Hakimiyyət Abbas Abbasovdan əl çəkmir

Baş nazirin sabiq müavininə hücumlar davam edir

Baş nazirin sabiq müavini, “AzərRos”un sədri Abbas Abbasova qarşı hücumlar davam edir. Diaspora Məsələləri üzrə Komitənin sədri Nazim Ibrahimovun Abbas Abbasovla bağlı açıqlamasından sonra hakimiyyətin nəzarətində olan qəzetlər də baş nazirin sabiq müavininə qarşı hücuma keçiblər.

Xatırladaq ki, Nazim Ibrahimov Abbas Abbasovu qeyri-səmimilikdə ittiham etmişdi. O, bildirmişdi ki, baş nazirin sabiq müavini Ilham Əliyevə sədaqətlidirsə Söyün Sadıqovla bir yerdə olmamalıdır. Abbas Abbasov da Nazim Ibrahimovun bu açıqlamasına əsəbi reaksiya vermişdi. O, komitə sədrinin sözlərinə cavab olaraq “Mənim belə boş-boş məsələlərə cavab verməyə vaxtım yoxdur” deyə bildirmişdi. Bundan sonra Nazim Ibrahimov dediklərini bir daha təkrarlamışdı.

Dünən isə YAP-ın orqanı olan “Yeni Azərbaycan” qəzeti Abbas Abbasovu hədəf seçib. Abbas Abbasovun ünvanına müxtəlif ittihamlar yer alan yazının sonunda isə Nazim Ibrahimovun dediklərinə işarə edilərək yazılır: “Abbas Abbasov Azərbaycan hakimiyyətinə sədaqətindən ”dəm” vurur. Ən azından o, mətbuatda ünvanına verilmiş sualları cavablandıraraq ortaya konkret mövqe qoymalıydı, amma bunu da etmədi. Bundan sonra onun səmimiyyətinə kim inanar?!”