“Cəmil Həsənlini tək qoymayacağıq!”

Rüstəm İbrahimbəyov: «İTV-dəki iyrəncliyin məsuliyyəti hakimiyyətin üzərindədir»

Hakimiyyətin Ictimai Televiziyadakı debatlarda Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə qarşı təşkil etdiyi rəzillik ölkədə əsas müzakirə mövzusudur. Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov da “Azadlıq”a açıqlamasında sözügedən olaya münasibət bildirib.

Rüstəm Ibrahimbəyov Milli Şura namizədinə qarşı baş verənləri “vəhşilik” adlandırıb və o cür hərəkət edən insanların seçkidə iştirakının yolverilməz olduğunu vurğulayıb: “O səviyyədə, o tərbiyədə insanı prezident seçkilərinə buraxıblarsa, bu, Azərbaycanda demokratiyanın, seçkinin hansı vəziyyətdə olduğunu göstərir. Cəmil Həsənli kimi ziyalıya qarşı o cür münasibət vəhşilikdir. Bir vaxtlar Əkrəm Əylislinin qulağını kəsənə mükafat vermək istəyən adamın, xalqın gələcəyini müəyyən edəcək bir seçkidə iştirak etməsi ən yumşaq desəm, ayıbdır. Ən pisi budur ki, hakimiyyət də ona dəstək verir. Bu cür təxribatları qəsdən təşkil edirlər ki, Cəmil Həsənlinin qarşısını alsınlar, onun çıxış edib fikirlərini xalqa çatdırmasına imkan verməsinlər. Bu cür təxribatlar çox iyrəncdir və məsuliyyəti də birbaşa hakimiyyətin üzərindədir. Baş verənlər bir daha sübut edir ki, hakimiyyətin ədalətli seçki keçirmək fikri yoxdur”.
Cəmil Həsənli kimi şəxsiyyətlə xalqın, şəxsən özünün fəxr etdiyini deyən Rüstəm Ibrahimbəyov onu da əlavə edib ki, baş verənlərlə əlaqədar Milli Şura qəti addımlar atacaq: “Heç bir halda, Cəmil Həsənlini tək qoymayacağıq. Onun müdafiəsi üçün əlimizdən gələni edəcəyik!”

İlham Hüseyn