Azərbaycan hakimiyyətinin qarşıdan gələn prezident seçkisi ilə bağlı beynəlxalq təşkilatların müsbət rəyini qazanmaq üçün adı siyasi məhbus siyahısında olan bəzi şəxsləri əfv etmək niyyətində olması barədə məlumat vermişdik. Bildirmişdik ki, əsasən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı Rafiq Əliyev, sabiq səhiyyə naziri Əli Insanov və hüquq müdafiəçisi Ilham Əmiraslanov əfv olunacaq.
Yada salaq ki, Fərhad Əliyevlə Ilham Əmiraslanov seçkidə Ilham Əliyevi dəstəklədikləri barədə bəyanat yaymışdılar. Bildirilir ki, onların azad edilməsi də məhz bununla bağlıdır. Rafiq Əliyev də Fərhad Əliyevin məlum bəyanatına görə əfv siyahısına salınıb. Əli Insanova gəlincə, o, hakimiyyətin heç şərtlərini yerinə yetirməsə də, iqtidar onu azad etməyi məqsədəuyğun sayır. Çünki Avropa Məhkəməsinin Əli Insanovla bağlı qərarı var və gec-tez həmin qərar icra olunmalıdır.
Dünən əldə etdiyimiz məlumata görə, hakimiyyət əfvi seçkidən sonraya saxlayıb. Məlumatlarda bildirilir ki, konkret olaraq Qurban bayramında əfv veriləcəyi gözlənilir. Hakimiyyətin seçki ərəfəsində bu atmamasının səbəbi var. Bildirilir ki, iqtidar sürprizlərlə üzləşəcəyindən ehtiyatlanır. Yəni, hakimiyyətin azadlığa burazılanların özlərini necə aparacağına inamı yoxdur. Digər tərəfdən iqtidar seçkidən sonra beynəlxalq aləmin mənfi rəylərinin qarşısını almağı düşünür. Bunun üçün də əfvin seçkidən sonra verilməsi məqsədəuyğun sayılıb.