Milli Şura hakimiyyətə meydan oxudu (VİDEO)

Cəmil Həsənli ziyalılara səsləndi: «Qara günlü millətin ziyalısının ağ kəfəndə dəfn olunmağa haqqı yoxdur»

Demokratik Qüvvələrin Milli Şurasının dünənki sessiyası təşviqat kampaniyasına həsr edilmişdi. Sessiyanın işini də bu dəfə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli idarə edirdi. Ilk çıxışçı da Cəmil Həsənli özü oldu. O, seçkiqabağı vəziyyət və ümumən ölkədəki avtoritar rejim barədə danışdı, cəmiyyətin və ziyalıların missiyasından bəhs etdi.

“Biz barışa bilmərik…”

C.Həsənli dedi ki, ölkədə ağır, anti-demokratik şərait var və bu bütün sahələrdə olduğu kimi, siyasi səhnədə də, seçki kampaniyasında da özünü göstərir. O bildirdi ki, Azərbaycanda totalitar sistem qurulması barədə hakimiyyətin ssenarisi var, Milli Şuranın əsas işi isə bu ssenarini pozmaq, hakimiyyətin mənbəyi olan xalqa öz haqqını qaytarmaqdır: “Biz barışa bilmərik ki, yüz il bundan öncə dünyaya demokratiya nümunəsi verən bir ölkədə Şimali Koreya modeli yaratsınlar. Millətimiz, xalqımız hərəkətə gəlib, öz haqqını tələb etməlidir”.

Kasta sistemi…

C.Həsənli Azərbaycanda qədim hind kasta sisteminin bərqərar olunduğunu da qeyd etdi. Onun sözlərinə görə, fəqət, hind kastasından fərqli olaraq, bizdə iki kasta var: əllərində külli ixtiyar cəmlənən brəhmənlər və heç nəyə sahib olmayan, tam hüquqsuz şudralar: “Azərbaycan bu gün ailə podratına çevrilib. Ölkədə nə varsa, hamısı hakim ailənin nəzarətinə keçib. Insanlar heç yerdə ədalət tapa bilmir. Getdiyi hər yerdə vətəndaşa ən aşağı dərəcəli insan kimi baxırlar. Vətəndaşların gördüyü hər şeyi hakimiyyətdəkilər özününküləşdiriblər. Sözün tam mənasında Azərbaycanla işğal olunmuş ərazi, əhali ilə əsir kimi rəftar edirlər”.

ITV-də demədikləri…

C.Həsənli ITV-dəki debat zamanı söyləyə bilmədiklərini də səsləndirib. O, Kür daşqınları və Zaqatala zəlzələsi zamanı məmurlar tərəfindən milyonların mənimsənildiyini vurğuladı: “Bu hakimiyyətin vəziyyəti o qədər kövrəkdir ki, iki çıxışla ölkədəki vəziyyət dəyişdi. Biz bu yolu getməyə qərarlıyıq, yolumuz haqq yoludur, millət yoludur, millətimizi hədəfinə çatdırana qədər gedəcəyik”.

Vicdan məhbusları

C.Həsənli çıxışında vicdan məhbuslarındanÿYadigar Sadıqlı,ÿTofiq Yaqublu,ÿTale Bağırzadə, “NIDA”çı gənclərdən aldığı dəstəkdən məmnunluğunu ifadə elədi və onlara salam yolladı. O, Islam partiyasının sədri Hacı Mövsümü, ilahiyyatçı Abgül Süleymanovu da ehtiramla andı və bildirdi ki, heç ateist sovet Azərbaycanında da dindarlara indiki kimi sitəm olmayıb, onlar bugünkü kimi şərlənməyiblər: “Əsas hədəflərimizdən biri siyasi, vicdan məhbusu olmayan Azərbaycan qurmaqdır. Əslində, həbsdə olanlarımıza da, həbsdən kənardakılarımıza da ”qızıl amnistiya" verilməlidir.
Cəmil Həsənli REAL hərəkatının lideri Ilqar Məmmədovun da ona dəstək ifadə etdiyini xatırlatdı və təşəkkürlərini çatdırdı.
Azərbaycanın sabiq səhiyyə naziri, akademik Əli Insanovun həbsxanadan Cəmil Həsənliyə dəstək müraciəti yollamağını da prezidentliyə namizəd yüksək qiymətləndirdi və dedi ki, əlsində, hakimiyyət sabiq nazirə qarşı növbəti qanunsuzluğunu edir. Çünki Avropa Məhkəməsi onun azadlığıa buraxılmasını tələb etsə də, hakimiyyət qanunsuz olaraq inadkarlıq edir.

Ey ziyalı!

Cəmil bəy çıxışının sonunda ziyalılara səsləndi: “Qara günlü millətin ziyalısının ağ kəfəndə dəfn olunmağa haqqı yoxdur. Biz bu mübarizənin önündəyik, bu işi qələbəylə bitirməkdə qərarlıyıq, siz də gəlin, mübarizə sırasında yer alın. Azərbaycan xalqı qürurlu xalqdır.
Mən inanıram ki, o, qəddini düzəltməyə təpər tapacaq və bu oğrulara “Yox!” deyəcək"

Seçki hesabatı

Daha sonra Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov hesabat xarakterli çıxış etdi. O dedi ki, bu günə qədər seçkini müşahidə etmək üçün 9 minədək məşvərətçi təyin olunub. 22 minə qədər təbliğat materialı çap olunub, bu vaxta qədər onların 70 faizi yerlərdə realizə olunub. 120 səlahiyyətli nümayəndə təyin olunub, onların 103-nün sənədi alınıb.
Həsən Kərimov seçki kampaniyasının ağırlığına diqqət çəkərək, Milli Şura üzvlərinin səylərini artırmağı tövsiyə etdi. O, eyni zamanda, yaradılan seçki fonduna hər bir Milli Şura üzvünün töhfə verməsini vacib saydı. Dedi ki, AXCP keçirdiyi marafonla Cəmil bəyin hesabına 7 min manat ianə edib. Həsən Kərimov qarşıdan gələn 22 sentyabr mitinqinə hazırlıqla bağlı görülən işləri də sadaladı.
Milli Şuranın Ictimai Əlaqələr komissiyasının sədri Mehman Əliyev də görülən işlərin hesaabatını təqdim etdi. Bildirdi ki, bəzi təbliğati çap məhsullarının hazırlığı gedir, eləcə də http://camilhasanli.com/ adlı sayt yaradılıb, Cəmil bəyin təşviqat materialları orada yerləşdirilib. Kimin imkanı var, oradan endirim edərək, çap edib paylaya bilər.

“Cəmil Həsənli əzilən xalqın ucalan haqq səsidir”

Sonra AXCP sədri Əli Kərimli çıxış etdi. Bildirdi ki, debatdakı iki çıxışı ilə ölkədəki vəziyyəti dəyişib və seçkiyə start verilən vaxtdakı ab-havadan müsbət mənada fərqlənən yeni situasiya yetişib: “Bu fərqin əsas səbəbkarı bizim Milli Şuranın namizədidir. O, Milli Şuranın və bütövlükdə müxalifətin etimadını tam doğruldub. Buna görə ona təşəkkür edirik. Cəmil bəy artıq təkcə Milli Şuranın namizədi deyil, o, bütövlükdə əzilən Azərbaycan xalqının ucalan haqq səsinə çevrilib.

Qorxu və inamsızlıq məğlub edilməlidir!

Cəmil Həsənli hansı cəsarətlə, hansı ləyaqətlə kriminal rejimin üstünə gedirsə, biz də o cür, elə cəsarətlə, elə ləyaqətlə bu kişini müdafiə etməliyik. Bu, bizim borcumuzdur. Cəmil müəllim bizim ən böyük düşmənimiz olan biganəliyi məğlub edib. Növbəti mərhələdə qorxu, inamsızlıq məğlub edilməlidir. Kampaniyamızı Cəmil müəllimin başladığı səviyyədə aparmalıyıq".
Əli Kərimli bu günə qədər əldə olunan uğurların böyük əksəriyyətinin Cəmil Həsənlinin birbaşa özü ilə bağlı olduğunu deyərək, qarşıda çox ağır işlər dayandığını bildirdi: “Bu işlərin görülməsi üçün Milli Şura tam səfərbər olmalıdır. Ölkədəki bütün müxalifət, dini kəsim, gənclik, haqqı əlindən alınan insanlar bu fürsəti əldən qaçırmamalıdır. Hamı əlindən gələni edib Cəmil bəyə layiq olduğu dəstəyi verməlidir”.

Qarşıda xeyli iş var

Görüləcək işlər sırasında AXCP sədri bunları sadaladı: “Cəmil Həsənlinin ödənişli əsaslarla televiziyada çıxış etməsinə nail olunmalıdır, on minlərlə insan öz vicdan borcu sayaraq seçkilərdə müşahidəçi missiyasını üzərinə götürməlidir, seçki hesabına ianələr toplanmalıdır, 22 sentyabr mitinqində kütləvilik nümayiş etdirilməlidir, seçki kampaniyası qapı-qapı aparılmalıdır, çoxlu sayda seçki təşviqatı materialı hazırlanmalıdır. Bu ziyalı insan üzərinə məsuliyyət götürüb qısa müddətdə cəsarəti və bacarığı ilə ölkədə siyasi situasiyanı köklü surətdə dəyişib. Indi o dəyişikliklərin nöqtəsini bizlər 22 sentyabr mitinqinin möhtəşəm keçməsilə qoymalıyıq. Biz bilməliyik ki, artıq Cəmil bəy elə bir situasiya yaradıb ki, sadəcə, seçki kampaniyasında iştirakdan söhbət getmir. Cəmil bəy bizim ən böyük düşmənimiz olan biganəliyi məğlub edib, yüzminlərlə, milyonlarla insan atrıq teledebatları gözləyir, bir ay bundan əvvəlki biganəlikdən əsər-əlamət qalmayıb. Biganəlik məğlub olubsa, növbəti mərhələdə qorxu məğlub edilməlidir, inamsızlıq məğlub edilməlidir. Açıq demək lazımdır, Cəmil bəy prosesi elə məqama gətirib çıxarıb ki, Milli Şuranın qələbəsi olduqca real görünür. Ona görə də biz əlimizdən gələni eləməliyik ki, bu fürsət əldən çıxmasın. Bir daha deyirəm, bu insan hansı ləyaqətlə, hansı cəsarətlə, hansı mərdliklə bu kriminal rejimin üstünə gedirsə, bizlərin də vicdan borcumuzdur ki, eyni cəsarətlə, ləyaqətlə bu kişiyə arxa olaq. Hamınızı mübarizəyə səsləyirəm!”.

***

Daha sonra çıxışlarında Milli Şura üzvləri Hacıbaba Əzimov, Əvəz Temirxan, Bəybala Əbil, Eldar Namazov, Sülhəddin Əkbər Seymur Həzi, Vəfa Cümşüdlü, Sahib Kərimli seçki kampaniyası ilə bağlı fikirlərini və təkliflərini səsləndirdilər. 22 sentyabr mitinqinin uğurlu alınması üçün baxışlarını açıqladılar.
Xalqın vahid namizədi
Müsavat başqanı Isa Qəmbər isə çıxışında Cəmil Həsənlinin qısa zamanda siyasi proseslərin liderinə çevrildiyini vurğuladı: “O, son dövrlər etdiyi çıxışları, verdiyi açıqlamaları və son iki debat vasitəsilə xalqın vahid namizədinə çevrildi. Cəmil bəyin çıxışı ilə xalqın bu düşərgəyə olan inamı daha da artdı”.
Isa Qəmbər Milli Şuranın seçki qərargahının fəaliyyəti barədə də danışdı: “Milli Şuraya daxil olan partiyalar, gənclər hərəkatının üzvləri, ziyalılar çox böyük fədəkarlıqla təşviqat kampaniyasıyla məşğul olur. Amma bütün bunlar qələbə üçün yetərli deyil. Gərək biz hakimiyyətin namizədindən iki dəfə çox yox, 5-6 dəfə çox səs toplayaq”.
Isa Qəmbər eyni zamanda, ölkədəki sahibkar təbəqəsinə səsləndi, onlardan seçki kampaniyasına dəstək istədi: “Biz cəmiyyətimizi çox asan seçimə dəvət etmişik. Bu seçim oğru ilə doğru arasındadır. Xalq özü oğru ilə doğrunu o qədər dəqiq tanıyır ki, biz əgər xalqın qapısını döyüb qəlbinə, şüuruna xitab edə bilsək, qələbə qazanacağımıza heç bir şübhəm yoxdur”.

***

Sessiyanın yekununda Cəmil Həsənli Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovla görüşü barədə məlumat verdi. Bildirdi ki, Rüstəm bəyin Milli Şura ilə bağlı heç bir problemi yoxdur.
Bəzi mətbuat orqanlarının yazdığının əksinə olaraq, sonadək Milli Şuranın davamlılığında maraqlıdır, xalqı milli hədəflərinə çatdırana qədər mübarizənin önündə olacaq. Milli Şuranın namizədinin qələbəsi üçün çalışacaq.

Natiq Güləhmədoğlu