Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev “Media forum”a açıqlamasında 22 sentyabr aksiyasına hazırlıqların başa çatdığını deyib: “Sentyabrın 19-da mitinq komitəsinin yığıncağı oldu. Bütün məsələlər müzakirə edildi. Artıq proqram bəllidir. Bir neçə xırda məsələnin həlli qalıb”.
Milli Şuranın mitinqi “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı stadionda olacaq.
Asəf Quliyev deyib ki, mitinqin aparıcısını müəyyənləşdirmək Müsavat Partiyasına həvalə olunub: “22 sentyabr mitinqinin xarakteri fərqlidir: prezidentliyə namizədimizlə görüş olacaq. Cəmil Həsənlinin və daha 2 nəfərin çıxışı nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən məktubda mitinqdə 10 min nəfərə yaxın insanın iştirak edəcəyini bildirmişik. Amma mitinqdə 10 mindən çox insanın iştirak edəcəyini proqnozlaşdırırıq”.