BMT gələn həftə Suriya ilə bağlı qətnamə qəbul edəcək

Suriyalı nazir sensassion açıqlama verdi

«Kimyəvi silah Qəzzafinin devrilməsindən sonra əldə olunub»

 

BMT Təhlükəsizlik Şurası Suriyaya dair qətnaməni gələn həftə qəbul etməlidir. Bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib. Kerrinin sözlərinə görə, BMT-nin qurumunÿbaşlıca prinsiplərinə uyğunluğunu təmin etmək və mümkün mexanizmlərdən ən sərt variantı nəzərdə tutan məcburi qətnamənin qəbulu üçün hamının dəstək verməsi lazım olacaq.

Iran və Fransa prezidentləri arasında bu yaxınlarda baş tutacaq görüşdə də Suriya məsələsi müzakirə olunacaq. 

Bunu Fransa prezidenti Fransua Olland jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Həsən Ruhani onunla Suriya məsələsi ilə bağlı görüşmək və danışıqlar aparmaq fikrində olduğunu çatdırıb. F.Olland da bu istəyi qəbul edib və iranlı həmkarı ilə gələn həftə Nyu-York şəhərində keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində görüşəcək.

“Suriya hökumətinə qarşı vuruşan silahlılar kimyəvi silahı Liviyadan Müəmmər Qəzzafi rejiminin 2011-ci ildə devrilməsindən sonra əldə ediblər”. Belə bəyanatla Suriyanın baş nazirinin müavini Qədri Cəmil Böyük Britaniyanın “Qardian” qəzetinə müsahibəsində çıxış edib.ÿQ.Cəmilin sözlərinə görə, BMT-nin bazar ertəsi Dəməşq ətrafında avqustun 21-də kimyəvi silahın istifadəsi barədə təqdim etdiyi hesabat tam obyektiv olmayıb. Q.Cəmil deyir ki, BMT müfəttişlərinin qənaətinə görə, tərkibində zarin qazı olan raketlər əslində SSRI-də istehsal edilib. Bu raketlər SSRI-dən 1970-ci ildən ixrac edilib: “Onlar Qəzzafinin dövründə kimyəvi maddələrlə doldurulub və onun rejimi devrildikdən sonra Suriyadakı silahlılara ixrac edilib”. Sentyabrın 18-də isə Kreml administrasiyasının rəhbəri Sergey Ivanov bəyan edib ki, Sovet Ittifaqı heç vaxt Suriyaya və hər hansı digər ölkəyə zarin qazı ilə doldurulmuş raket başlıqları ixrac etməyib. 

Bu arada sentyabrın 18-də məlum olub ki, Almaniya 2002-2006-cı illərdə Suriyaya kimyəvi silahın istehsalında istifadə edilən maddələr ixrac edib.

Islamçılar Suriyanın şimalındakı Hələb şəhərində Çeçenistandan və Qafqazın digər bölgələrindən gələn silahlılar tərəfindən “Əl Qaidə” ilə əlaqəli böyük bir birləşmənin formalaşdığını elan edib. Bu barədə “Əl-Qüds əl ərəbi” xəbər portalı məlumat yayıb.ÿMənbənin verdiyi xəbərə görə, çeçen Əbu Əbdürrəhmanın rəhbəri olduğu dəstə “Əl Mühacirin” (mühacirlər) adlanır. Qruplaşmada 1000-dən çox silahlı var və onların əksəriyyəti vaxtilə Qafqazda müxtəlif döyüşlərdə iştirak edib. Əbu Əbdürrəhman qeyd olunan nəşrə müsahibəsində bildirib ki, Hələbdə ”Əl Mühacirin” silahlıları üçün təlim düşərgəsi salınıb. Silahlılar orada hərbi hazırlıq keçdikdən sonra döyüş bölgəsinə göndərilir.