Əhalinin az qala yarısı xaricdən gələn vəsaitlə dolanır

Məhəmməd Talıblı: «Azərbaycanda dövlət öz vətəndaşına sahib çıxmır, onun həyat səviyyəsinin yüksəlməsinə çalışmır»

2013-cü ilin yanvar-iyulunda Azərbaycanin bank sistemində sürətli pul köçürmələrinin dövriyyəsi 1167,8 milyon manat (1489 milyon dollar) ekvivalenti olub. Bu, ötən illə müqayisədə 227,8 milyon manat və ya 25 faiz çoxdur. Qəbul edilən pul göndəriləndən 2,5 dəfə çoxdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artıb. Iyulda köçürmə dövriyyəsi 238,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz artıb.

Statistik rəqəmlərdən görünür ki, Azərbaycana gətirilən pulların həcmi artıb. Rəsmilər ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdığını desə də, statistika göstərir ki, insanların yaşamını təmin etmək üçün ölkəyə gələn pul kütləsindən istifadə olunur. Belə çıxır ki, ölkə əhalisinin yarısı xaricdən gələn vəsaitlə dolanır.

Iqtisadçı-ekspert Məhəmməd Talıblı deyir ki, xaricdən və MDB-nin müxtəlif dövlətlərindən gələn pul vəsaiti artsa da, bu vətəndaşlarımızın həmin ölkələrdə böyük gəlir əldə etməsi, imkanıyla ölçülə bilməz: “Miqrant pullarının ölkəyə daxil olması rəsmi statistikada əks olunsa da, ölkəyə qeyri-rəsmi formada da pul vəsaiti gəlir. Yəni, xaricdəki soydaşlarımız əmtəə formasındakı məhsulları da ailə üzvlərinə göndərir. Ölkədə konkret sosial reabilitasiya tədbirlərinin həyata keçirilməməsi vətəndaşların bazarla və öz həyatıyla başlı-başına buraxıldığını göstərir. Bazarda qiymətlər artır, vətəndaşların gəlir səviyyəsi yüksəlmir, onlar taleyilə baş-başa qalır. Dövlət öz vətəndaşlarına sahib çıxmır, onların həyat səviyyəsinin yüksəlməsinə çalışmır. Nəticədə ölkədə çox ciddi sosial problemlər qalaqlanır. Insanların iqtisadi imkanlarının məhdud olması, onların öz ixtisasıyla işlə təmin olunmaması, avtoritar rejimə qarşı sərt xarakter alması ölkədən xaricə kütləvi axını stimullaşdırır. ”Əsrin müqaviləsi”nin 19 illiyini qeyd edən ölkəyə iri pulların gətirilməsi bu cür sosial problemləri həll etməliydi. Eləcə də vətəndaşların öz ölkəsində biznes və özünüifadə imknalarını təmin etməliydi. Xaricə gedən insanlar öz ölkəsində pul qazana bilərdi. Amma mövcud gerçəklik odur ki, onlar özlərinə xaricdə biznes qurur, xarici ölkənin iqtisadiyyatına xidmət edirlər”.

Ekspert onu da qeyd edir ki, Azərbaycanın neft hasilatı 2012-ci ildən başlayaraq, aşağı düşməyə doğru gedir. Ölkənin iqtisadiyyatı elə bir həddə gəlib çata bilər ki, əmək qabiliyyətli əhalinin əhəmiyyətli hissəsi iş prosesindən kənarda qalar. Başqa ölkələrdən bura miqrant axınının baş verməsi üçünsə bu dövr ərzində iqtisadiyyat, əmək ehtiyatları iş prosesinə cəlb edilməlidir. Məhəmməd Talıblının sözlərinə görə, gələcəkdə hasilat aşağı düşəcəksə, neft gəlirləri azalacaqsa, bu problemləri həll etmək üçün ciddi iş görülməli, insanlar bu və ya başqa formada iqtisadiyyata bağlanmalıdır. Yaranmış real situasiya isə onu deməyə əsas verir ki, hazırda vətəndaşlarımız öz 

bizneslərini kənarda qurmağa üstünlük verir. Onların bir insan kimi resursları başqa ölkələrin iqtisadiyyatını gücləndirməyə xidmət edir: “Belə bir idarəetmə isə səriştəsi olmayan ölkənin növbəti mərhələdə miqrant pullarının ölkədən qaçmasına gətirəcək. Bu sahədə sosial reabilitasiya tədbirlərinin görülməsinə ehtiyac var. Mövcud hökumət bu istiqamətdə prolemləri həll etməyəcək. Çünki bəzi sektorlardakı məmurlar ölkədə maksimum qapalı iqtisadiyyat görmək istəyir. Belə bir idarəetmə, iqtisadi baxışı olan komanda isə effektiv iqtisadi siyasət yürüdə bilməz”.

Nigar