Britaniya parlamentinə bağlı Vergi qurumunun bildirdiyinə görə, ata-oğul Əliyevlər 1993-2010-cu illər arasında Azərbaycandan 48 milyard dollar PUL oğurlayıb çıxarıblar. Bu, H.Əliyevin hakimiyətə qayıdışının danılmaz nədən görsənişidir. Bu fakt H.Əliyevin Rusiyanın əlindən çıxmış Azərbaycanı soyub-yağmalamaq üçün ələ keçirdiyini göstərir. Yarımçıq qalmış soyub-yağmalama işini uğurla başa çatdırmaq üçün H.Əliyev yerini yalnız oğluna verib gedə bilərdi, elə də etdi.
Cəmil Həsənli 6 dəqiqəlik çıxışı ilə bu hakimiyətin soyğunçu, xalqa yağı xarakterini açıb ortaya qoydu. O, başlıca olaraq üç oğurluq faktına toxundu: bu hakimiyətin ən yoxsul naziri Ismət Abbasovun 27 yaşlı oğlunun Londondakı 26 milyon dollarlıq mal-mülkü, Əliyevlərin 75 milyonluq Dubay, 48 milyard dollarlıq Vircin oğurluğu. Antimilli rejimin öncül dayaqlarından biri – Əli Əhmədov yalana əl ataraq Cəmil bəyin “yalanını” çıxarmağa çalışdı: “Bunlar Azərbaycana düşmən qəzetlərin uydurmasıdır”.
Əliyevlərin 75 milyon dollarlıq Dubay oğurluğunu dünyanın ən avtoritetli qəzetlərindən olan “Vaşinqton post” açmışdı. Bu qəzetin qarşısında duruş gətirə bilməyəcəklərini bildiklərindən, o çağlar PA sözçüsü Əli Həsənovun dililə bildirdilər: “Prezidentin ailəsi o pulları biznes yoluyla qazanıb. Prezident ailəsinin biznes hüququ var”. Sonralar ortaya bir-birinin ardınca “biznesmen” Əliyevlər ailəsinə bağlı bütün Yer üzünə səpələnmiş milyardlarla dəyərində OĞURLUQ mal-mülk faktları çıxarıldı. Karlovı-Varıda bütöv bir məhəlləni almaqdan tutmuş, London, Mayami mülklərinədək. Xədicə Ismayılovanın araşdırmalarından ortaya çıxan faktlar Əliyevlər ailəsinin Azərbaycanı bütünlüklə özəlləşdirdiyini, özəlləşdirib mənimsədiyini, mənimsəyib məngirlədiyini, məngirləyib mələtdiyini açıq göstərir. Bütün bunlara görə bu gün Azərbaycan – tanınmış aqrar ölkə – taxılı başqa ölkələrdən alır. Ilin başa çatmasına çox qalsa da, Azərbaycan bu il qıraqdan 250 milyon manatlıq taxıl alıb. Dövlət statistika göstəricilərinə görə, getdikcə artan bir templə hər il qıraqdan milyardlarla dollarlıq ərzaq alınır. Bu, Əliyevlər hakimiyətinin Azərbaycana düşmən, kriminal hakimiyət olduğunun ayrıca görsənişlərindəndir.
Ölkəyə böyük axınla gələn neft-qaz pullarından aqrar sektora yüksək ayırmalar yoluyla Azərbaycanı 10 ilin içində aqrar import ölkəsindən aqrar eksport ölkəsinə çevirmək olardı. Olardı, bu yolla da ölkədə gerçək dirçəliş, gerçək yüksəliş baş verərdi, ancaq belədə əliyevlər ailəsi indiki sayaq milyardlara yiyələnə bilməzdi. Bütün qabaqcıl ölkələrdə aqrar sektora uzun sürəli, 1-2 faizli kredit verməklə bu sektorda istər xalqa, istər dövlətə gərəkən yüksək rentabellilik yaradılır. Azərbaycandakı bütün monopoliyaların baş monopolisti olan Ilham Əliyev aqrar sektora krediti ən azı 24 faizlə verirsə, burada hansı dirçəlişdən, hansı rentabellilikdən danışmaq olar? Burada bilərəkdən, planlı olaraq aqrar sektor batırılır, beləliklə, bilərəkdən, planlı olaraq xalqın dirçəlişinə yol verilmir! Əlverişli bank kreditləri, dövlət büdcəsindən yararlı yardım yoluyla əkinçiyə əl tutmaq yerinə, yardımsızlıqla bilərəkdən, planlı olaraq əkinçiniun əl-qolunu bağlayırlar. Beləliklə də, xalqı torpaqdan uzaqlaşmağa, köydən, ölkədən ellik miqrasiyaya yönəldirlər. Bu isə gerçək IŞĞALÇI siyasətidir!
I.Əliyev “regionların sosial-iqtisadi inkişafı” adına rayonlara milyonlarla manat pul ayırır. Çoxu başdan mənimsənən bu pulların qalanı iş adamlarından qoparılan pullarla birgə bayraq meydanlarının, H.Əliyev park-muzeylərinin tikintisinə yönəldilir. Özbəkistanda pambığın satınalma qiyməti 1 manat 40 qəpik, qonşu Iranda da 1 manatdan artıqdır. Azərbaycan əkinçisinin qan-tər bahasına qazandığı pambığı Ilham Əliyev ondan çığırda-çığırda 41 qəpiyə alır. Qonşu Iranda 50 kq-q sement manat yarımdır, Ilham Əliyev 50 kq-q sementi Azərbaycan xalqına 8 manata satır. Görünür, o, satdığı sementi Daşkəsən qızılından düzəlmiş, aldığı pambığı… saman sayır!