Oğrunun bağırmaqlığı

Belə hallara adət etmişik. Ölkəni yalanla idarə edənlər, onun var-yatırını talayanlar doğrunun üstünə elə bağırır ki, əlin-ayağın yerdən üzülür. Bu davranışa, əxlaqa, adamların bir bu qədər mənəvi aşınmasına hər dəfə heyrətlənməyə bilmirsən. 

Daldada çapıb-taladıqları, oğurladıqları, əxlaqsızlıqları barədə danışmaq çətindir, görməmisən axı, ancaq gözünlə gördüyünü sənə başqa şəkildə təqdim edəndə cızdaqını çıxardırlar. Adamı gözgörəsi göyüm-göyüm göynədirlər.

Prezidentliyə namizədlərin 2-ci teledebatı da hamının gözləri qarşısında olub. Canlı yayım olduğundan nəyisə gizlədə bilməyiblər, hər şey olduğu kimi Azərbaycan seçicisinə çatdırılıb. Kimin kimi təhqir etməsi hamıya aydındır. Daha çox Sərdar Cəlaloğlunun, sonra Qüdrət Həsənquliyevin də bu təhqirlərə etiraz etməsini də tamaşaçılar görüb. Indi yapçıların, onlara züy tutanların nə danışmasının, hansı havanı çalmasının önəmi yoxdur. Təzədən kimsəyə gördüyünü başqa cür çatdırmaq çətin ki, nəticə versin. Düzdür, Azərbaycan reallığında hər şeyin mümkün olduğunu – dindarın, namaz qılıb oruc tutanın “alkaş”, narkoman “olduğunu” bu hakimiyyət dəfələrlə “sübut” edib. Bu hakimiyyət ömründə siqaret çəkməyən fəal müxalif gəncin narkotik asılısı olduğunu da öz oyuncaq məhkəmələri vasitəsilə bizə “sübut” edib. Lap sonuncu olayı yada salaq, hüquq müdafiəçisi, jurnalist, müxalif partiya təmsilçisi olan Pərviz Həşimlinin evində böyük “arsenal” saxladığını, terrora qurşandığını “dokumentalnı” göstərdilər. Hər şey mümkündür…

Bu mümkünlüyün bir sübutu da ITV-nin 2-ci teledebatla bağlı yaydığı açıqlamadır. TV-nin bəyanatında deyilir: “Aparıcının Seçki Məcəlləsinin tələblərini xatırladaraq Cəmil Həsənlini Azərbaycan qanunvericiliyinə riayət etməyə dəvət etməklə bağlı xəbərdar etməsinə baxmayaraq, o, haqlı iradlara məhəl qoymayıb, çıxışını davam etdirib. Cəmil Həsənli püşkatma ardıcıllığına uyğun olaraq qeydə alınmış prezidentliyə namizəd Ilham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun təşviqat üçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə edib və dəyirmi masa iştirakçılarını təhqir etməkdən belə çəkinməyib. Beləliklə o, təşviqat üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından başqa 6 dəqiqə 12 saniyə əlavə vaxtdan istifadə edib. Bu vaxtın 6 dəqiqə 15 saniyəsi özünün sərbəst istifadə etdiyi efir vaxtı, 5 dəqiqə 37 saniyə prezidentliyə namizəd Hafiz Hacıyevlə mübahisə etdiyi və mikrofonsuz istifadə etdiyi efir müddəti, 20 saniyə qeydə alınmış prezidentliyə namizəd Ilham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun vaxtına müdaxilə, cəmi 12 dəqiqə 12 saniyə”.

“Adımı sənə qoyum, səni də yana-yana qoyum” – burda deyirlər. Cəmil Həsənlinin efir vaxtına Əli Əhmədovun və Hafiz Hacıyevin müdaxiləsi barədə bəyanatda bir kəlmə də yoxdur. Niyə Cəmil Həsənli həmkarına cavab verib? O sadə səbəbə görə ki, həmkarları (Cəmil müəllimdən üzr istəyirəm) Cəmil müəllimə danışmağa imkan verməyiblər. Onun vaxtına müdaxilə ediblər, Əli Əhmədov ona təhqiramiz sözlər deyib. Ekran qarşısında oturan biz tamaşaçılar görsək də, çəkilişi və verilişi aparanlar, hazırlayanlar, prosesə rəhbərlik edənlər, nəhayət, hakimiyyətin hazırladığı bəyanatı imzalayan Cəmil Quliyev nədənsə bunu görməyib.

“Xalqın yox, Hafiz Hacıyevin, hakimiyyətin televiziyası”

Dünənki bəyanata ən tutarlı cavab Milli Şuradan gəlib. Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı ITV-nin bəyanatına münasibət bildirib: “ITV bir daha xalqın yox, Hafiz Hacıyevin, hakimiyyətin televiziyası olduğunu göstərdi”.

Oğru bağırtılarına inanmayın, əyriləri narahat edən, danışdıran bizim doğru yolda olmağımızdır. Bu yolda hər kəsə uğurlar! Mitinqdə görüşənədək!