“Onun təəssübünü ilhamlara, hafizlərə qətiyyən verə bilmərik, əks halda ölkəmizi nələrin gözlədiyini təsəvvür etmək çətin deyil”
Hazırda siyasi mühacir həyatı yaşayan keçmiş deputat Hüseyn Abdullayev qarşıdan gələn prezident seçkilərilə bağlı Azərbaycan xalqına müraciət edib.
Sabiq millət vəkili “Azadlıq” qəzetinə göndərdiyi müraciətində bu seçkilərin ölkəmiz üçün taleyüklü olduğunu bildirilir, seçiciləri fəal olmağa və Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə etməyə çağırır.
Hüseyn Abdullayev müraciətində yazır: “Bizlər qətiyyən imkan verməməliyik ki, bu gün ölkəmizdə hökm sürən dərəbəylik, qanunsuzluq, cəzasızlıq davam etsin. Xalqımızı, bu seçkilərə biganə qalmayacağına ümüd edib, namizədlər arasında layiqli, daha çox Azərbaycan xalqının mövqeyindən çıxış edən və ürəyi daima türkçülük, milli kimlik eşqiylə döyünən görkəmli ziyalımız Cəmil Həsənliyə dəstək olmağa çağırıram.
Bununla yanaşı, özünə və xalqına hörmət edən hər bir Azərbaycan övladı anlamalıdır ki, ölkəmizin bu çətin tarixi günlərində Cəmil Həsənliyə qarşı yönəlmiş çirkin kampaniyaya etiraz etmək vacibdir. Bizlər heç bir halda Cəmil Həsənlinin təəssübünü bugünkü çürümüş, avtoritar repressiya rejimində təmsil olunan İLHAMLARA, HAFİZLƏRƏ, ƏHƏDLƏRƏ, FƏZAİLLƏRƏ, SİYAVUŞLARA və başqa bunlar kimilərə qətiyyən verə bilmərik. Əks halda yaxın gələcəkdə bizim ölkəmizi nələrin gözlədiyini təsəvvür etmək heç də çətin olmayacaq.
Müstəqil Azərbaycan dövləti şəhid və qazilərimizin bizlərə olan əmanətidir. Oğru, quldur, dövlətin və millətin sərvətini talayanların belə bir dövləti idarə etməyə heç bir mənəvi haqqı yoxdur. Hamınızı 9 oktyabr prezident seçkilərində ümummilli mənafeyimizi nəzərə alaraq, görkəmli alim, ziyalı, heç bir korrupsiyaya bulaşmamış, vətənpərvər bir insan olan Cəmil Həsənliyə səs verməyə çağırıram.
Tanrı millətimizi qorusun!
Tanrı Azərbaycanımızı qorusun!”.