Milli Şuradan YAP-a cavab

Həsən Kərimov: «Hakimiyyət öz mənəviyyatına uyğun olan insanları seçki kampaniyasında pozuculuq etməyə yönəldir»

 

Yeni Azərbaycan Partiyası müxalif Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına deyib ki, müraciət prezidentliyə namizədlərin sentyabrın 19-da ITV-dəki debatında baş verənlərlə bağlıdır: “Biz heç kimi təhqir etməmişik, şəxsiyyətinə toxunmamışıq, şərəf və ləyaqətini alçaltmamışıq, ailə münasibətlərindən danışmamışıq, milli adət-ənənələri pozmamışıq. Bunun əksinə olaraq YAP-ın namizədi cənab Ilham Əliyevə, onun səlahiyyətli nümayəndəsi Əli Əhmədova qarşı Azərbaycanın mənəvi, etik normalarından kənar, saxta və əsassız ittihamlar irəli sürülüb. Bu ittihamlar ermənipərəst və Azərbaycanı istəməyən xarici qüvvələrin hazırladığı sənədlər əsasında irəli sürülüb, böhtan atılıb. Debatda böhtan, təhqir, saxta sənədlərlə cəmiyyəti aldatma olub. Hüquq mühafizə orqanlarına da müraciət edəcəyik”- deyə Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzovun fikirlərinə münasibət bildirən Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov dedi ki, hakimiyyət təmsilçiləri qabaqdangəlmişlik edir və ən böyük tərbiyəsizliyi hakimiyyətin namizədləri edib: “Ictimai televiziyadakı teledebatda səviyyəsiz adamlar Cəmil Həsənlini təhqir etdi və bu təkcə Cəmil Həsənlinin yox, Azərbaycan seçicisinin təhqir olunması idi. Hakimiyyət öz mənəviyyatına uyğun olan adamları bu seçki kampaniyasında pozuclulq etməyə yönləndirib. Cəmil Həsənli mənəviyyatlı insan, dəyərli ziyalıdır. Əslində haqqında şikayət olunası adamlar Əli Əhmədov, Hafiz Hacıyev, Araz Əlizadə və digərləridi. Açıq görünür ki, Ictimai televiziya da hakimiyyətin sifarişin yerinə yetirir. Cəmil Həsənlinin kəskin çıxışları, hədəfə dəyən arqumentləri, Ilham Əliyevi  fakt qarşısında qoyması hakimiyyəti narahat etdi və buna görə də belə addım atdılar. Biz bu qanun pozuntularına və tərbiyəsizliyə görə MSK-ya müraciət ünvanlamışıq”.

Ilham Hüseyn