Müxalifət seçki «karuselinə» qarşı nə edəcək?

Gözəl Bayramlı: «Seçkidə təşkil edəcəyimiz ciddi müşahidə bütün saxtakarlıq metodlarının qarşısının alınmasına, onların sübut kimi toplanmasına imkan verəcək»

Gülağa Aslanlı: «Seçkiyə gələn şəxslərin təkrar səsverməməsi üçün də qanun çərçivəsində müəyyən üsullara müraciət olunacaq»

Seçki günü yaxınlaşdıqca hakimiyyətin öz ənənəsinə sadiq qalaraq seçkiləri saxtalaşdırmaq niyyətində olduğu hiss olunur. Artıq qəzetimizə daxil olan məlumatlara görə hakimiyyət saxtakarlığa hazırlıqla bağlı bütün resurslarını səfərbər edib. Artıq seçkidə saxtkarlığı həyata keçirmək üçün onbaşılar, yüzbaşılar müəyyənləşdirilərək müvafiq təlamtları alıblar. Bundan başqa «karuseldə» iştirak edəcək şəxslərin müəyyənləşdirilməsi və prosesə cəlb edilməsi üçün iş aparılır. Bəs müxalifət bu saxtakarlıq üsulu ilə necə mübarizə aparmaq niyyətindədir?

AXCP sədrinin müavini Gözəl Bayramlı vurğuladı ki, hakimiyyətin bu saxtakarlığının qarşısının alınması üçün Milli Şura bütün məntəqələr üzrə bir neçə nümayəndə ilə təmsil olunmaq niyyətindədir: «Milli Şura bütün məntəqələrdə məşvərətçi səs hüquqlu komissyia üzvü verməklə yanaşı, bütün məntəqələrdə bir neçə müşahidəçi ilə də təmsil olunmaq fikri var. Bizim məntəqələrdəki müşahidəçilərimizin gözündən yol verilən saxtakarlıq, qanun pozuntuları, «karusel» əməliyyatları yayınmayacaq. Hakimiyyətin bu saxtakarlığı bizim üçün yenilik deyil. Biz hər seçkidə bununla rastlaşmışıq. Biz bütün qanun pozuntularını qeydə alaraq daha sonra həm yerli, həm də beynəlxalq ictimaiyyətə açıqlamaq niyyətindəyik. Hakimiyyət Azərbaycan seçicisinə arxalanmadığı üçün bu cür üsullara əl atır. Amma biz də qanunun verdiyi bütün imkanlardan istifadə edərək, özümüzün müşahidə aparan insanların vasitəsilə saxtakarlığın qarşısını almağa çalışacağıq. Hər məntəqədə bizim ən azı 3 nümayəndəmiz olacaq. Bundan başqa seçkinin monitorinqini aparan digər yerli müstəqil və beynəlxalq təşkilatların da müşahidələrindən istifadə edəcəyik. Seçkidə təşkil edəcəyimiz ciddi müşahidə bütün saxtakarlıq metodlarının qarşısının alınmasına, onların sübut kimi toplanmasına imkan verəcək».

Müsavat başqanının müavini Gülağa Aslanlı da bildirdi ki, Milli Şuranın Seçki Qərargahı müşahidə missiyasını daha gücləndirmək üçün hər məntəqədə bir nəfər məşvərətçi səs hüquqlu komissyia üzvü, ən azı bir nəfər namizədin müşahidəçisini və iki nəfər ayrıca müşahidəçi yerləşdirmək niyyətindədir: «Həmin müşahidəçilər bütün şübhəli məqamları qeyd etməklə yanaşı, aralarında əlaqə də saxlayacaqlar. Seçkiyə gələn şəxslərin təkrar səsverməməsi üçün də qanun çərçivəsində müəyyən üsullara müraciət olunacaq. Müasir texnalogiyalar «karuselin» qarşısını alınması üçün seçkiyə gələn şəxslərin müqayisə üçün fotolarını çəkməyə imkan verir. Bundan saxtakarlığın qarşısının alınması üçün başqa metodlar da mövcuddur ki, onlar hələ bir müddət sirr olaraq saxlanılacaq».

Xəyal