İlham Əliyevin vəkillərinin yerlərdəki görüşlərinə adamlar niyə gəlmir?
Həqiqət elə bir qüvvədir ki, son anda yalanı məğlub edir. Bəzən insanlar öz çatışmazlıqlarını başqasının üzərində kompensasiya etməyə çalışırlar. Bu mənada mövcud hakimiyyətin siyasətini nümunə göstərmək olar.
Illərdi YAP hakimiyyəti müxalifəti sosial bazasının, elektoratının olmaması ilə ittiham edir. Hətta müxaliftə şəhərin ucqarlarında mitinq üçün meydan verib, sonra bu meydana toplaşan onminlərlə insanı 300-500 nəfər kimi təqdim edirlər. Əslində indiki şərtlər daxilində müxalifətin kütləvi aksiyalarda yüz minlər yığmamasının, əyalət tədbirlərində azsaylı tərəfdarlarla görüşməsinin onlarla səbəbi var. Hakimiyyət bütün resurslarından istifadə edərək rayonlarda müxalifətin tədbirlərinə maneə törədir və nəticədə xeyli insan bu tədbirlərdə iştirak edə bilmir.
Bəs, hakimiyyət düşərgəsində vəziyyət necədir. 600000 üzvü olan partiyanın insan resursu hansı səviyyədədir?
Bu məsələyə aydınlıq gətirmək üçün hakimiyyət mətbuatı ən yaxşı sübutdur. Məsələn, “Yeni Azərbaycan” qəzetinə nəzər salmaqla YAP-ın bölgələrdəki nüfuzunu, elektoratını təyin etmək olar.
Belə ki, YAP Ilham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində Şəmkir, Mingəçevir, Gədəbəy, Gəncə, Daşkəsən, Tovuz, Yevlax, Şabran, Ağstafa və digər rayonlarda görüşlər keçirib və bütün bu görüşlərin fotoları çəkilib. ‘
Müxalifəti insan resursunun olmamasında, yerlərdə tərəfdarlarının az olmasında ittiham edən YAP-ın rayon görüşləri 20-30 adamın iştirakı ilə baş tutub.
Qəzet yazır: “2048 nəfər əhalisi olan Gədəbəyin Qarabulaq kəndində növbəti geniş tədbir keçirilib”. Ancaq görüşlə bağlı fotolarda 30-40 nəfərin əksi görünür.
YAP icra katibi Mübariz Qurbanlının iştirak etdiyi Şəmkir görüşü, YAP Siyasi Şurasının üzvü Musa Quliyevin iştirak etdiyi Gəncə görüşü eyni sayda insanın iştirakı ilə baş tutub.
Əslində, bu yeni hal deyil. Eyni nəticəni seçkilərdə əhalinin səs verməsi zamanı da aşkar etmək olar. Məsələn, 10 min YAP-çının yaşadığı rayonda seçki vaxtı ümumi səsverənlərin sayı 3400 olur. Və yaxud, YAP rəhbərliyinin müsahibələrinin, keçirdiyi görüşlərin oxunma sayına nəzər saldıqda hakimiyyətin cəmiyyətdəki “nüfuz”u məlum olur.
Bir sözlə, YAP-çıların təbliğat kampaniyasında şahid olduq ki, bütün vasitələrdən istifadə edən hakim partiyanın rayon görüşlərinə ən yaxşı halda 40 nəfər gəlir.
Müxalifətin rayon tədbirlərində isə, hakimiyyətin bütün təzyiqlərindən, hədələrindən, süni maneələrindən sonra kifayət qədər insan iştirak edir.
Aydın olduğu kimi qeyri-bərabər döyüşdə belə hakimiyyət üstünlük nümayiş etdirə bilmir.
Və biz hakimiyyətdən fərqli olaraq 10 min adamı 300 nəfər kimi göstərmirik. Sadəcə, real faktları bir daha yada salırıq.
İlham Hüseyn