“İcra başçısı camaata zülm edir”

Masallı sakinləri kütləvi şəkildə aclıq aksiyasına başlayacaqlarını deyirlər

Dünən keçirilən mətbuat konfransı da məmur özbaşınalığına həsr olunmuşdu

 

Masallı rayonundan ötən gün bir qrup ziyalı mətbuat konfransı keçirərək icra başçısı Rafil Hüseynovun törətdiyi əməllərdən, rayondakı özbaşınalıqdan şikayətləndilər.

Çıxış edən Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynullayev qeyd etdi ki, sentyabrın 9-da rayonun “Moskva” adlanan restoranında 7-8 nəfər rayon ziyalısı ilə görüşərək çay içirmişlər: “Biz hərdənbir burada yığışaraq söhbətləşirik. Növbəti gün yenidən həmin restorana gəldikdə başqa adamlara xidmət göstərildiyi halda obyektin işləmədiyini bildirərək bizə xidmətdən imtina etdilər. Məsələni araşdırmaq qərarına gəldik. Məlum oldu ki, Milli Təhlükəsizlik Nazirliyinin Masallı rayon şöbəsinin Iftixar adlı əməkdaşı bizdən sonra həmin restorana gələrək rəhbərini şöbəyə aparıb. Bu cür hərəkət insanların qəlbində qəzəb və nifrət hissi oyatmaqla yanaşı həm də hakimiyyətdən narazı salmağa xidmət edir. Biz dövlətin, hakimiyyətin əleyhdarları, düşmənləri deyilik. Bu günə qədər hakimiyyətin bütün siyasi tədbirlərinin həyata keçirilməsində, hakimiyyətin möhkəmləndirilməsində xüsusi fəallıq göstərən ziyalılarıq. Bəs onda ”günahı”mız nədir? Bizim yeganə “günahı”mız ondan ibarətdir ki, hələ bir neçə il öncə Ilham Əliyevin qərb bölgəsinə səfəri zamanı xalqa müraciət edərək “Icra Hakimiyyətlərinin bölgələrdəki qanunsuz əməlləri barədə bizə məlumatlar verin ki, biz də vaxtında tədbirlər görək” çağırışına qoşulmağımızdır. Mütəmadi olaraq rayon rəhbərliyinin və başqa məmurların qanunsuz, rüşvətxor, əhalini hakimiyyətdən narazı salan, şəxsi maraqlarına xidmət edən əməlləri barədə ölkə başçısına məlumatlar ünvanlamışıq”.

Şikayətçilər deyirlər ki, icra başçısı Rafil Hüseynovu çoxsaylı qeyri-qanuni fəaliyyətinin, şəxsi maraqlarına xidmət edən əməllərinin ifşası onu çox narahat edir: “Bunun qarşısını almağın yeganə yolu tabeçiliyində olan inzibati orqanlar vasitəsi ilə bizləri təqib, şantaj, həbs olunmağımıza cəhdlər etdirməklə ölkə rəhbərliyinə ünvanlanan  müraciətlərin qarşısını almaqdır. Rayon əhalisi Rafil Hüseynovun ziyalılara qarşı təqib, təzyiq, şər, böhtan kampaniyasının dəfələrlə şahidi olub. Bu yaxınlarda daha bir şər, böhtan, üzərində təşkil edilmiş icra başçısının həmyerlisi, deyilənə görə, yaxın qohumu, yaş həddi keçməsinə baxmayaraq fəaliyyət göstərən rayon məhkəməsinin sədri Cahangir Nəsibov vasitəsi ilə həyata keçirdikləri, ümumiyyətlə, ədliyyə sisteminə, məhkəmə orqanlarına qara ləkə kimi damğasını vuran məhkəmə tamaşası çox  rüsvayçılıqla sona yetdi.

Narazı vətəndaşlar onu da qeyd etdilər ki, icra başçısı rayona gələn gündən ciddi bir iş görməyib: “Kəndlərin yolları bərbad idi. Ilham Əliyevin rayona gələcəyini eşidən kimi bir sıra işlər görüldü. Kanalizasiya xətləri təmir edilməli idi. Gecikdiklərini görüb o dəqiqə yolu asfaltladılar. Indi gərək həmin yerləri söküb, kanalizasiya xətlərini təmir etsinlər. Rafil Hüseynov başçı olandan bəri rayonda düz-əməlli təmir-tikinti işləri də görməyib. Gördüyü işləri Heydər Əliyevin adına olan parkı bir az da genişləndirmək, Şəhidlərin xatirəsinə ucaldılmış abidənin yerini dəyişmək, Icra Hakimiyyətinin binasının içərisini yenidən təmir etdirmək olub”.

“Həsənli-Xırmandalı yolu bu ilin iyul ayında çəkildi. Yolun Xırmandalı kəndinə aid olan hissəsi isə asfaltlanmadı. Icra başçısı kəndin sakinləri ilə görüşündə dedi ki, asfaltı öz cibindən edib, prezident bura pul ayırmayıb. Bizim yolumuzun da təmir edilməsini ondan xahiş etdik. Dedi ki, öz cibinizin puluna edin. Indi biz sual edirik ki, icra başçısı yolun çəkilməsi üçün o qədər pulu haradan alıb? Asfaltın qalınlığı 5 santimetr oldu. Iyulda çəkilən yol artıq çöküb. Oradan istifadə etmək mümkün deyil”,- deyə Xırmandalı kənd sakini Rüstəm dayı qeyd etdi. 

Narazı vətəndaşlar icra başçısının sakinlərə divan tutduğunu deyirlər: “Hər həftənin ikinci günü icra başçısının guya qəbul günüdür. Ancaq şikayətə gələnlərin, qəbuldan çıxanların heç birinin üzü gülmür. Keçən həftə bir qadın üstünə bezini töküb özünü yandırmaq istəyirdi, camaat güclə alışqanı əlindən aldı. Bu həftə qəbulda da görüşdən narazı çıxan vətəndaş damarlarını doğradı. Bir sözlə, icra başçısı camaata zülm edir”.

Vətəndaşlar tezliklə aclıq aksiyasına başlayacaqlarını bildirdilər. Onların sözlərinə görə, Masallıda vəziyyət dözülməz hala gəlib çatıb.

Ramin DEKO