Hacı İbrahimin aldatdığı vətəndaş ölkə başçsıına müraciət etdi

 

“Kimsəsiz insanları çətinə düşəndə ayaq altına atıb üstündən keçən belə məmurlara, hakimlərə taleyimizi etibar edə biləcəyikmi?”

Qazax rayonu, Aşağı Əskipara kənd sakini “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli tərəfindən aldadılan Elşad Məmmədov ölkə başçısı İlham Əliyevə şikayət məktubu ünvanlayıb. 

Müraciətin bir nüsxəsini də “Azadlıq”a yollayan vətəndaş məktubunda Hacı İbrahimi dələduzluqda ittiham edir. Sözlərinə görə, ona qarşı edilən haqsızlıqları sübut etsə də Baş Prokuror Zakir Qaralov, DİN və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu istiqamətdə heç bir tədbir görməyib: “Necə ola bilər ki, uzun bir müddətdir azadlıqda yaşayan şəxslərdən ölkə başçısına, Baş Prokurora İbrahim Nehrəmlinin maliyyə fırıldaqlarından, onun dələduzluqlarından, insanların pullarının əllərindən alındığı, onun tərəfindən mənimsənildiyi bir halda, başqalarının barəsində tərəddüd etmədən həbs-qətimkan tədbiri seçən prokurorluq onlardan qat-qat ağır cinayətlərdə ittiham olunan Hacı İbrahimə qarşı cinayət işi açılmır? Hüquqi sənədlər, maliyyə arayışları, kassa mədaxil orderi təqdim etsək də, Baş Prokurorluq susur. Baş Prokurorluğun susması, bu maxinasiyaların ört-basdır edilməsi çox güman ki ölkə başçısına da məlumdur. Hacı İbrahim Nehrəmli “yuxarı”da oturann bir qrup adam tərəfindən himayə edildiyinə görə hələ ki, azadlıqdadır. Aldadılan vətəndaşlar Hacı İbrahim Nehrəmlinin fırıldaqları haqqında şok faktlar açıqlayırlar. “Avesta” Konserninin vətəndaşların vəsaitinin (mənim də 355 000 manat pulumu) mənimsəmə faktına dair mətbuat konfransının keçirilməsi, onun Çin vətəndaşına atması, Çin vətəndaşına Naxçıvan qızıl yataqlarının satılması üçün beh kimi əvvəlcə 230 min dollar pulunu mənimsəməsindən və əcnəbinin şikayəti əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun kabinetində Hacı İbrahim Nehrəmlinin həbs edilməsi, Çin vətəndaşının şikayətinə həmin dəqiqə əməl edilməsi, onun pulunun qaytarılması, ancaq mən Azərbaycan vətəndaşının 355 min manat pulunun Hacı İbrahim Nehrəmlidən alınıb mənə qaytarılmasını qulaqardına vuran Baş Prokurorluq hələ də susur”.

Hacı İbrahimlinin adamları tərəfindən hədələndiyini deyən şikayətçi Bakı şəhərini tərk etdiyini qeyd edir. Müraciətində o həmçinin Baş Prokuror Zakir Qaralovun qəbulunda olduğunu xatırladaraq qeyd edir ki, narazılığı haqqını tapdalayan hacı İbrahimə hüquq-mühafizə orqanlarının qahmar çıxmasındadır: “Cinayət Prosessual Məcəlləsinin tələbinə görə şəxs törədilən və hazırlanan cinayətlər barəsində birbaşa hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər və mən də bunu etmişəm. Həmin məcəllənin 206-cı maddəsinə əsasən, KİV-də dərc olunan materiallar həmin mətbuat qurumunun rəhbəri tərəfindən hüquq-mühafizə orqanlarına təqdim olunursa, bu məsələ ilə bağlı araşdırma aparılmalıdır. Ancaq buna Hacı İbrahim Nehrəmlinin sifarişi bu günə kimi də maneçilik törədir, mətbuat orqanlarına heç cavab verilmir. Bu cür himayənin olmadığı təqdirdə bunca qanunsuzluğa yol vermək, KİV-də səslənən ittihamları görməzdən gəlmək mümkün olmazdı. Hacı İbrahim Nehrəmlinin arxasında həqiqətən də böyük güc dayanır. Nehrəmli Hacı İbrahim yaxşı anlayır ki, bu gün onu himayə edənlərin ən dişlisi Baş Prokurorluqdur.

Bu günlərdə mətbuatda Orxan Sadıqov adlı şəxsin Bakıda bir çox məmurlardan milyonlarla manat alaraq aradan çıxması barədə məlumat yayılıb. Guya Orxan Sadıqovun aldatdığı adamlar arasında Hacı İbrahim Nehrəmli də var. “Avesta”nın tikdirdiyi binalardan ev alan hər kəs bilir ki, Orxan Sadıqov Hacı İbrahimli üçün plastik qapı-pəncərə sifarişini yerinə yetirən olub. İndi onun “yox”a çıxması Hacı İbrahimə əlavə füsrətlər verir. Mətbuatda mən və mənim kimi onlarla şikayətçinin dediklərini “məhv” etmək üçün özünün də “qurban” olduğunu nümayiş etdirir. Bildirirəm ki, bütün bu deyilənlər yalandır. Ona heç kim atmayıb, əksinə o hamıya atır”. 

Elşad Məmmədov Bakı Apelyasiya Məhkəməsi keçirilən prosesdən də söz açır. Bildirir ki, hakim Xuraman Məmmədovanın qarşı tərəfin nümayəndəsinə “Siz nə danışırsınız, bu, alma alveri deyil ki?”- deyərək irad tutub: “Ancaq sonradan alqı-satqı yolu ilə əldə etdiyim əmlakın sahibi kimi irəli sürdüyüm rəsmi dəlilləri yoxlamadan, rayon məhkəməsinin qətnaməsində adları çəkilən şəxslərdən heç birinin məhkəməyə çağırılmadan, izahatları alınmadan Hacı İbrahim Nehrəmlinin iddiasını təmin etməsi dediklərimi bir daha sübut edir. Kimsəsiz insanları çətinə düşəndə ayaq altına atıb üstündən keçən belə məmurlara, hakimlərə taleyimizi etibar edə biləcəyikmi, Cənab Prezident?!”.

Ramin DEKO