilərin Rayon Icra Hakimiyyətinə müraciəti ilə əlaqədar “Fəqan-Xidmət” MMC-nin rəhbərliyi dəvət edilib, birgə araşdırma zamanı müəyyən olunub ki, digər 4 sahibkar briqadası ilə yanaşı, Müqayis Verdiyevin briqadasına da razılaşma yolu ilə iş verilib və bütün briqadalara görülmüş işlərin dəyərini “Fəqan-Xidmət” tam ödəyib. Ancaq nədənsə digər briqadaların işçilərinə əmək haqqı ödənildiyi halda, M.Verdiyev işçilərə çatası təxminən 24 min manat əmək haqqını ödəməyib. Ona görə də rayon Icra Hakimiyyətinə müraciət etmiş işçilərə izah olunub ki, gördükləri işlərin dəyəri tam həcmdə Müqayis Verdiyevə ödənilib, odur ki, əmək haqqı tələbi ilə bağlı ona müraciət etsinlər, müraciətləri təmin olunmasa, hüquq mühafizə orqanlarına şikayət edə bilərlər”, – bu Goranboy Rayon İcra Hakimiyyətinin olayla bağlı yaydığı məlumatdandır.
Olayda adı hallanan icra başçısının oğlu Ramal Quliyev də sahibkarın dedikləri ilə razılaşmır və bildirir ki, onun “Fəqan-Xidmət” MMC-yə heç bir aidiyyəti yoxdur: “Mən sahibkarlıqla məşğul deyiləm. Rayonda aparılan tikinti-quruculuq işlərinin görülməsində heç bir yaxınlığım yoxdur. M.Verdiyevin mənim barəmdə söylədikləri həqiqəti əks etdirmir”.
M.Verdiyev yazdığı başqa məktublarında isə qeyd edir ki, indiyə qədər bir neçə rayonun tikinti-quruculuq işlərində iştirak edib: “Imişli rayonunda, Yevlax və Gəncə şəhərlərində gördüyüm işlər ölkə başçısının xoşuna gəlib”.
Goranboy rayonun icra hakimiyyətinin saytında isə (http://www.goranboy-ih.gov.az/) görülən işlərlə bağlı heç bir məlumat yoxdur. İlham Əliyevin istər Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə ayrılan 1 milyon (19 iyun), istərsə də 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədi ilə sərəncam verdiyi 3 milyon (30 iyul) manatın necə və hara xərclənməsi, hansı iş üçün nələrin edilməsi, tenderin keçirilməsi, şirkətin hansı meyarla qalib gəlməsi barədə hər hansı məlumata rast gəlinmir. Sözügedən internet səhifəsində yalnız icra hakimiyyətinin ölkədəki bayramlarla bağlı yığıncaqlardan fotolar və kiçik xəbərlər yerləşdirilib. Ən sonuncu xəbər isə “Goranboy rayon İcra Hakimiyyətində 2013-cü ilin birinci yarımilin yekunlarına həsr edilmiş yığıncaq keçirilmişdir” (http://www.goranboy-ih.gov.az/news/37.html) başlığı qeyd edilən yazıdır ki, burada da “Icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ”2013-cü ilin birinci yarısında görülmüş işlər, qarşıda duran vəzifələr barədə” məruzə ilə çıxış etmişdir” qeydi var. Yazıda məruzənin mətni belə yoxdur.
Saytın “İqtisadiyyat” (http://www.goranboy-ih.gov.az/page/14.html) bölümündəki xəbərlə “Infrastruktur” (http://www.goranboy-ih.gov.az/page/24.html) bölümündəki xəbər eynidir. Burada isə ölkədəki inkişafdan danışılır. Azərbaycanın və ölkə başçısının nailiyyətlərindən söz açılan bu yazıda bircə dənə də olsun Goranboydakı işlərlə bağlı qeydə rast gəlmək mümkün deyil.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev deyir ki, icra hakimiyyətinin saytında yalnız keçirilən tədbirlərlə bağlı məlumatlar yerləşdirilir: “Goranboyda keçirilən hər hansı ümumrayon tədbirləri barədə məlumatları yerləşdiririk. Abadlığa ayrılan vəsaitlərlə bağlı məlumatların icra hakimiyyətinin saytında nə işi var? Məqsədəuyğun saymırıq deyə bunu sayta qoymuruq. Tender elan edəndə aidiyyəti üzrə saytlarda yayımlayırıq”.
Dövlət qurumları ötür-ötür oyunu edirlər
Dövlət büdcəsindən ayrılan pulların xərclənməsinə nəzarəti həm Maliyyə Nazirliyinin nəzdində yerləşən Dövlət Maliyyə Nəzarəti Xidməti, həm də Hesablama Palatası həyata keçirir. Ancaq hər iki qurumun saytına diqqət edəndə investisiya layihələriylə bağlı məlumat yetərincə deyil. Yəni ayrılan vəsaitlə bağlı informasiya var. Ancaq bu pulun hara xərclənməsi, hansı işlərin görülməsi barədə ətraflı məlumata rast gəlmək mümkün deyil. Maliyyə Nazirliyinin “Büdcənin gəlir və xərc hissəsinin yerinə yetirilməsinin təhlili” http://www.maliyye.gov.az/node/1606) adlı bölməsində 2013-cü ilin 6 ayında dövlət büdcəsinin icrası haqqında ümumi məlumat verilib. Hətta hansı idarəyə son 6 ayda nə qədər vəsaitin verilməsi də burada öz əksini tapmır, sadəcə hansı sahəyə ümumilikdə nə qədər vəsait daxil olması qeyd edilib.
Nazirliyə göndəridiyimiz sorğuya cavab verilmədi. Mətbuat xidmətinin əməkdaşı sorğumuza məsul şəxslərin cavab hazırladığını bildirsə də sonda heç nə deyilmədi.
Hesablama Palatasının saytında da (http://www.ach.gov.az/) ayrılan vəsaitlərə edilən nəzarətlə bağlı məlumatlar nəzərə çarpsa da informasiya yükü yoxdur. Bir qayda olaraq qurumun büdcədən ayrılan pulla bağlı yoxlama keçirilməsi haqda məlumat yerləşdirilir və əlavə edilir ki, əldə olunan nəticə Milli Məclisə təqdim edilib.
Quruma ünvanladığımız sorğuya Hesablama Palatasının İqtisadiyyatin Maliyyələşdirilməsinə Nəzarət Şöbəsinin müdiri Azim Abasov belə cavab verib: “Azərbaycan Respublikasının Qanununa və Hesablama Palatasının Daxili Nizamnaməsinin 19.7-ci bəndinə əsasən Hesablama Palatası tərəfindən ilkin və sonrakı maliyyə büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə qəbul olunmuş qərarlar barədə Milli Məclisə məlumat verilir.
Göstərilənləri nəzərə alaraq məktubda qeyd edilən məsələlərlə bağlı “Azərbaycan Respublikası Milli Məclisi məlumatı”ndan əldə edilə bilər.
Milli Məclisin saytında da (http://www.meclis.gov.az/) Hesablama Palatasının hesabatları barədə məlumat yerləşdirilməyib. Sadəcə, qurumun illik hesabatları barədə qeydlərə rast gəlmək mümkündür. Bu qeydlərdə isə nələrin yazılmasını bilmək olmur.
Beləliklə, biz ayrılan vəsaitlərlə bağlı hər iki dövlət qurumunun fəaliyyətini öyrənə bilmədik. Bizə PEF-dən ayrılan milyonlar necə və hara xərclənir, tenderlər necə keçirilir, qalib şirkətlərin hansı meyarlar əsasında seçilməsi barədə bir söz deyilmədi.
* Maliyyə Nazirliyi və Hesablama Palatası şəhər və rayonlarda yoxlamalar aparırmı?
* Hər hansı qanun pozuntusu aşkar edilibmi?
* Qanun pozuntuları varsa bununla bağlı hər hansı ölçü götürülübmü?
* İcra hakimiyyətləri sizə hesabat verirmi?
Və bu kimi onlarla suallarımız cavabsız qaldı.
Mətbuatda isə Hesablama Palatasının sədri Heydər Əsədovun Milli Məclisdə hesabatı dinlənərkən dəfələrlə deputatlarla arasında “söz savaşı”nın olması barədə yazılar çap olunub. Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Zahid Oruc və başqaları ya hesabatın yumşaq olmasından, ya da “gizlilik prinsipi”nin qorunmasından şikayət ediblər. Deputatlar həmçinin bəzi dövlət qurumları ilə bağlı hesabatda müəyyən qədər də olsa sərt fikirlərin yer aldığını, ancaq qurumun rəhbərinin çıxışı zamanı həmin nazirliklərin adını çəkmədiyini qeyd ediblər. (http://www.ayna.az/archive/2011-04-16/siyaset/5604-HesablamaPalatasi-QudretHasanquliyev-HeydarAsadov)
Hesablama Palatasının hesabatlarında az da olsa, etiraflar var
Hesablama Palatasının üzə çıxardığı bir-iki nöqsana diqqət yetirək. Belə ki, qurum 2012-ci ildə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşuna dair audit apararkən iri yeyinti faktları aşkarlayıb.
Qusar Rayon İcra Hakimiyyətinə Samur-Həzrə avtomobil yolunun yenidən qurulmasına 6,5 milyon manat vəsait ayrılmışdı. 2010-cu ildə prezident yolun açılışında da olub. Hesablama Palatası isə 2012-ci ildə apardığı yoxlamalar zamanı müəyyən edib ki, tender zamanı ən sərfəli sayılan tender təklifinə üstünlük verilməyib, layihə-smeta sənədləri ekspertizadan keçirilməyib, iddiaçı tərəfindən təqdim edilən təklifdəki iş həcmləri layihə-smeta sənədlərindəki iş həcmləri ilə tam uyğun olmayıb. Avtomobil yolu istismara qəbul olunsa da, 6,5 milyon manat İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada uçota alınmayıb.
Bundan başqa, PEF-dən “Astara-Bala Şahağacı” avtomobil yolunun yenidən qurulması üçün Astara Icra Hakimiyyətinə ayrılan 3,5 milyon manatın da auditi aparılıb. Burada da məlum olub ki, avtomobil yolunun layihəsi olmadan işlər həyata keçirilib. Qiymət cədvəlində işlərin müqavilə qiymətlərinə təsir edən göstəricilər tam şəkildə qeyd olunmayıb. Yolun texniki parametrləri tam şəkildə əks etdirilməyib, istismara verildikdən sonra aidiyyəti orqana təhvil verilməyib.
Hesablama Palatasının hesabatlarından onu Sabirabad Rayon İcra Hakimiyyətinə 2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə PEF-dən və “Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı” avtomobil yolunun tikintisi üçün dövlətin əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb. Monitorinq zamanı məlum olub ki, lisenziyası olmayan təşkilatlar tərəfindən obyektlərin layihə-smeta sənədləri hazırlanıb. Işlərin tikinti normalarına tam əməl edilməməsi nəticəsində avtomobil yolunun bəzi hissələrində (2,5 min kv.m) asfalt-beton örtüyü və yol yatağı dağılıb. Yolun istismara qəbulu ilə bağlı müvafiq komissiya yaradılmayıb, Rayon Icra Hakimiyyəti tərəfindən uçota alınmayıb. Hesablama Palatasının hesablamalarına görə, PEF-in 104,8 min manatı yeyintiyə gedib. 18,5 milyon manat dəyərində əsas vəsaitin uçota alınması təmin edilib.
Yuxarıda qeyd edilən layihələrin monitorinqindən göründüyü kimi, kifayət qədər ciddi pozuntular aşkarlansa da, korrupsiyaya uğrayan vəsaitlərin miqdarı təqdim edilmir. Habelə, yol verdikləri nöqsanlara görə kiçik vəzifəli şəxslərə töhmət verməklə kifayətləniblər. Ölkədə ən böyük investisiya xərcləri sırasında avtomobil yollarının təmiri və yenidən qurulması öndə gedir. Aşkar edilən nöqsanlar sırasında tenderin keçirilməməsi, layihə-smeta sənədi olmadan tikinti işlərinin görülməsinin özü ən böyük korrupsiya faktı olsa da, buna görə kimsə cəzalandırılmayıb.
“Şəffaflıq yoxdursa, ağla gələn ilk fikir oğurluq olur”
Zöhrab İsmayıl deyir ki, son 5 ildə ehtiyat fondlarından ayrılan vəsaitlər daha çox investisiya məqsədi ilə olur: “Bu vəsaitlərin xərclənməsi ilə bağlı hesabatlar olduqca aşağı səviyyədədir. Əgər biz dövlət büdcəsinin icrası üzrə hesabatlara baxsaq görərik ki, dövlət fondunun vəsaitlərinin xərclənməsi üzrə ümumi məlumat verilib, detallı şəkildə nəinki vətəndaşlara, büdcənin icrası parlamentə təqdim olunarkən millət vəkillərinə də verilmir. Hesablama Palatasının hesabatlarında ehtiyat fondu vəsaitlərinin istifadə olunmasıyla bağlı geniş araşdırmaya rast gəlmirik”.
Xalid Ağaliyevin sözlərinə görə, hesabatlılığın olmamasına müxtəlif aspektlərdən yanaşmaq olar: “Ola bilər ki, həmin qurumun büdcəsində saytın saxlanması, effektiv işləməsi məqsədilə vəsait nəzərdə tutulmasın. Qurumun bu sahədə çalışacaq xüsusi bölməsi, kadrları olmasın. Informasiyaların açıqlanmaması bu səbəblərdən də ola bilər. Ancaq ən inandırıcı səbəb hesabatlılıq mədəniyyətinin olmamasıdır. Bizdə qurum rəhbərlərinin əksəriyyəti büdcəyə öz cibləri kimi yanaşırlar, büdcə vəsaitlərini şəxsi ciblərindəki məbləğ kimi xərcləyirlər. Bunun hesabatını vermək, ictimaiyyətə açıqlamaq isə çox çətindir”.ÿÿ
Vəkil Anar Qasımlı heab edir ki, bu cür məlumatlar gizlədilməməli, açıq və şəffaf olmalıdır: “Gizlinlər suallara, şübhə və hətta ittihamlara əsas verir. Şəffaflıq yoxdursa, ağla gələn ilk fikir oğurluq olur. Vətəndaş düşünür ki, ayrılan vəsait və ya onun xeyli hissəsi mənimsənilib. Şəffaflıq və hesabatlılıq mühüm əhəmiyyət kəsb ədir. Hətta daha yaxşı olardı ki, həmin pullar yerli şirkətlər vasitəsilə xərclənə, məsələn, yol çəkmək lazımdırsa, bu işə tendərlə yalnız həmin regionun şirkətləri cəlb olunardı”.
Vəsaitlərin xərclənməsində həm ictimai, həm də dövlət nəzarəti olmalıdır deyən Anar Qasımlı əlavə etdi ki, həmin vəsaitdən istifadəyə bələdiyyələr də cəlb olunsa, yaxşı olar.
Azərbaycan və Türkiyə: oxşarlıq və fərqlilik
Bəs, başqa ölkələrdə necədir? Dövlət büdcəsindən ayrılan vəsaitə nəzarət mexanizmi necə işləyir?
Türkiyədə yaşayan jurnalist Aydın Taş deyir ki, onun ölkəsində də vətəndaşlar məlumat əldə etmə hüququna malikdirlər. Onun fikrincə, öncə tender elan edilir və onun qalibinin hansı meyarla seçilməsi barədə məlumat verilir: “Tenderin qalibi sonradan dövlət tərəfindən təsdiq edilməlidir. Bu prosedurÿ yekunlaşırsa, həmin şirkət tenderdə qeyri-şəffaflıq aşkar edərsə, bunu isbatlamaq üçün məhkəməyə üz tutar: ”O cümlədən, “Məlumat əldə etmək Qanunu”ndan istifadə edərək bilgi əldə etməyi tələb edə bilər”.
Aydın Taş onu da bildirdi ki, Türkiyə Parlamentli Respublika olduğuna görə büdcədən ayrılan vəsaitlərə diqqət çoxdur: “Bələdiyyələrin bir çoxu hakim partiyanın üzvləri çalışmadığı üçün nəzarət önəmlidir. Bələdiyyələr və başqa təşkilatlara nəzarət şöbəsi var və bunun olması çox önəmlidir”.
Azərbaycanlı hüquqşünaslar indiyə qədər hər hansı bir şirkətin qalib gəlmədiyinə görə məhkəməyə müraciət etməsi haqda məlumatları olmadıqlarını deyirlər: “Bizdə tenderlərin əksəriyyəti qapalı keçirilir. Ən yaxşı halda özlərinin şirkəti qalib elan olunandan sonra bu barədə cəmiyyətə məlumat verirlər. Buna görə də hər hansı bir şirkətin məhkəməyə üz tutması halı bəlkə də mümkün deyil”.
Eyni dizayn və pozulan qanunlar
“İnformasiya əldə etmək haqqında” qanunun 29-cu maddəsi “İnformasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsi” adlanır. Həmin maddənin 1.8-ci bəndində isə bunlar yazılıb: “Dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar”.
Yerli icra hakimiyyətlərinə məxsus saytların ən ciddi qüsurlarından biri də onların hər hansı işlək xarici dildə təqdim olunmaması ilə bağlıdır. Halbuki Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli “Dövlət orqanlarının və bələdiyyələrin Internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 12.9-cu maddəsində qeyd olunur ki, internet saytları dövlət dilində və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə tərtib olunmalıdır.
İşin ən maraqlı tərəfi odur ki, şəhər və rayon icra hakimiyyətlərinin internet səhifələrini, deyəsən, bir şirkət hazırlayıb. Bu qənaətə gəlməyimizin səbəbi bütün saytların dizaynının, bölmələrinin (sıralanması belə), foto qalereyalarının düzülüşünün eyni olmasıdır. Hətta saytlarda yerləşdirilən bannerlərin sayı, sıralanması da eynidir və heç birində “axtarış” bölməsi yoxdur.
Ramin DEKO
azadmekan.org