Hərbçilərə qarşı bir neçə hücum həyata keçirilib
Yəmənin cənubunda silahlı qüvvələrə qarşı iki ayrı hücum nəticəsində azı 65 nəfər adam ölüb, 40 nəfər də yaralanıb. Bu barədə “Aljazeera” telekanalı “Reuters” agentliyinə istinadən xəbər verir. Əvvəlcə silahlılar Şabva şəhərindəki hərbi bazaya hücum ediblər və burada 2 avtomobil partlayışı nəticəsində 30-dan çox hərbçi həlak olub.
İkinci hücum isə Mayfaa şəhərində həyata keçirilib. Burada da eyni vaxtda hərbçilərin yaxınlığında bir neçə avtomobil partladılıb.
Yəmən hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumların “Əl-Qaidə” terror təşkilatının Ərəbistan yarımadasındakı qolunun döyüşçüləri tərəfindən həyata keçirildiyi ehtimal edilir. Ölənlərin sayının artacağı istisna edilmir.