İTV-də baş verənlər hakimiyyətə qarşı qəzəb yaratdı

İctimaiyyət nümayəndələri sosial şəbəkələrdə iqtidarı «topa tutdu»

Təşviqat kampaniyası çərçivəsində dünən İctimai Televiziyada namizədlərin ikinci çıxışı oldu. Debat zamanı Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli hakimiyyəti təmsil edən iştirakçıların təxribatı ilə üzləşdi. Cəmil Həsənli bu təxribata çox sərt şəkildə cavab verdi və mübahisədən qalibiyyətlə ayrıldı.

İTV-də dəyirmi masa bitər-bitməz canlı yayımda baş verənlər sosial şəbəkələrdə geniş müzakirəyə çevrildi. Aktiv ziyarətçilər və tanınmış şəxslər Milli Şura namizədi ilə həmrəylik nümayiş etdirdilər

Statusların kiçik bir qismini təqdim edirik:

AXCP sədri Əli Kərimli: “Bu davaya millətimiz naminə atıldıq. Millətimizin gədalardan xilası naminə nəinki söyülməyi, həbs olunmağı, hətta ölməyi də gözə almışıq. Bir addım da geri çəkilmək yoxdur! Yaşa, Cəmil Həsənli! Hamınızı əmin edirəm ki, ölkəni bu binamuslardan təmizləyəcəyik!”.

Müsavat başqanı İsa Qəmbər: “Cəmil bəyə eşq olsun! Əvvəla, o çox cəsarətli çıxış etdi, çox az adamın söyləməyə cəsarət edə biləcəyi həqiqətləri açıq şəkildə dedi.

İkincisi, haqqının pozulmasına susmadı, geri çəkilmədi, öz hüquqlaını sona qədər tələb etdi. Cəmil bəyin bu müqaviməti xalqın haqsızlıqlara qarşı kütləvi dinc müqavimətinin anonsudur!

P.S. İnsaf naminə Sərdar Cəlaloğlunun davranışını təqdir edək”.

Blogger Emin Milli: “Hafiz Hacıyev bu hakimiyyətin üzüdür, mahiyyətidir, əxlaqıdır və fəlsəfəsidir. Hafiz, Heydər və İlham – tarixdə bu hakimiyyət yada düşəndə bunların adları bir sırada yazılmalıdır. Cəmil bəyi isə indi hər kəs qorumalıdır və dəstəkləməlidir! Onun həyatı bizim xalqımızın marağları uğrunda mübarizə apardığına görə bu gün təhlükədədir”.

Tanınmış vəkil Aslan İsmayılov: “Prezidentliyə namizədlərin debatı vaxtı baş verənlər Azərbaycan xalqına olan hörmətsizliyin, saymamazlığın zirvəsidir. Bundan böyük şərəfsizlik, ləyaqətsizlik ola bilməz. Əgər bu millət buna da dözsə mənim sözüm yoxdur. 

Şərəfsizlərlə təkbaşına millətin davasını aparan Cəmil Həsənliyə qarşı baş verəcək hər addıma görə hakimiyyət cavabdehdir. 

Hakimiyyətdəkilər – hələ ki, gec deyil dayanın, ölkəni xaosa sürükləməyin”.

ReAL Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Altay Göyüşov: “Hafiz Hacıyevdən vasitə kimi istifadə bu millətiin ləyaqətinə tüpürmək, onunla düşmənçilik etməkdir. Bütün o zalda oturanlar Cəmil müəllimin bir dırnağına dəyməz!”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı: “Cəmil Həsənli nə etdi? Bütün ölkədə insanların əhvalını dəyişəcək, dəyişikliklərə inam yaradacaq, cəsarət nümunəsi yaradan bir çıxış etdi.

Cəmil bəy seçki prosesini MSK adlı tabutdan çıxarıb, mübarizə,dəyişikliklər yoluna çevirməyə müfəffəq oldu.

Cəmil bəy rejimin toxunulmaz tabularını alt üst etdi,mifi dağıtdı. Milli Şuranın namizədindən xalqın namizədinə çevrildi.

Eşq olsun Cəmil bəy sizə”.

Keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyev: “Allah heç kimi Hafiz Hacıyevin müdafiəsinə möhtac qoymasın, bütün vətəndaşları bu ölkədə yaşamaqdan utandırmasın!”.

 “Azadlıq”ın köşə yazırı Elnur Astanbəyli: “Rahat olun, Cəmil Həsənli bu gün etibarı ilə hər kəsin gözündə xalqın vahid namizədi olaraq tam legitimləşmişdir”.