Media Hüquqları Mərkəzi (MHM İB gənclər arasında Azərbaycanda insan haqları problemlərinə həsr olunmuş qısametrajlı filmlərin çəkilişini başa vurub.
Təşkilat ABŞ-ın Demokratiyaya Milli Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində gənclər arasında Azərbaycanda insan haqları problemlərinə həsr olunmuş qısametrajlı filmlərin çəkilişini gerçəkləşdirib.
Ötən gün “Park İnn” otelində keçirilən təqdimat mərasimində çəkilən filmlər ictimaiyyətə təqdim olunub. Fəaliyyətin gerçəkləşdirilməsində məqsəd gənclərin ölkədə vətəndaşların fundamental təməl haqları problemlərinin məhz gənclər tərəfindən gündəmə gətirilməsi, onların nyu-media vərdişlərinin inkişaf etdirilməsi, intellektual səviyyələrinin artırılması, cəmiyyətə inteqrasiya prosesinə dəstək olmaq olub. Filmərin hazırlanmasına universitet tələbələri, gənclər təşkilatlarının təmsilçiləri və aktiv gənclər cəlb olunub. Ərsəyə gətirilmiş filmlərdə Azərbaycanda aktual problemlər – əsgər ölümləri, söz və ifadə azadlığı, seçki hüququ, siyasi hüquqlar, neft gəlirlərindən əldə olunan vəsaitlərin ədalətli və şəffaf bölgüsü, qadın hüquqları, sosial hüquqlar və ümumilikdə ölkədə cərəyan edən ictimai-siyasi proseslərə həsr olunub.
Tədbirdə Azərbaycandakı beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyətinin təmsilçiləri, insan haqları müdafiəçiləri, gənclər və mətbuat təmsilçiləri iştirak edib. Öncə filmlər nümayiş olunub. Sonra ekspertlər tərəfindən filmlərin dəyərləndirilməsi ilə bağlı təkliflər, rəylər, tövsiyyələr, iradlar səsləndirilib. Sonra söz filmlərin müəllifləri gənclərə verilib. Gənclər onlara yaradılan imkan və şəraitə görə, MHM-ə minnətdarlıqlarını bildiriblər.
Filmlərin müəllifləri Atilla Cavid, Elvin Elxan, Nazlı Pəncəliyeva, Aynur Zərrintac, Emil Bağırov, Könül Yazar, Nuron Məmmədov, Məhəmməd Səməd, Gülnur Novruzova və Gunay İlyasovadır.
Ramin