Əli Əhmədovun harın məmurların «vurulacağına» işarə etməsi nəyə hesablanıb?
“Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə, xüsusilə də ayrı-ayrı sahələrdə münasibətləri tənzimləyən mexanizmlər təkmilləşdikcə bu harınlama ehtimalları azalacaq. Mən buna inanıram.
Bəlkə də gələcəkdə, irəliləyən illərdə harın məmurların sayı indikindən əhəmiyyətli dərəcədə azalacaq. Daha doğrusu, məmurun ona verilən səlahiyyətlərə görə harınlamaq şansı əlindən alınacaq”. Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov virtualaz.org saytına müsahibəsində deyib.
Əvvəla, Əli Əhmədov bununla etiraf edib ki, Azərbaycan hakimiyyətində harınlamış məmurlar var və özü da onların sayı az deyil. Hər halda Əli Əhmədov onların sayının çox az olduğunu düşünsəydi “harın məmurların sayı indikindən əhəmiyyətli dərəcədə azalacaq” fikrini səsləndirməzdi.
Ikincisi, YAP icra katibinin bu fikirləri göstərir ki, hakimiyyət daxilində vəziyyət xeyli qarışıqdır. Hakimiyyətdə təmsil olunanların hər biri hansısa qruplaşmaya daxildir. Məhz bu baxımdan hansısa məmurun tutduğu vəzifədən azad edilməsi o qədər də asan deyil. Harınlamış məmurlar isə daha iri qruplarda təmsil olunanlardır, yaxud elə qruplaşma rəhbərləridir. Onların “vurulması” isə hakimiyyətdə ciddi təlatümlərə səbəb ola bilər. Lakin görünür, seçkidən sonra hansı qruplaşmanın bitirilməsi qərarı var. Ona görə də Əli Əhmədov bu barədə həvəslə danışır. Yaxud da bu, sadəcə seçkiqabağı blefdir.