“Texnikabank” işi üzrə daha bir nəfər xəstəxanaya düşüb

Bankın İdarə Heyəti sədrinin barəsindəki cinayət işi ayrıla və icraat dayandırıla bilər

“Texnikabank” işi üzrə məhkəmənin yekunlaşmasına az qalmış təqsirləndirilən şəxslərdən daha bir nəfərin barəsindəki cinayət işi dayandırılıb, ayrıla bilər. Bu iş üzrə məhkəmə istintaqı yekunlaşıb, artıq prokuror da çıxış edərək, təqsirləndirilən şəxslərə uzunmüddətli həbs cəzası istəyib. Hətta vəkillərin bir qismi də müdafiə nitqilə çıxış edib. Qalan vəkillərin çıxışı və təqsirləndirilən şəxslərin son sözləri qalıb ki, bundan sonra məhkəmənin hökmü bəlli olacaq.

Təxminən iki ay əvvəl işə baxan hakimlərin məzuniyyətə getməsilə əlaqədar məhkəmə prosesi təxirə salınmışdı. Ötən həftə proses davam etdirilərkən məlum olub ki, təqsirləndirilən şəxslərdən biri – “Texnikabank”ın Idarə Heyətinin sədri olmuş Samir Hüseynov səhhətindəki problemlərlə əlaqədar saxlanıldığı Bakı istintaq təcridxanasından Müalicə Müəssisəsinə köçürülüb. Bununla əlaqədar məhkəmə prosesi dünənə qədər təxirə salınmışdı.

Dünən məhkəmə iclası bir neçə dəqiqə çəkib. Arayış verilib ki, Samir Hüseynovun müalicəsi davam edir və o, hələ də Müalicə Müəssisəsindədir. Bununla əlaqədar məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Dünənki məhkəmə prosesində həmçinin təqsirləndirilən şəxslərdən bankın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidovun (AXCP sədri Əli Kərimlinin qaynı-red.) vəkili Fəxrəddin Mehdiyev hakimlərdən ötən məhkəmə iclasında qaldırdığı vəsatətə münasibət bildirilməsini istəyib. Çünki ötən dəfə vəsatət qaldırılarkən bildirilmişdi ki, vəsatət növbəti məhkəmə iclasında müzakirə olunacaq. Vəsatət isə Elnur Seyidovun durumunun ağır olmasıyla bağlı idi. Vəkil bildirmişdi ki, Seyidovun səhhətindəki problemlər onun həyatı üçün təhlükə yaradacaq həddədir və bu, həkim rəylərilə də təsdiqlənir. Ona görə də məhkəmədən Elnur Seyidovun müayinə və müalicəsinə şərait yaradılmasını xahiş etmişdi.

Dünənki məhkəmə iclasında hakim Ramella Allahverdiyeva bildirib ki, proses sadəcə, Samir Hüseynovla bağlı arayışın elan olunması üçün bir neçə dəqiqəlik keçirilir. Ona görə vəsatətə növbəti məhkəmə iclasında münasibət bildiriləcək.

Qeyd etdiyimiz kimi, məhkəmə prosesi isə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Onu da əlavə edək ki, məhkəmə prosesinin gedişində bundan əvvəl təqsirləndirilən şəxslərdən ikisinin – Bankın Müşahidə Şurasının rəhbəri Etibar Əliyev və Yasamal filialının müdiri Azər Cəfərlinin səhhətindəki problemlər əsas gətirilərək, onların barəsindəki cinayət işi ayrılmış və icraat dayandırılmışdı. Azər Cəfərli Kürdəxanı təcridxanasında saxlanılarkən səhhəti pisləşmişdi. Etibar Əliyev isə hələ istintaq müddətində səhhətindəki problemlər səbəbilə barəsində həbs-qətimkan tədbiri dəyişdirilərək, azadlığa buraxılmışdı. Məhkəmənin gedişində isə onun əməliyyat olunduğu haqda arayış təqdim olundu və işi dayandırıldı.

Onu da əlavə edək ki, Samir Hüseynov keçmiş prezident Heydər Əliyevin tərcüməçisi olmuş Rauf Hüseynovun qardaşıdır.

Informasiya şöbəsi