Bir zamanlar prezident olmaq istəyən, hazırda isə telekanalların lağlağı verilişlərini bəzəyən Nizami Süleymanov bu dəfə “Lider”in efirində göründü. Əhali arasında “Bulaq Nizami” kimi tanınan akademik Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini söymək üçün dəvət almışdı. Təbii ki, son günlər hakimiyyət nümayəndələrinin ən aktual mövzusu Cəmil müəllimin “əlil” olmasıdır.
Elə “Bulaq Nizami” də bundan danışdı. Guya, Cəmil müəllim 3-cü qrup gözdən əlil olduğu üçün prezident ola bilməzmiş. Özünü akademik hesab edən bu adam hər dəfə “əlil” sözünü ikrahla ifadə edir, ələ salırdı.
Ola bilsin ki, Cəmil Həsənlinin gözündə qüsur var. Birincisi, qanun 3-cü qrup fiziki əngəlliləri işləmək hüququndan məhrum etmir. Əksinə, bu, az əngəlli insanlara şamil edilir.
Ikincisi, fiziki əngəlli insanlara “əlil” deyib aşağılamağın özü mənəvi əlilliyin göstəricisidir.
Rəsmi statistikaya görə, Azərbaycanda əhalinin 10 faizini fiziki əngəlli insanlar təşkil edir və onların da böyük qismi bu gün səsvermə hüququna malikdir. Yəni, Nizami Süleymanovun aşağıladığı həmin adamlar həm də hansısa namizədin prezident kürsüsünə əyləşməsinə yardım edəcək önəmli səs sahibləridir.
Bəs o zaman bu həqarət nə? Niyə hansısa namizədi gözdən salmaq üçün insanların hissləri ilə oynamalıdılar? Kim ona, yaxud ona imkan yaradan “Lider” telekanalına bu haqqı verir?
Sualların çox aydın cavabı var. Bu, Azərbaycan hakimiyyətinin əngəlli insanlara münasibətinin göstəricisidir. Belə olmasaydı, bu gün fiziki əngəllilərə küçələrdə, kafe-restoranlarda, əyləncə mərkəzlərində çox rast gələrdik. Avtobuslarda onlar üçün nəzərdə tutulmuş yerlərə əlavə oturacaqlar quraşdırılmazdı. Onlar sağlam insanlardan təcrid olunmalıymış kimi bir binalara yığılmazdı, bir qarın çörək üçün kimsəyə möhtac qalmazdı, intihara meyllənməzdi. Və ən nəhayət, hakimiyyətin diqtəsi ilə efirə çıxarılan 68 yaşlı birisi tərəfindən ələ salınmazdı.
Qarabağı azad etməkdən dəm vuran bu hakimiyyətin Qarabağ qazilərinə münasibəti nə tez unuduldu? Yoxsa, indi vəziyyət başqadı?
Bəli, bu gün fiziki əngəllilərin yerimək, görmək, işləmək imkanı yoxdu, amma səs vermək, taleyini dəyişməyə cəhd etmək haqqı var. Mən nə seçki təbliğatçısıyam, nə də kiminsə vəkili. Mən sıravi bir jurnalist, eyni zamanda, fiziki qüsurlu bir xanımam. Ona görə də öz dərddaşlarıma yalnız bunu deyə bilərəm: Biz fiziki qüsurluyuq, əlilik, amma mənən zəlil deyilik. Ona görə də mənəviyyatda, insanlıqda özümüzdən yuxarı görmədiyimiz Nizami Süleymanov, Hafiz Hacıyev kimilərinin arxasında gizlənmiş bu hakimiyyətə “YOX” deyək. Ən azı, ləyaqətimizi qorumaq üçün. Fürsətdir!
Aynur Elgünəş