Beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri ölkədəki acınacaqlı vəziyyətdən danışdılar
Dünən Isveçrənin Cenevrə şəhərində BMT Insan Hüquqları Şurasının 24-cü sessiyası çərçivəsində Universal Dövri Icmal üzrə Işçi Qrupun Azərbaycanla bağlı hesabatının qəbuluna dair iclas keçirilib.
Müzakirələr zamanı Azərbaycanda insan hüquqlarının vəziyyətilə bağlı müxtəlif ölkə və beynəlxalq təşkilatların nümayəndələri fikirlərini bölüşüblər. “Insan Hüquqları Evi” Fondunun nümayəndəsi bildirib ki, Azərbaycanda ifadə azadlığı ciddi şəkildə məhdudlaşdırılıb. O həmçinin qeyd edib ki, Almaniya Azərbaycana sərbəst toplaşma azadlığının təmin olunmasıyla bağlı tövsiyələr verib və bu tövsiyələrin yerinə yetirilməsi vacibdir.
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının nümayəndəsi də Azərbaycanda sərbəst toplaşma və ifadə azadlıqlarının məhdudlaşdırıldığını vurğulayıb. Qeyd olunub ki, hökumət bundan sonra da məhdudlaşdırma istiqamətində addımlarını davam etdirməkdə israrlı görünür. Bu ölkədə siyasi fəallara qarşı təzyiqlərə ara verilmir.
“Verein Sudvind” təşkilatının təmsilçisi isə Azərbaycanda korrupsiyanın böyük bəlaya çevrildiyini vurğulayıb. Qeyd edib ki, məhz korrupsiya amilinə görə xarici investorların Azərbaycanda fəaliyyəti aşağı səviyyədədir.
“Amnesty International” təşkilatının nümayəndəsi Azərbaycanda xeyli siyasi fəalın, jurnalistin, hüquq müdafiəçisinin həbsdə olduğunu toplantı iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, bu ölkədə insan hüquq və azadlıqları uğrunda mübarizə aparan şəxslərə qarşı hücumlar və hədə-qorxu kampaniyası hər keçən gün daha da güclənir.
“Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatının təmsilçisi Azərbaycanda mətbuatın vəziyyətinin pisləşməsindən danışıb. Bildirib ki, ölkədə prezident seçkisinə az qaldığı bir vaxtda azad mətbuat kritik durumdadır.
Toplantı zamanı Azərbaycan hökumətini xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib. Nazir müavini Azərbaycanda ölkədə insan hüquq və azadlıqları sahəsində ciddi problemlərin olmadığını iddia edib.
Çin, Kuba, Cibuti, Nigeriya, Mərakeş, Malayziya, Pakistan, Filippin, Rusiya, Şri-Lanka kimi dövlətlərin nümayəndələri müzakirələrdə Azərbaycan hökumətinin mövqeyini müdafiə edib.
Informasiya şöbəsi